Azərbaycan Demokratik Respublikasının qurucularından biri, türkçülük ideyalarının inkişafında, millətinin maariflənməsində böyük xidmətləri olan Əhməd Ağaoğlunun anım günüdür.
Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Şuşada anadan olub.
Ali təhsilni öncə Peterburqda, daha sonra 1888-ci ilin yanvar ayında Parisdə davam etdirir. Fransız dilini öyrənib, Sorbonna Universitetinin Şərq dilləri fakültəsində mühazirələrə qatılır, eyni zamanda hüquq fakültəsində oxuyur. Əhmədin dərslərinə ciddi yanaşması, fövqəladə istedadı professorlarının diqqətini çəkir, tezliklə o, Parisin aydın salonlarına yol tapır, məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Renanın dinlərin tarixi haqqında yazdığı əsərlər gənc Əhməd bəyin diqqətini çəkir, onun protest ruhunu qıcıqlandırır.
Renanın dinlərin tarixi və onun toplum həyatında rolu haqqında əsas tezislərini təqdir edən Əhməd bəy, ortodoks İslamdan fərqli olaraq şiəliyin inkişafa meylli, yalnız farslara xas məzhəb, hətta din olduğu tezisini müdafiə məqsədilə “La Société persane” (“Fars toplumu”) ümumi başlıqlı, yeddi bölümdən ibarət məqalələrini 1891-ci ildə “La Nouvelle Revue” dərgisində, 1892-ci ildə isə “Confession du derviche” (“Dərvişin tövbəsi”) adlı məqaləsini başqa bir jurnalda dərc etdirir. Elə həmin il Şərqşünasların XIX Beynəlxalq Konqresində şiəliyin məzdəkçi kökləri haqqında məruzə edir.
Sorbonna Universitetinin Şərq dilləri və hüquq diplomları ilə vətənə dönən Əhməd bəy yolüstü dörd ay İstanbulda qalır. Burda Osmanlının bir sıra görkəmli aydınları və dövlət adamları ilə görüşür, Şeyx Cəmaləddin Əfqani ilə bir araya gələrək, siyasi-ideoloji məsələləri müzakirə edir. Əli bəy Hüseynzadə onu İttihad və Tərəqqi Komitəsinin liderləri ilə tanış edir. Bu görüşlər Ə.Ağaoğlunun dünyagörüşünün dəyişməsində mühüm rol oynayır.
Qafqaza qayıdan Ağaoğlu, bir müddət Tiflis gimnaziyasında müəllim işləyib, yerli qəzetlərlə əməkdaşlıq etdikdən sonra “Məşriğ” (Şərq) adlı türkcə qəzet çıxarmaq üçün müraciət etsə də, hakimiyyətdən rədd cavabı alır. Həmin illər “İslama görə və İslam aləmində qadın” və “İslam və axund” əsərlərini yazır. Bu əsərlərində İslamda islahat aparmağın, onu savadsız mollaların inhisarından qurtarmaq və günün tələblərinə uyğunlaşdırmağın, sünni-şiə ixtilaflarına son qoymağın, qadına layiq olduğu yeri verməyin vacibliyindən danışır. Və hesab edirdi ki, “Türk qadınını aşağılayaraq Türk həyatiyyət və mədəniyyətinin gəlişməsi və iləriləməsinə əngəl olan qüvvə o köhnə və çürük İran mədəniyyətidir”.
Əhməd bəy Ağaoğlunun həmin dövrdə yazdığı “Bizim millətçilər” adlı digər məqaləsi isə onun “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz, onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”, - kimi fikirləri ilə zəngindir.
1905-ci ildə Ə. Ağaoğlu Ə. Hüseynzadə ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin öz vəsaiti hesabına təsis etdiyi “Həyat” qəzetinin redaktoru olur. O, artıq ideoloji həyatda başlayan fəal fikir çatışmalarının tam mərkəzində yer almışdı. Belə ki, Ə.Ağaoğlu millətçiliyin gərəkliyi mövzusuna qayıdıb “Millət və millətçilik” başlıqlı dörd hissədən ibarət məqalə yazır. O yazırdı ki, hər fərdin ömründə olduğu kibi, bir millətin ömründə də dövrələri var. Bu dövrələri keçmək məcburi bir əməldir. Daha sonra müəllif Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və: “... cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!” deyə bildirirdi.
O, millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət adlandırırdı: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”.
Əhməd bəy Ağaoğlu 1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni daşnaklarının iç üzünü açıb göstərir. Qafqaz canişininin milli qırğınların kəskinləşməsi ilə bağlı 1906-cı il fevralın 20-də Tiflisdə çağırdığı “barışdırıcı qurultayda” Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə iştirak edən Ağaoğlu Azərbaycan tərəfinin proqramını bəyan edir. O, qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün “Daşnaksutyun” partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini tələb edir.
Lakin qurultay heç bir nəticə vermir, əksinə 1906-cı ildə erməni daşnaklar Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımlar törədirlər.
1909-cu ildə Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət etməyə məcbur qalır.
Türkiyədə “Türk yurdu” jurnalının yaradıcılarından, “Türk Ocağının” (1911) dörd qurucusundan biri olur. 1912-ci ildə isə “Tərcümani-həqiqət” qəzetinin nəşrinə başlayır, Əli bəy Hüseynzadə, Ziya Gökalp, Yusif Akçura, Həmdullah Sübhi, M.Ə.Yurdaqul və digər əqidə dostları ilə birlikdə türkçülüyün elmi-nəzəri əsaslarının hazırlanması üzərində çalışır.
Mühacirət həyatının üçüncü ilində - 1912-ci ildə Afyon Qarahisardan Osmanlı parlamentinə deputat seçilir, Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsində iştirak edir. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi olur, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə Rusiya imperiyasında yaşayan türk xalqlarının dözülməz vəziyyəti ilə bağlı ABŞ Prezidenti V.Vilsona təqdim olunan müraciəti imzalayır.
Əhməd Ağaoğlu Azərbaycana bir də 1918-ci ildə, xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi qayıdır. 1918-ci il iyunun 17-də Əhməd bəyin təklifi ilə Milli Şura yeni hökumət təşkil etməyə və özünün bütün səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Ənzəlidəki ingilis işğal qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün göndərilən xüsusi nümayəndə heyətinə başçılıq edir. Eyni zamanda həmin il dekabrın 28-də ADR parlamenti tərəfindən Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibinə salınır. İngilis işğal qüvvələri İstanbulda Əhməd bəyi “türk jurnalisti və Türkiyə parlamentinin deputatı” kimi təqsirləndirərək həbs edirlər və o, 1919-cu ilin mayında İttihad və Tərəqqi Partiyasının rəhbərləri ilə birlikdə Malta adasına sürgün olunur. Bir müddətdən sonra - 1921-ci il mayın 28-də sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdiriləndə Ə.Ağaoğlu da İstanbula qayıdır və dərhal Anadoluya gedərək Qurtuluş Savaşına qoşulur. Daha sonra Ankaraya gəlir və Atatürkün başçılıq etdiyi Ankara hökumətinin mətbuat baş müdiri kimi milli hökumətin çap-təbliğat işinə rəhbərlik edir, həm də “Hakimiyyəti-Milliyə” qəzetinin redaktoru olur.
Əhməd bəy Ağaoğlu Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilir, eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur.
Əhməd bəy bir çox əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir.
Qadın hüquqlarının qorunması məsələlərini önə çəkən Ağaoğlu ömrünün sonunadək bu fikirləri təbliğ edir, bu yolda əməyini əsirgəmirdi.
Həyatının son illərində Əhməd bəy “Mədəniyyət Həftəsi” və “İnsan” jurnallarında, “Cumhuriyyət” qəzetində silsilə yazılar yazaraq fəaliyyət göstərir.
Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da İstanbulda vəfat edir və orada da dəfn olunur.
Azərbaycan Yüksəliş Partiyası Azərbaycan siyasi fikrinin görkəmli nümayəndəsi, türkçülük ideyasının əsasını qoyan ideoloqlardan biri, Cümhuriyyət dövrünün fəal ictimai xadimi Əhməd Ağaoğlunun xatirəsini dərin sayğı ilə yad edir.