Böyük istiqlal şairi Əhməd Cavadın anım günüdür.
Adı Azərbaycanın azadlığı uğrunda mübarizənin görkəmli insanları ilə bir yerdə çəkilən Əhməd Cavadın bütün həyatı və yaradıcılığı milli məfkurəyə və istiqlal ideyasına həsr olunub.
1892-ci ilin 15 mayında Şəmkirdə dünyaya göz açan Ə. Cavad Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olan Əhməd Cavadın "Qoşma" adlı ilk kitabı 1916-cı ildə Bakıda nəşr olunub.
Hələ 20 yaşında könüllü şəkildə cəbhəyə yollanaraq balkanlara qarşı türklər tərəfində döyüşlərə qatılıb. 1914-cü ildə Məhəmməd Əmin Rəsulzadənin naşiri olduğu "Açıq söz" qəzetində müxbir kimi fəaliyyətə başlayan Ə. Cavad bir müddət Acarıstanda çalışıb. O, özünün məşhur "Çırpınırdın, Qara dəniz" şeirini də burada qələmə alıb. 1918-ci ildə Üzeyir Hacıbəylinin həmin şeirə bəstələdiyi türkü bütün Türk dünyasında ən sevilən mahnılardan biri olub. Uzun illər Türkiyədə populyar olan "Çırpınırdın, Qara dəniz " türküsünü deyilənə görə, böyük Atatürk də çox sevərmiş.
Üzeyir bəyin bəstələdiyi Azərbaycan Xalq Cümhuriyyətinin himni olan "Milli Marş"ın sözləri də Əhməd Cavada məxsus olub.
Bolşevik işğalından sonra milli ruhlu insanlara qarşı yeridilən repressiya siyasəti Ə. Cavaddan da yan keçməyib. Sovet dönəmində yazdığı bir sıra əsərlərə, xüsusilə "Göygöl" şeirinə görə Əhməd Cavada qarşı illər uzunu davam edən təzyiqlər dözülməz həddə çatıb. Qanlı 1937-ci ildə həbs olunan şair həmin il oktyabrın 12-dən 13-ə keçən gecə güllələnib.
Azərbaycan Yüksəliş Partiyası istiqlal nəğməkarı, himnimizin müəlliflərindən biri olan Əhməd Cavadın xatirəsini əziz tutur, ruhu qarşısında böyük sayğıyla baş əyir.