Son aylarda Azərbaycan cəmiyyətinin qarşısına çıxan ən ağrılı məsələlərdən biri də ölümlərin, intiharların və zorakılıq hallarının artmasıdır. İlyarımdan çoxdur ki, dünyanın bəlasına çevrilən koronavirusun tüğyan etməsi, insanların onsuz da pis olan sosial vəziyyətini dözülməz hala gətirməkdədir. Vətəndaşların maddi vəziyyətinin çətinləşməsi təkcə onların yaşam şərtlərini ağırlaşdırmır, həm də daha ciddi problemlərə yol açır. Ən elementar sosial qayğılar içində çabalayan insanların mövcud şəraitdən, həyata keçirilən sosial siyasətdən narazılığı onlarda psixoloji problemlər yaradır. Bunun nəticəsidir ki, az qala hər gün ailədaxili konfliktlər və ağır maddi vəziyyətdən yana ölüm, intihar, həmçinin zorakılıq hadisələr barədə eşidirik. Xüsusilə qadınlara qarşı bu cür cinayət əməlləri tez-tez baş verir. Sonuncu belə qurban Sevinc Məhərrəmova oldu. Əri tərəfindən işgəncələrə məruz qalmış bu qadının faciəsi hamını sarsıtdı. Başına gətirilmiş hadisə barədə lazımi orqanların məlumatı olsa da, zavallı qadın qorunmadı və sonda böyük bir faciə yaşandı - qadın əri tərəfindən qətlə yetirildi. Belə dözülməz hadisələr isə bitib-tükənmək bilmir. Təkcə qadınlara deyil, bütünlükdə ölkə insanına qarşı həyata keçirilən siyasət sanki böyük bir məkrli planın gizli hissəsidir. Hakimiyyət orqanları bu barədə ciddi düşünməlidir. Xalqı maddi sıxıntılarla imtahana çəkmək, onun hissləri ilə oynamaq və nəticə etibarilə psixikasını pozmaq, sözün əsl mənasında düşmənçilikdir və buna son qoyulmalıdır. Hakimiyyətin sosial siyasəti dəyişdirilməsə, bizi qarşıda daha böyük faciələr gözləyir.
Ehtiram İlham Azərbaycan Yüksəliş Partiyası Başqanının humanitar məsələlər üzrə müavini