"Akkord" şirkətinin qurucusu olduğunu deyən iş adamı İlqar Hacıyevin "Azad Söz" kanalındakı müsahibəsini dinlədim.
Əslində yeni bir şey demir. Hamınızın bildiyi həqiqətləri bir daha dilə gətirir. Bu hakimiyyətin rüşvətxor, korrupsioner, oğru olduğunu söyləyir. İş adamlarının başına açılan oyunlar, sərvətlərinin əlindən alınması və s.
Amma nə zaman danışır? Öz başına gələndən sonra. Yəni hamı hər şeyi görür, bilir, amma və lakin öz başına gələndən sonra dillənir, həm də xarici ölkələrin birindən.
Anlaşılandır, çünki nə qədər zərərçəkən olsalar da, bu oğru, rüşvətxor dedikləri şəxslərin siyasi cəhətdən güclənib, hakimiyyəti əllərində saxlamağa zamanında cani-dildən dəstək veriblər və elə bu səbəbdən onlar qədər məsuliyyət daşıyırlar.
Deyir "maşınımda gətirirdim rüşvəti".
Deməli, sənə toxunmasaydılar, hələ də o rüşvəti daşıyanlardan biri idin.
Nə isə, bu barədə çox söz deməyə gərək yoxdur. Mənim sözüm özünü milliyətçi, demokrat hesab edən iş adamlarınadır. Bir çoxunuzu tanıyıram, oturub çay içmişik, yemək yemişik, sizləri dinləmişəm. Hamınız Atatürkçü, Rəsulzadəçi, cümhuriyyətçi, milliyətçi, demokrat olmağınızdan danışmısınız. Çox gözəl, çox pakizə.
Amma bu yolda gedən hansı siyasət adamına dəstək vermisiniz və ya yanında durmusunuz?
Özünə demokrat, milliyətçi deyən iş adamları müxalif siyasətçiləri görəndə bu hakimiyyətin qanunsuz əməllərindən danışır, gömrük və vergidən şikayət edir, avtotarizmdən gileylənirlər, amma ertəsi gün görürsən ki, diktator dediyi hakimiyyətin polis rəisi ilə yeyib-içir, "dostum, qardaşım" deyib, qulluğunda durur.
İndi bu demokrat, milliyətçi iş adamına desən ki, tanış bir kasıb ailənin uşağının bir illik təhsil haqqın ödəsin, onun da atası illərdir, bu hakimiyyətə müxalif olub, bu üzdən işsizdir, deyəcək "qardaş, vallah vergidən gəlmişdilər, vəziyyət yaman pisdir".
Əslində mən bir partiya rəhbəri olaraq, bunları yazmamalıyam. Niyə yazıram? Çunki üzərimizdə çox məsuliyyət var. Və açıq deyilməlidir ki, təkbaşına fəaliyyət bizi bir nəticəyə aparmaz. Necə ki, 28 ildir, aparmır.
Bu ölkədə öz zəkası, əməyi ilə iş adamı olan şəxslər az saydadır. Bizdə biznesmen deyəndə göz önünə nazirlər gəlir həmişə. Amma bu az sayda olan iş adamlarına səslənirəm: baxın, "Akkord"un qurucusuna yaxsı baxın və kənarda durub, siyasət adamlarını qınamayın.
Sizə kimsə "gəlin, siyasi partiya üzvü olun, siyasətlə məşğul olun" demir.
Amma ölkəni rüşvətdən, oğurluqdan, gənclərin ümidini əlindən alan bu hakimiyyətdən qurtarmaq istəyən siyasətçilərə, partiyalara dəstək olun. Yoxsa, elə o rüşvət daşıyan iş adamı qədər suçlu olacaqsınız və bir gün növbə sizə gələcək.
Unutmayın, hər kəs vicdanı qədərdir!
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli