Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, teatr və kino aktyoru, rejissor, xalq artisti, professor Həsənağa Turabovun anım günüdür.
Həsənağa Turabov 24 mart 1938-ci il tarixində anadan olub. O, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini aktyor sənəti ixtisası üzrə bitirərək, 1960-cı ildən ömrünün sonunadək Azərbaycan Milli Dram Teatrında çalışıb. Fəaliyyətinə aktyor kimi başlayan H.Turabov 1987-2001-ci illər ərzində teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışaraq, milli teatr sənətinə böyük xidmətlər göstərib.
Adətən Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edən sənətkar, səhnədə lirik-psixoloji üslubu ilə seçilib.
Azərbaycan kinofilmlərinin ən sevilən və seçilən siması olan aktyorun yaratdığı obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy müsbət və ya mənfi obraz olaraq deyil, məhz Azərbaycan kişisində "Bəy" kimi duruşun əzəmətini özündə əks etdirib.
"Axırıncı aşırım", "Qəm pəncərəsi", "Sevinc buxtası", "Dantenin yubileyi" və onlarla bədii filmlər H.Turabovun yaddaqalan obrazları ilə zəngindir. Eyni zamanda rejissor olaraq da uğurlu işləri sənətkarın geniş yaradıcılıq imkanlarından xəbər verir.
Uzun illər gənc nəsillərin yetişməsində müstəsna xidmətləri olan professor H.Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərərək, özünəməxsus sənətkarlıq məktəbi yaratmağa müəssər olub.
Sevilən sənətkar Həsənağa Turabov 23 fevral 2003-cü il tarixində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası dəyərli sənətkar Həsənağa Turabovun xatirəsini dərin sayğı ilə yad edir.