1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirdiyi Srebrenitsa soyqırımdan 27 il ötür. Qətliam Yuqoslaviyada vətəndaş müharibəsinin getdiyi bir dövrdə baş verib. Əslən serbiyalı olan general Ratko Mladiç bu qətliamın təşkilatçılarındandır. Srebrnitsa qətliamından öncə Mladiç kameralara bu sözləri deyib: “11 iyul serb şəhəri olan Srebrenitsadayıq. Bu qələbəni serb millətinə ərmağan edirik. Nəhayət, türklərdən (bölgədəki müsəlman əhali türk adlanırdı) intiqamımızı almaq vaxtı gəlib çatdı”.
İnsanlığa sığmayan, haqq qazandırılması əsla mümkün olmayan Srebrenitsa soyqırımı II Dünya müharibəsindən sonra Avropada törədilən ən irimiqyaslı qətliamdır. Bu soyqırımı həm də II Dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırımı aktıdır.
Bu qətliamdan cəmi iki il yarım öncə Azərbaycanda törədilmiş Xocalı soyqırımının əlamətlərini özündə cəmləşdirən Srebrenitsa Avropanın Xocalısına çevrildi. O vaxtdan bəri Xocalı və Srebrenitsa insanlığın ləkəsi kimi hər iki ölkədə anılır.
Qarabağın işğalına, Xocalı soyqırımına laqeyd qalan Avropa öz ərazisində közərməkdə olan fəlakətə qarşı da susqunluq göstərdi. Halbuki, etnik, irqi, dini ayrı-seçkiliyin ağır nəticələri ilə üzləşmiş xocalıların və srebrenitsalıların kütləvi qırğınına beynəlxalq hüququn norma və prinsipləri əsasında qiymət verilməsi həm də mənəvi borc və məsuliyyət məsələsidir. Təəssüf ki, Srebrenitsa genosidinin qarşısının alınması üçün Avropa dövlətləri və strukturları tərəfindən vaxtında zəruri müdaxilələr həyata keçirilmədi.
Srebrenitsada sülhməramlılarla bağlı məqam da Qarabağdakı bugünkü durumla səsləşir. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq, soyqırımının qarşısı alınmadı. Həmin dövrdə BMT mandatı altında Bosniya torpaqlarına yerləşdirilən Hollandiya sülhməramlı qüvvələrinin kütləvi qırğının başlanmasından öncə Srebrenitsanı tərk etməsi hələ də müəmmalı olaraq qalır.
Bu gün Qarabağda da rus sülhməramlılarının gözü qarşısında təxribatların baş verməsi, hərbçilərimizin şəhid olması sülhməramlı missiyasına inamsızlığı daha da gücləndirir.
Sülhməramlılığın xoşməramlı olmaması təəssüf ki, müsəlmanların ortaq taleyidir.
Bir şeyi də vurğulamaq istəyirik ki, tez-tez xarici ölkələri və beynəlxalq təşkilatları ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərə, xüsusən Xocalı qətliamına biganə qalmaqda qınasaq da, eyni taleyi bölüşdüyümüz boşnaklara münasibətdə həmin duyarsızlığı nümayiş etdiririk.
Bu günədək ölkəmizdə bu dəhşətli cinayətin qurbanlarını anmaq üçün heç bir addım atılmayıb.
Azərbaycan Yüksəliş Partiyası adından soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edir, təklif edirəm ki, Srebrenitsa qurbanlarının xatirəsi Bakı şəhərində əbədiləşdirilsin.