Bu gün böyük şair və dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının ən parlaq nümayəndəsi Hüseyn Cavidin anım günüdür.
Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. Beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində oxuyub. Sonra Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. 1906-cı ildə qardaşı Məhəmməd onu İstanbula təhsil almağa göndərib. H.Cavid İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.
Böyük yaradıcılıq yolu keçən Hüseyn Cavidin qələmə aldığı fəlsəfi və tarixi pyesləri üslub, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib. Əsərlərində dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. İlk mənzum faciə olan "Şeyx Sənan"ın müəllifi olan qüdrətli sənətkar, 1920–30-cu illərdə "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlarını qələmə alıb.
1938-ci ildə "xalq düşməni" adı ilə həbs olunub. 1939-cu ildə 8 il islah əmək düşərgəsinə məhkum edilib. Hüseyn Cavidin Stalin rejimində Mircəfər Bağırovun hakimiyyəti dövründə burulğana düşməsinin başlıca səbəbi milli duruşu - bolşevik rejiminə baş əyməyib, türkçülüyünü, dilini, dinini inkar etməməsi olub.
O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Nəşi 1982-ci ildə Naxçıvana gətirilərək, orda dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası ölməz şair, misilsiz dramaturq və böyük mütəfəkkir Hüseyn Cavidin parlaq xatirəsini daim əziz tutur, ruhu qarşısında böyük sayğıyla baş əyir.