Adətən, yazıçıların bir qəhrəmanı başqa adla, başqa əsərdə peyda olur.
Biz bu obrazı görəndə yadımıza onu yaradan yazıçının, rejissorun əvvəlki əsərlərini, əvvəlki filmlərini xatırlayırıq. Hərdən adama elə gəlir ki, aktyor Hacı İsmayılov bütün filmlərində eyni obrazı canlandırır, dünyaya eyni gözlə baxır, bütün filmlərdə eyni adamdır: sadəlövh, fağır, mağmın.
Xalq artisti özü bunu belə izah edir: “İstər-istəməz oynadığımız rolun təsiri altına düşürük, o obrazla yaşayırıq. Səhnədə, səhnədən kənarda, həyatda. Mənə ən çox Mustafanın ruhu təsir göstərib.
Yadımdadır ki, “Ad günü” filminin ssenarisini mənə verəndə onu birnəfəsə oxudum və elə bil içimdə nəsə dəyişdi. Sanki Mustafanın ruhu mənim bədənimə köçdü. İnsanlara başqa cür baxmağa, onları başqa cür görməyə başladım. Sonrakı illərdə Mustafanın ruhu həyatda da, filmlərdə də mənimlə oldu. Mustafa kimi yaşamağa, hərəkət eləməyə çalışırdım.
Deyirlər ki, Mustafa tez aldanandı, yox, sadəcə təmizdir, səmimidir, ehtirama layiqdir. İnsanın insan olmaqdan başqa çarəsi yoxdur. Mən yaxşılığa doğru, işığa doğru getməyi üstün tutaram, nəinki qaranlığı, qapanmağı...”
Hər zaman yaxşılığa və işığa doğru yürüyən dəyərli incəsənət adamı - "kinomuzun sadəlövh Mustafası"nın bu gün 78 yaşı tamam olur.
Azərbaycan Yüksəliş Partiyası Hacı İsmayılovu doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır.