Azərbaycanın tanınmış teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin anım günüdür.
H.Xanızadə 5 iyun 1941-ci il tarixində anadan olub. 1950-ci illərin sonunda indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 1961-ci ildən isə artıq Akademik Dram Teatrında aktyor kimi çalışmağa başlayıb.
İstedadlı aktyor H.Xanızadə oynadığı bütün rollara özünəməxsus çalar qatırdı. Onu xatırlayarkən ilkin olaraq yada Topal Teymur düşür.
"Dəli yığıncağı", "İblis", "Ölülər", "Atabəylər" və bir çox tamaşaların əsas qəhrəmanı olmuş, yüksək sənətkarlıq nümayiş etdirmişdi.
H.Xanızadə 1970-ci illərdən filmlərdə aktyor kimi yer alıb, müxtəlif rollar yaradaraq tamaşaçı rəğbəti qazanıb. Son çəkildiyi filmlər sırasında "Qətl günü" və yaratdığı Sədi Əfəndi obrazı diqqət çəkir.
Qanlı yanvar hadisələri ona olduqca ağır təsir edir. Möhkəm sarsıntı keçirən aktyor 3 fevral 1990-cı il tarixində dünyasını dəyişir.
Azərbaycan Yüksəliş Partiyası istedadlı aktyor, sevilən sənətkar Hamlet Xanızadənin xatirəsini hörmətlə yad edir.