Kasıblar daha da yoxsullaşır, varlılar zəngin olur...
ABŞ, Çin, Avropa, hətta Rusiya pandemiyadan sonra özünə gəlməkdədir. Əlbəttə, bütün bunlar elə-belə baş vermədi, prosesi sürətləndirmək üçün iqtisadiyyatlara trilyonlarla dollar töküldü. Buna qarşılıq istehlakçı tələbi kəskin artmağa başladı, bu isə ciddi kəsirlərə (defisitə) və müvafiq olaraq da ciddi qiymət artımlarına çevrildi. Azərbaycan da bu dünyanın bir parçası, xüsusilə də bir idxal ölkəsi olduğundan indi hər kəsi qlobal dünya iqtisadiyyatında sürətləndirilmiş inflyasiyanın cilovlanmasının mümkün olub-olmayacağı düşündürür.
Dünya pandemiya ilə əlaqədar 2008-ci il maliyyə böhranında olduğundan iki dəfədən çox, haradasa 4,3 trilyon dollar itirib. Təsadüfi deyil ki, BMT-nin baş katibi Antonio Quterreş pandemiya böhranının son onilliklərin ən pisi olduğunu qeyd edib.
Bununla belə həyat davam edir və Dünya Bankı qeyd edir ki, iqtisadiyyat hazırda bir sıra problemləri yedəyində daşımış olsa da, bərpa olunmaqdadır, İkinci Dünya Müharibəsindən və ya 2008-ci ilin maliyyə çöküşündən sonra daha ciddi sürət yığıb. Analitiklər bu il qlobal ÜDM-in 5,5 faiz artacağını təxmin edirlər. Bəziləri isə tam əmindirlər ki, maliyyə dopinqi qalxınmaya kömək edəcək. Sirr deyil ki, pandemiya zamanı qlobal iqtisadiyyata yön verən əksər ölkələr pul mətbəələrini işə saldı, paralel olaraq kredit faizlərini aşağı endirdi. İqtisadi bilikləri olan insanlar bilir ki, pul axını istehlak aktivliyini, ucuz kreditləri - investisiya tələbini də stimullaşdırır. Bütün bunlar ümid verir düşünək ki, ümumi infuziya 10 ilə 11 trilyon dollar arasında olacaq. Eyni zamanda Dünya Bankının ekspertlərinin başqa ehtimalı budur ki, kütləvi peyvənd son iki ildə ciddi problemə çevrilən təmbəllik vərdişlərini də azaldacaq və əmək məhsuldarlığını, o cümlədən istehsal həcmini artıracaq.
Xüsusilə, sürətli iqtisadi artım Şərqi Asiya və Sakit Okean hövzəsi ölkələrində - 7 faizdən çox gözlənilir. Çində 8,5-9 faiz, ABŞ və Cənubi Asiyada, təxminən 7 faiz civarında artım proqnozlaşdırılır. Latın Amerikası və Karib hövzəsində 5 faizdən bir qədər çox, Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya ölkələrində isə 4 faiz.
Ancaq bütün bu xoş xəbərlər fonunda qanımızı qaraldan məqamlar da az deyil. Məsələn, Dünya Bankı Qrupunun prezidenti David Malpass deyir ki, koronavirus inkişaf etməkdə olan ölkələrdə yoxsulluğu və bərabərsizliyi gücləndirir. Tamamilə bu fikrə qatılmaq olar, çünki son iki ildə biz inkişaf etməkdə olan neft-qaz ölkəsi Azərbaycanda yoxsulluğun və sosial bərabərsizliyin müxtəlif formalarını gördük. Ən qorxulusu da budur ki, sözügedən tendensiya davam etməkdədir. İnsanlar gerçəkdən çox ağır iqtisadi şərtlər altında, yaşamaq yox, sağ qalmaq uğrunda mücadilə verirlər desək, yalan olmaz. Cənab Malpassın fikirlərinə əlavə edək ki, bu gedişatla inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının təxminən üçdə ikisi 2022-ci ilə qədər adambaşına düşən gəlirin azalmasını kompensasiya edə bilməyəcək.
İstər Azərbaycanda, istərsə də çoxlu mal idxal etdiyimiz qonşu Rusiya və qardaş ölkə Türkiyədəki ekspertlər, xüsusilə inflyasiyadan daha çox narahatdırlar. Demək olar ki, hər şey bahalaşıb: metal, tikinti-inşaat məmulatlarından tutmuş ərzağa qədər…
Təklif tələblə heç cür ayaqlaşmır. İstehsalçılar ehtiyat boşluğunu aktiv şəkildə doldurmağa çalışsalar da, ciddi mənada xammal çatışmazlığı ilə üzləşirlər. Logistika ilə bağlı problemlər davam edir. Daşımaların, xüsusilə də Okeanlardakı yük daşımalarının, logistik işlərin qiymətləri ceyran belindədir. Bundan əlavə, malların qablaşdırılması xərcləri də xeyli artıb. Bütün bunlar, təbii olaraq, mallar son alıcı üçün piştaxtalara düzüləndə onların üzərindəki qiymət etiketlərinə pis təsir edir.
BMT bu tendensiyanın bir ildən artıqdır ki, davam etdiyini qeyd edir. İnkişaf etmiş ölkələr arasında ABŞ bu planda hamıdan irəlidədir: oktyabr-noyabr aylarında orada istehlak qiymətləri ötən illə müqayisədə 4-5 faiz artıb və bu, son 13 ildə ən pis nəticədir. Federal Ehtiyat Sisteminin iqtisadçıları illik inflyasiyanın 3,4 faiz təşkil edəcəyini gözləyirlər, yalnız 2022-ci ildə onun cilovlanacağı - 2,1 faiz olacağı gözlənilir.
Avropada isə ən çox əziyyət çəkənlər ilk növbədə büdcə kəsiri olan ölkələrdir ki, bunlara İtaliya, Yunanıstan, İspaniya və Portuqaliya aiddir. İnkişaf etməkdə olan bazarlarda, məsələn, Türkiyə, İndoneziya, Argentina və Braziliyada çox ciddi maliyyə problemləri var. Xüsusilə də, qardaş ölkədə milli valyutanın ABŞ dollarına nəzərən kəskin ucuzlaşması narahatedici faktordur. Bununla belə, rəsmi Ankara əmin edir ki, faizlərin endirilməsi, lirənin ucuzlaşması ölkədə istehsalın stimullaşdırılması və ixracın artırılmasına xidmət edir, bu isə son iki ildə tədiyyə balansı ilə ticarət balansı arasında yaranmış fərqin minimallaşdırılması üçün önəmlidir. Dünyanın 189 ölkəsinə mal ixrac edən güclü potensiala malik Türkiyə iqtisadiyyatının 2022-ci ilin ikinci yarısına qədər ciddi sınaqlardan keçəcəyi bilinən bir gerçəkdir.
Ancaq idarəetmədə buraxılan nöqsanlar, daxili ictimai-siyasi, sosial-iqtisadi narazılıqlardan dolayı sıxıntılar yaşansa da, qlobal iqtisadiyyatda elə dərin böhranlar baş qaldırıb ki, dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda iqtisadiyyatının sürətlə inkişaf etdiyi Çində belə, illik hesablamada inflyasiya həddi 1,3 faiz artıb.
Azərbaycanda da vəziyyət ürəkaçan səviyyədə deyil. Xüsusilə, əhalinin pul gəlirlərinin azalması fonunda bahalaşmanın sürət götürməsi çox təhlükəli mərhələyə qədəm qoyduğumuza işarədir. Yəni, iqtisadi dillə ifadə etsək, inflyasiyadan çox staqnasiya təhlükəsi yaşanır ölkəmizdə. Bu bahalaşma əmsallarını rəsmi rəqəmlərdə də görmək mümkündür. Məsələn, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 105,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,0 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 110,0 faiz olub. 2021-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 113,1 faiz təşkil edib.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 106,7 faiz təşkil edib.
Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, ucuzlaşma isə planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi arasında da fərqlər var, belə ki, əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 108,4 faiz təşkil etmişdir. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71589,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artmışdır. ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olub.
Təbii, statistik rəqəmlər hər zaman gerçəkliyi ifadə etmir, xüsusilə Azərbaycan kimi bir ölkədə yuxarıdakı rəqəmlərə etibar etmək sadəlövhlük olardı. Buna səbəb Azərbaycanda normal ölkələrdəki qanunauyğun dinamikada olan iqtisadi sistemə zidd xeyli sayda anormal proseslərin getməsidir. Etiraf etməliyik ki, Azərbaycanda inkişaf etmiş ölkələrdə olduğu kimi inflyasiya həddində sıfır dərəcələrin olması mümkün deyil. Bu boşluğu inflyasiyanın kəskin sürətlənməsi doldurur. Zəngin ölkələrdə əhali qiymətlərin qalxmamasına öyrəşib. Bizdə isə durum tam əksinədir, insanlar tez dəyişən qiymət artımlarından beziblər. Ölkəmizdə arzulamasaq da, real inflyasiya indeksi iki rəqəmli olmaqda davam edəcək. Xüsusilə əmanətlərin xarici valyutaya transfer edilməsi ehtiyatlılığı və real iqtisadiyyata biznes investisiyalarının kəskin azalması fonunda, dövlətin ciddi stabilləşdirici tədbirləri olmasa, bahalaşma artan xətlə davam edəcək. Hiss olunur ki, hökumət yaranmış iqtisadi böhranı aradan qaldırmaq istiqamətində yox, daha çox böhranı idarə etmək siyasəti həyata keçirir. Bir sözlə, hökumət iqtisadiyyatı başlı-başına buraxıb və ölkədə qalxınmaya təkan verə biləcək real iqtisadi modelə sahib deyil. Ümid neft-qaz qiymətlərinin dünya bazarında artmasına qalıb ki, bu da real çözüm sayıla bilməz.
Cəmiyyətdə bazardakı qiymətlərin süni artımlardan dolayı bahalaşması barədə yanlış təsəvvürlər var. Kimsə anlamaq istəmir ki, bazar iqtisadiyyatı şəraitində sahibkarın bazara təklif etdiyi məhsulu istədiyi qiymətə satmaq sərbəstliyi və haqqı var. Ən uzağı istehlakçı həmin malı çox baha olduğu üçün almayacaq və nəticədə sahibkar müflis edəcək, o da bunu anlayır. Yəni bazar iqtisadiyyatı qiymətlərin formalaşmasını kifayət qədər bazar oyunçusunun olduğu rəqabətəmeylli mühitin öhdəsinə buraxır. Ötən illə müqayisədə indi istehlak artır, vasitəçilər və pərakəndə satış şəbəkələri itkiləri kompensasiya etməyə çalışırlar. Hətta mövsümi satışlar zamanı endirimlər əhəmiyyətsiz olacaq. İnzibati yollarla, sahibkarlara təzyiq etməklə hər hansısa mal qruplarının qiymətlərini sabit saxlamağa cəhd etmək orta və uzunmüddətli pestpektiv üçün çıxış yolu deyil. Deyək ki, sosial əhəmiyyətli malların qiymətləri bir neçə ay dondurularaq sabit saxlanıldı. İş ondadır ki, inflyasiyanın uzun müddət süni şəkildə məhdudlaşdırılması risklidir və Mərkəzi Bank bunu çox gözəl başa düşür. Çünki defisit baş verər və nəticədə qara bazarın yaranması üçün münbir şərait yaranar. Ən ciddi problem ölkədə uzun müddətə, çox sərfəli şərtlərlə maliyyə vəsaitlərini kreditə buraxa bilən investisiya fondlarının, maliyyə donorlarının olmamasıdır, yəni istehsalçıları, emalçıları istehsalı, emalı genişləndirmək üçün heç bir stimul yoxdur. Belə olduğu halda, yerli məhsullardan yoxsun bazar özüylə ciddi inflyasiya rəqəmləri gətirən idxal məhsullarının umidinə qalır ki, bu da son fazada istehlakçının cibini boşaldan amilə çevrilir.
Çox üzülərək qeyd etməliyik ki, hazırda Azərbaycan ən sürətlə yoxsullaşan ölkələrin sırasında yer alır. Neft-qaz satışı hesabına müəyyən beynəlxalq reytinqlərdə önə çıxarılan müsbət indekslər kimsəni yanıltmasın. Sual oluna bilər, niyə inflyasiya Azərbaycanda daha dağıdıcı təsir göstərir? Səbəb sadədir. Çox hörmət etdiyim iqtisadçı ekspert Qaşqay İsmayılın da sözlərilə ifadə etsək, Azərbaycanda əhalinin böyük əksəriyyəti büdcədən faktiki olaraq çörəkpulunu xatırladan cüzi əmək haqqı alırdı və əvəzində isə hökumət enerjidaşıyıcılarının, kommunal xidmətlərin, çörəyin, marşurutun qiymətini mümkün qədər aşağı həddə saxlamağa çalışırdı. Hazırda qlobal inflyasiya bu strukturu darmadağın etməkdədir. Qiymət artımının qarşısını almaq mümkün deyil, maaşları artırmaq və iqtisadi islahatlar keçirmək istəyini isə mövcud siyasi hakimiyyətin addımlarında hiss olunmur. Bu, heç hər hansısa dilemma da deyil, hökumət, sadəcə olaraq, baş verənləri müşahidə edə bilər. Ölkənin iqtisadi baxımdan qarşısıalınmaz şəkildə çökmək ehtimalları mübahisəli ola bilər, ancaq yox da deyil. Bir sözlə, uzun illərdir tətbiq olunan iqtisadi modelin reanimasiyası ümid vermir. Ölkədə mövcud olan iqtisadi model dağılmaqdadır və tarixi təcrübə göstərir ki, bunun ardınca siyasi sistemdə müəyyən kataklizmlər qaçılmaz olur.
İndi deyilə bilər ki, ancaq problemlərdən danışırsınız, əvəzində çıxış yolunu göstərmirsiniz. Elə deyil. Çözüm yolları barədə çox yazılır, çox danışılır, sadəcə az eşidilir, nəzərə alınmır və heç tətbiq olunmur. Azərbaycanda çıxış yolunu bütövlükdə sistem və idarəetmədəki dəyişikliklərə başlamaqda görürük. Bundan ötrü isə, ölkədə gerçək nəticələri və praktiki səmərəsi olan siyasi, iqtisadi azadlıqlar, həyatın bütün vacib seqmentlərində köklü islahatlar, azad proporsional seçkilər, hökumətin parlamentdən çıxması, müstəqil məhkəmə hakimiyyətinin yaradılması, yerlərdə özünüidarəetmə sisteminə keçid, azad media və bu kimi bir çox fundamental dəyişikliklərə gedilməlidir. Bütün bunlar isə, hələlik nə hökuməti, nə də büdcədən stabil və cüzi formada maliyyələşməkdə israr edən xalqı maraqlandırır.
Vətəndaşları yardım alan təbəqədən vergi ödəyən təbəqəyə çevirmək ölkəmizdə siyasi və iqtisadi inkişafın əsas şərti olmalıdır, bunun üçün ölkəmiz olduqca böyük iqtisadi potensiala malikdir, o mənada ki, vergiödəyicisi anlayışı ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təsir göstərmək imkanındadır.
Bu gün Azərbaycanda vətəndaşın müticə (gündəlik sərf olunan əməyə və vaxta adekvat deyil) dövlət büdcəsindən stabil qaydada cüzi maaş, pensiya, müavinət, təqaüd aldığı bir sistem var, halbuki vergi ödəyicisi öz hüquq və azadlıqlarının təmin edilməsini tələb etməkdə maraqlı fərd olduğundan, demokratik dəyərlərin formalaşmasında da əvəzsiz rol oynaya bilər. Ölkədə milli gəlirin böyük bir hissəsini formalaşdıran yeganə mənbə büdcə olduğundan, insanlar dövlətin mərhəmətinin ümidinə qalıblar və iqtisadi ideyalar bir qayda olaraq, dövlətdən yardım tələbləri əsasında formalaşır. Bu neqativ hal uzun illərdir davam etdiyindən, siyasi hakimiyyət indiyə qədər öz legitimliyini təmin etmək naminə, əhalinin vergiödəyiciləri olmasında yox, büdcədən qidalanmasında, onun əlina baxmasında maraqlı olub, məhz bu iqtisadi siyasətin nəticəsində milyonlarla insan, dövlətdən hər hansı formada olursa-olsun yardım almaq uğrunda mübarizə aparır. Elə buna görə də, indiki iqtidarın idarə etdiyi və həyata keçirdiyi yarıtmaz iqtisadi siyasət sayəsində respublikanı gətirib çıxardıqları acınacaqlı vəziyyətin davam etdiyi bugünkü Azərbaycanda, kimsə iqtisadi sıçrayış, sosial qalxınma, maddi nemətlərin ədalətli bölgüsü və firavan ölkə arzularına qapılmağa tələsməsin.
Rəşad Bakuvi
Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini