Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini Nigar Sultanlı
Bu gün Ukraynanı xilas etməklə bir çox dövlətlərə əməli ilə "təhlükəsizlik təminatı" verən Zelenskinin hakimiyyətə gəlişi vaxtı ilə çox müzakirə və mübahisələrə səbəb oldu. Dünya liderlərinin ironiyasına tuş gələn "aktyor" Zelenski illərlə dövlət məmuru olmuşlara, siyasətçilərə, nazirlərə, prezidentlərə əsl lider olmanın dərsini verdi.
Dönəmin siyasi hadisələri bizlərin vətəndaş mövqeyini aktiv etməklə yanaşı, müşahidə və təhlil qabiliyyətimizi də artırır. Elə bu baxımdan dünyanı titrədən Rusiya-Ukrayna savaşından yan keçmək mümkün deyil. Bəşəriyyəti dərin və daha geniş məcrada fəlakətə sürükləyən Rusiya totalitar rejimi genetik işğalçı sindromuna hələ də sadiq qalır, dəyişmir, hətta xəstəliyi gündən-günə kritikləşir.
Hazırda diqqətimiz iki lider üzərindədir: Volodimir Zelenski və Vladimir Putin.
Volodimir Zelenskinin ixtisasca hüquqşünas və aktyordur. Bizlər onu filmlərdən tanıdıq. Aktyor kimi çox sevdikmi? Bəli, müəyyən qədər sevilirdi, rəğbət qazanmışdı. Lakin səhnədə şedevr yaratmamışdı.
Adətən aktyorların əksəriyyəti isteroid psixotipinə, xarakterinə mənsub olurlar. Lakin digər peşələrdə də uğur qazanırlar. İsteroidlər peşəsindən asılı olmadan həyatda çox uğurlu oynamağı bacaranlardır.
Biz Zelenskinin isteroid olduğunu iddia etmirik, əsla!
Onun yaratdığı əsl "şedevr" isə bu gündür.
Profaylinq sistemində (insan tanıma sənəti) əsl lider xarakterli tiplər paronayal psixotipidir. Bu psixotiplər hədəfyönlü, hömkranlıq etməyi sevən, statusa önəm verən, riskdən çəkinməyən, manipulyasiya qabiliyyəti yüksək olan, yeri gəldikdə xalq dilində danışmağı bacaranlardır. Əlbəttə, saydıqlarımız müsbət keyfiyyətlərdir. Bir liderə isə yaraşan məhz bu xüsusiyyətlərdir. Lakin incə məqam niyyətdir. Bu keyfiyyətləri daşıyıb, dünyanın altını üstünə çevirməyə cəhd edən bir neçə paronayal liderlər də olub ki, bəşər tarixində dəhşətli müharibələrin, cinayətlərin, işgəncələrin müəllifləridir. Onlardan bu gün də var.Hazırda bütün dünyanın qınaq obyekti olduğu üçün deyil, həqiqətən əsrlərlə bir dövlətin niyyətinin ana xətti işğal və istismar etməkdirsə qonşu dövlətlərin daim təhlükədə olmağı qaçılmazdır.
Vladimir Putin ixtisasca hüquqşünasdır. Aktyor olmasa belə, illərdir, "sülhməramlı", "müttəfiq" rolunu məharətlə ifa edir. Psixologiyada belə bir tezis var: hər neqativin altında bir pozitiv niyyət gizlənir. İzahının hərfi və məcazi mənaları çox genişdir. Nəticə etibarı ilə sonuc pozitivdir. Rusiya dövlət adamlarının siyasətində isə bu tezis əksinə işləyib. Hər pozitiv niyyət kimi göstərdiklərinin altında çox böyük neqativ niyyət gizlədilib. Elə bizim ərazimiz üzərində bağladıqları "sülh" müqavilələri kimi.
İnsanlar yaşadıqları sürəc boyu müxtəlif kimliklərdə olurlar: ana, ata, bacı, övlad, müştəri kimliyi, peşə kimliyi və s. Yəni hər kimlikdə fərqli davranış sərgiləyirik. Anamızla davrandığımız kimi müdirimizlə davranmırıq. Hər kəsin mövqeyinə, statusuna uyğun hərəkət etmək insan üçün qanunauyğunluqdur. Qısacası, demək hər kəs bu həyatda etiraf etsə və etməsə belə "oynayır". Yetər ki, rollar doğru seçilsin.
Zelenskini aktyor olduğu üçün ciddiyə almayanlar bu gün onu ayaqda alqışlayır. Ali niyyət, ali məqsəd onu ucaltdı. Dünyanın saysız millətləri, xalqlarının lideri bu gün üçün məhz odur, Volodimir Zelenski!