İctimai və dövlət maraqlarının müdafiəsi cəmiyyətin əsas meyarı olmalıdır. Bu həqiqəti tam mahiyyətinə uyğun dərk edən və həyat amalına çevirə bilən xalq ölkəsini təhlükələrlə üz-üzə qalmaq risklərindən kənar tutmağı da bacaracaq.
“Rupor” mövzunu politoloqun və müxalifət partiyası təmsilçisinin baxış bucağından incələməyə səy göstərib.
Politoloq Nurlan Qələndərli qeyd edib ki, ictimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə, yaxud mexanizm milli dövlətdir. Ona görə də dövlət tərəfindən həyata keçirilən strateji kursun səmərəliliyi bu baxımdan xüsusi xüsusi əhəmiyyət kəsb edir:
“Siyasət nəzəriyyəçiləri və ekspertlər ictimai və dövlət maraqlarının qorunmasını təmin edən faktorlar sırasında sabitlik amilinə xüsusi diqqət yetirirlər. Qloballaşma dalğasının yaratdığı geosiyasi fırtınalardan daha çox əziyyət çəkən subyektlər milli dövlətlərdir. Xüsusilə də, ictimai-siyasi sabitliyin pozulması halları dövlətin əsas strateji dayaqlarının sarsılmasını şərtləndirir. "İdarəedilən xaos" strategiyasının və "parçala, hökmranlıq et" prinsipinin əsas götürüldüyü indiki mərhələdə daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anyalışları ilə ekvivalentdir. İqtisadi güc, hərbi potensial, demoqrafik struktur, diplomatik resurslar milli müstəqilliyin göstəricisi deyil, amma sabitlik bilavasitə suverenliyin qeyri-formal simvoludur. Bu baxımdan, ayrı-ayrı regionlar və ölkələrin timsalında mənzərə qanlı, bulanıq, acınacaqlı, hətta faciəvidir. Azərbaycan təcrübəsi isə müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Əminliklə söyləmək olar ki, Azərbaycanın sabitlik modeli yeni siyasi fenomendir. Bu isə ictimai və dövlət maraqlarının qorunmasına əlverişli şərait – etibarlı zəmin yaradır”.
Nurlan Qələndərli söyləyib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının qorunmasını təmin edən mühüm amillərdən biri multikuralizm siyasətidir:
“Azərbaycan multikulturalizmi spesifik milli modeldir. Bu modelin mahiyyətində konvergensiya (birləşdirmə, bütövləşdirmə-bütövlük yaratma) funksiyası dayanır: yəni etnosentrizmi, eləcə də milli-etnik və dini zəmində ayrı-seçkiliyi inkar edir, fərqli inanclara malik müxtəlif etnosların sabitlik və sülh şəraitində mehriban birgəyaşayışını özündə ehtiva edir. Dünyada “Mondializm” (vahid dünya dövləti) konsepsiyası əsasında “sivilizasiyaların qarşıdurması” strategiyasının yerinə yetirildiyi və bunun nəticəsində bir çox ölkələrdə milli-etnik və dini zəmində ziddiyyətlərin, xaosun müşahidə edildiyi şəraitdə Azərbaycanın multikultural dəyərləri – multikulturalizmi cəsarətlə təbliğ etməsinin əsasında 2 amil dayanır: birincisi, Azərbaycan öz ictimai-siyasi sabitliyi ilə fərqlənir. Qeyd etdiyimiz kimi, ölkəmizdə sabitlik modeli artıq siyasi fonemen kimi çıxış edir. Məhz bu sabitlik mühiti multikulturalizmin mövcudluğu və multikultural dəyərlərin təbliği üçün etibarlı zəmin yaradır. ikincisi, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması ənənəsi aşkar reallıqdır, buna görə də multikulturalizm amilinin ölkəmizdə sabitlik və həmrəyliyə təhdid yaratması ehtimalı yoxdur”.
Politoloq milli həmrəylik amilinin ictimai və dövlət maraqlarının qorunmasında müstəsna rola malik olduğunu, həmrəyliyi gücləndirən faktorlar sırasında isə siyasi birliyin vacibliyini önə çəkib:
“Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik - həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. Ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə və postmüharibə ərəfəsində daha qabarıq surətdə nəzərə çarpdı, yəni siyasi qüvvələrin birliyi daha da möhkəmləndi. Milli həmrəyliyin təmin olunmasında vacib rola malik olan əhəmiyyətli amillərdən biri də siyasi sistemin iştirakçıları arasında sağlam münasibətlərin, o cümlədən siyasi birliyin mövcudluğudur. Prezident İlham Əliyevin hələ Vətən müharibəsindən əvvəl islahatlar proqramını təqdim etməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin ardıcıl xarakter daşıması üçün dayanıqlı zəmin yaradıb, bu isə milli həmrəyliyə böyük töhfə olub. Nəticə etibarilə, görülən bütün bu işlər - həyata keçirilən tədbirlər siyasi birliyin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edən çox mühüm amildir. İctimai və dövlət maraqlarının qətiyyətlə qorunması Azərbaycanın milli gücünün artmasını təmin edən strateji amildir”.
Azərbaycan Yüksəliş Partiyası başqanının müavini Gülşən Hacıyeva bildirib ki, ictimai və dövlət maraqlarının müdafiəsi hökumət tərəfindən xarici və daxili meydanda həyata keçirilən siyasətdən asılı olduğu qədər respublikada fərqli cinahlarda fəaliyyət göstərən siyasi institutların, təşkilatların əsas qayğısı kimi dərk edilməlidir:
“İctimai və dövlət maraqlarının müdafiəsi sözün bütün mənalarında həyati əhəmiyyət kəsb etdiyindən, bu məsələ cəmiyyət həyatının bütün iştirakçıları üçün öz aktuallığını daim qoruyur. Məhz bu baxımdan hər bir cəmiyyətin başlıca məqsədlərindən biri kimi ictimai və dövlət maraqlarının müdafiəsi ölkəmizdə əsas vəzifələrdən biri hesab olunur”.
Müxalif partiyası təmsilçisinin fikrincə, cəmiyyəti təşkil edən fərdlərin hər birinin ayrı-ayrılıqda maraq və mənafeləri var, ancaq bununla bərabər bir də böyük çoxluğun maraqları var ki, bu da ictimai maraqlar hesab olunur. Dövlətin oturuşmuş sistem üzərində sağlam durması üçün bu maraqların tanınması, təbliği və müdafiəsi başlıca şərtdir və bu istiqamətdə hökumət aparatı ilə birlikdə institutlaşmış, qurumsallaşmış müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, medianın yalnız bir orqanizm şəklində fəaliyyəti ciddi nəticələr verə bilər:
“Dövləti idarə etmək səlahiyyəti əldə etmiş hökumətlər bu işi üzərinə təkbaşına götürə bilməz və götürməməlidir. Çünki xalqın və onu ictimai mühitdə təmsil edən fəal cəmiyyətin iştirak etmədiyi, yaxud müxtəlif antidemokratik, hüquqdan kənar basqılar, gözümçıxdılar sayəsində iştirakdan məhrum edilməsi şəraitində dövlət sistemində nizam pozulur, o, zamanla deqradasiyaya məruz qalır, nəticədə ictimai və dövlət maraqları fərqli siyasi təmayüllərə xidmət edən dar çərçivələrə malik müəyyən qrup dairələrin məkrli niyyətlərinə meydan açır. Dövlət təkcə onu idarə edən hökumətdən ibarət deyil və ölkənin əsas mövcudluq sütunlarından olan institutlaşmış siyasi partiyaların fəaliyyətinə elə bir azad, dözümlü şərait yaradılmalı, müxtəlif hüquqi və idarəetmə təsisatlarının idarə olunmasında iştirakçılıq payı elə bir səviyyədə təmin olunmalıdır ki, hökumətin axsadığı sahələrdə məhz alternativ peşəkar kadrlara malik siyasi institutlar, qeyri-hökumət təşkilatları dövriyyəyə girib respublika idarəçiliyində ümumi nizamın pozulmasına yönəlik tendensiyaların qarşısını birlikdə alsınlar. Belədə nəticə kifayət qədər effektli olar. İctimai maraqlar hər nə qədər dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir imkanlarına malik olsa da, bu sahədəki inhisarçılıq meylləri, problemi qaldırılan məsələdə kifayət qədər nöqsanlara, yarıtmaz fəaliyyətə, aşkar narahatlığa meydan açır. Elə bu səbəbdən “Azərbaycanda ictimai və dövlət maraqları arzulanan səviyyədə tənzimlənirmi və yaxud müdafiə olunurmu” sualı açıq qalır, tam və dəqiq cavablandırılması mümkün olmur”.
Azərbaycanı ümumi planda bəşəri və milli dəyərləri nəzərə alan, qoruyan və geniş miqyasda təbliğ edən ölkə kimi dəyərləndirən Gülşən Hacıyeva bu baxımdan ictimai və milli maraqların təmin olunmasının prioritet məsələlərin önündə gəldiyini deyib:
“Xalqımızın özünəxas dəyərləri, insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai və milli maraqlar kimi meydana çıxır. Gəlin razılaşaq ki, hər gün qarşılaşdığımız fərqli narahatedici nöqsanlara baxmayaraq, Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir o mənada ki, ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini tam dərk edir. Bununla yetinmir, eləcə də bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacarır. İdeal cəmiyyət qurmaq istəyiriksə, dövlətin mənafeyinə zərər gəlmədən ictimai maraqların təmin edilməsi, ortaq maraqların müəyyənləşdirilməsi dövlətçilik təfəkkürünə malik insanların, fərq etməz, fərdi, siyasi, qeyri-siyasi təsisatların əsas amalına çevrilməli və belə amal sahibləri ölkəsinə hər mənada əməlləri ilə xeyir verməlidir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. istiqaməti üzrə (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanıb.