İnsanlar yeməyə daha çox pul xərcləyirlərsə, deməli daha da yoxsullaşıblar
“Əhalinin iqtisadi rifahını bir neçə amil müəyyənləşdirir və onlardan biri də ərzağa xərclənən puldur. Haqqında danışdığımız əsas ehtiyaca əvvəlki dövrlə müqayisədə xeyli çox vəsait xərclənirsə, bu, əhalinin yoxsulluq səviyyəsinin daha da yüksəlməsindən xəbər verir”.
Bunu Azərbaycan Yüksəliş Partiyası başqanının iqtisadi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirib.
O, bu günlərdə Dövlət Statistika Komitəsinin ölkə vətəndaşlarının qazanclarının 55 faizini ərzağa xərclədiyi barədə açıqlama yaydığını xatırladıb: “Bu isə o deməkdir ki, hökumət Azərbaycan əhalisinin orta səviyyədən də kasıb yaşadığını etiraf edir. Çünki dünyada bu göstəricilər belə müəyyənləşdirilib ki, əhalisinin bütün xərclərinin 60%-dən çoxunu ərzaq məhsullarına xərcləyən ölkə beynəlxalq miqyasda qəbul olunmuş standartlara görə, son dərəcə kasıb ölkə sayılır. Ərzaq xərclərinin payı 40-50% olan ölkələrdə əhalinin həyat səviyyəsi orta səviyyədən aşağı xarakterizə olunur. Ərzaq xərclərinin payı 30-40% civarında olan ölkələr orta səviyyəyə uyğun, ev təsərrüfatlarının ərzaq xərclərinin gəlirlərdəki payı 20% və ya daha az olan ölkələr isə zəngin sayılır.
Hökumətin özünün açıqladığı rəqəmə (55%) görə, Azərbaycan əhalisi orta səviyyədən də kasıb yaşayır. Nəzərə alsaq ki, ölkəmizdə hökumətin açıqladığı rəqəmlərə etibar yoxdur, o zaman bu qənaətə gələ bilərik ki, Azərbaycan insanı hər ay qazandığı pulun 65-70 faizini təkcə ərzağa xərcləyir. Bu isə ciddi yoxsulluq səviyyəsi deməkdir”.
Rəşad Bakuvinin sözlərinə görə, ümumiyyətlə əhalinin rifahının müəyyən edilməsi məşhur iqtisadi "Engel qanunu"na əsaslanır. Qanuna əsasən, ərzaq üçün nəzərdə tutulan xərclər uzunmüddətli istifadə olunan mallar, o cümlədən səyahət və ya yığımlardan ötrü nəzərdə tutulan xərclərdən daha az dərəcədə artır: “Yəni gəlir artdıqca ərzaq xərcləri azalır, daha çox ikinci dərəcəli şeylərə - xidmətə olan xərclər artır. Qida məhsulları istehlakının strukturu isə zamanla daha keyfiyyətli məhsullara doğru dəyişir. Belə olduqda, gəlirlərin artımı əmanətlərin və yüksək keyfiyyətli mal-xidmətlərin istehlakının payının artmasına, keyfiyyətsiz malların istehlakının isə azalmasına və ya əksinə səbəb olur.
Azərbaycanda haqqında danışdığımız bu qanun necə işləyir? Ümumiyyətlə işləyirmi? Təəssüf hissi ilə qeyd etməliyik ki, aparılan yanlış iqtisadi siyasət, vergi və gömrük yükünün, o cümələdən digər yığımların biznes subyektləri üzərində ağırlığı, kommunal xərclərin çoxluğu, yanacağın qiymətinin adekvat olmaması, bunların nəticəsində bahalaşmanın tüğyan etməsi və bu gün gəldiyimiz nəticə ürəkaçan deyil o mənada ki, ölkə əhalisinin gəlirləri ilə bazar qiymətləri arasında ağlasığmaz dərəcədə uçurum var. Xərclər o qədər artıb ki, insanlar heç nəyə pul çatdıra bilmir və bu, əhalinin sağlam həyat tərzinin təhlükə altına düşdüyünə dair həyəcan siqnalıdır. Əvvəlki dövrlərlə indiki dövrü müqayisə etsək və görsək ki, bu gün insanlar faiz nisbətilə ərzağa daha çox pul xərcləyirlər, deməli bu, alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü, yəni əhalinin yoxsullaşdığını göstərir”.
Rəşad Bakuvi qeyd edir ki, insanların rifahını şərtləndirən ikinci amil əhalinin ümumi gəlirlərinin necə və nəyə bölüşdürülməsi, həmçinin xərclərin daha çox yönəldiyi sahələrin təkrar istehsalı şəraitində nəticələrin məsrəflərə nə qədər uyğun gəlməsidir.
"Məsələ burasındadır ki, zəngin və kasıb insanlar təxminən eyni yeməyi yeyirlər, lakin ərzağa xərclənən ümumi gəlirin nisbəti aşağı gəlirli insanlar üçün daha yüksəkdir, çünki gəlirləri çox azdır. Nəticədə onların digər ehtiyacları və xərc maddələri üçün daha az vəsaiti qalır və yaxud heç qalmır. Belə götürəndə kasıblar və varlılar arasında ərzaq xərclərinin səviyyəsində (alınan məhsulların çeşidi və miqdarı) fərq çox böyük deyil, lakin bu ərzaq xərclərinin gəlirlərdəki payı kasıb əhalidə daha böyükdür. Nəzərə alsaq ki, ölkə əhalisinin aşağı-yuxarı 78 faizi orta aylıq əmək haqqından da aşağı gəlirli kontingent hesab olunur, o zaman Azərbaycan Statkomunun açıqladığı rəqəmin nə dərəcədə acınacaqlı olduğunu görmək olar.
Etiraf edək ki, milyonlarla insan sağlam yaşamaq üçün zəruri olan kifayət qədər ərzaq ala bilmir. Kommunal və istilik xərclərini ödəmək zərurəti ilə əlaqədar olaraq, kasıblar tez-tez özlərini doyura biləcək qidalara qənaət etmək məcburiyyəti ilə üzbəüz qalırlar. Ölkəmizdə oktyabrdan soyuqlar düşür, aprelin ortalarına qədər soyuq hava şəraiti davam edir. Təsəvvür edin ki, çox cüzi olan gəlirinin böyük hissəsini evlərini işıqlandırmaq, su ilə təmin etmək, güclə qızdırmaq və ailələrini dolandırmaq üçün xərcləyən milyonlarla insan üçün bunlarsız uzun və soyuq qışdan sağ çıxmaq çox çətindir. Nə qədər ağır olsa da etiraf edək ki, bu, Azərbaycanın reallığıdır.
Bu gün xeyli baha satılan neft-qaz, o cümlədən pula gedən başqa təbii sərvətlərlə də zəngin olan, əlverişli iqlim şəraiti, əkinə yararlı torpaq ehtiyatı, o cümlədən şan-şöhrətli aqrar ənənələrə malik, Qərblə Şərqi, Cənubla Şimalı birləşdirən mühüm tranzit, lojistik-kommunikasiya xətlərinin üzərində yerləşən və bütün bu sadalananların respublikanın sürətli inkişafını təmin etməsi perspektivlərinə unikal imkanlar açdığı bir dövlətin hökuməti özü etiraf edir ki, ölkə əhalisi kasıbdır. İndi gəlin düşünək, Azərbaycan əhalisi 25 ildir, yalan rəqəmlərlə, inkişaf vədləri ilə uzun bir zaman dilimini fövtə verən bu hökumətə niyə etimad etsin, bunun bir məntiqi sosial-iqtisadi, mənəvi əsası qalıbmı?!”, - deyə partiya funksioneri soruşur.
Rəşad Bakuvi qeyd edib ki, xüsusilə sosial-iqtisadi böhran vəziyyətinin hiss olunduğu dövrlərdə dövlət başqa işini-gücünü bir kənara qoyub, ucuz ərzağın qiymətlərini saxlamaq yollarını tapmalı, bununla da əhalinin ən həssas qrupları üçün inflyasiya yükünü yüngülləşdirməlidir. Əks halda, sosial partlayış ehtimalı hər zaman aktual məsələ kimi gündəmi məşğul edəcək: "Ya onlara davamlı və inflyasiya tempinə uyğun ünvanlı dəstək paketin olmalıdır, ya da ucuz məhsul istehsalçılarına xüsusi maliyyə proqramları əsasında dəstək verməklə bazarda ucuzluq yaratmalısan. Ölkədə bahalaşmanın qarşısının alınması və ucuzluğun yaradılması üçün dövlətin inzibati yollarla prosesi sabitləşdirici rıçaqları mövcuddur ki, zaman-zaman bu haqda danışmışıq, həyata keçirmək artıq hökumətin xalqı düşünməsinə və onun sahib olduğu mənəvi keyfiyyətlərinə, vicdanına bağlı məsələdir".
http://xeber365.com/haber-hokum-t-etiraf-edir-ki-halimiz-cox-kasibdir-36861.html