Hələ çox binanın tikintisi üçün milyardlar ayrılacaq
Hamı ümid edirdi ki, Qarabağda əldə olunan zəfərdən sonra mülki həyatın bütün sahələrində yeni səhifələr açılacaq, vəzifə sahibləri tamamilə yeni və xalqın gözləntilərinə uyğun siyasət həyata keçirəcəklər. Ancaq real həyatda gördüklərimiz bunun belə olmadığını deməyə əsas verir.
Cəmiyyətin aktiv təbəqəsi Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat xərclənəcəyi xəbərini həyəcanla və haqlı olaraq etirazla paylaşır, müzakirə edir.
İqtisadçılar dəqiq hesablamalarla bu rəqəmin həddindən artıq şişirdilmiş olduğunu göstərirlər. Misal üçün, bu məbləğə xaricdə minlərlə gənc alimin və mütəxəssisin təhsilini xərcini ödəmək, on minlərlə qaçqın və məcburi köçkünün azad olunmuş torpaqlarda evini inşa etmək, real istehsal sahələri olan bir neçə orta çaplı fabrik-zavod anın qurulmasını və işlədilməsini təmin etmək olardı. Amma olmayacaq.
Niyə? Ona görə yox ki, iqtidar mənsubları büdcə vəsaitlərini səmərəsiz və səhlənkar şəkildə israf edirlər. Bunu onlar çoxdandır, edirlər. Bir növ vərdiş ediblər. Ona görə yox ki, Mərkəzi Bankın rəhbərliyində hesab-kitab işini bilən yoxdur. Var, özü də lap əlasından. Özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər.
Ona görə olmayacaq ki, həmin potensial minlərlə gənc alimin və mütəxəssisin, on minlərlə qaçqın və məcburi köçkünün, yüzlərlə kiçik və orta sahibkarın heç on nəfəri belə bir araya gəlib haqqını və hüququnu qoruyacaq siyasi birlik ruhunda və əzmində deyil. Biz dəfələrlə deyəndə ki, Azərbaycanda sosial, iqtisadi, mədəni, elmi, hüquqi və digər problemlərin hamısının kökü siyasi müstəvidədir, bir problem milyonlarla insanın yaşayışına təsir edirsə, bu, siyasi problemdir, siyasi məsələlər ictimai hərəkatlarla deyil, daha çox siyasi partiyaların fəaliyyəti ilə aşılmalıdır, bunun üçün də heç kim siyasi proseslərdən kənarda qalmamalıdır, hər bir vətəndaş siyasi partiya daxilində təşkilatlanmalıdır – bu günlərimizi nəzərdə tuturduq.
Alimlər də, iş adamları da, sənətkarlar da, müəllimlər də, həkimlər də, aqrar işçilər də, dövlət qulluqçuları da – hamı və hər kəs anlamalıdır ki, vətəndaşı olduqları ölkənin taleyi öz əllərindədir. Ölkə - sadəcə torpaq, ərazi demək deyil. Ölkə - elə əhali deməkdir. O əhali ki, öz taleyinə laqeyd qalmamalıdır. Əks təqdirdə hələ çox binanın tikintisinə yüz milyonlarla manat sərf olunacaq və bizə isə sadəcə tənqid etmək qalacaq.
Anar Əsədli
AY Partiya Başqanı