Azərbaycanın sosial şəbəkə seqmentində Ukrayna-Rusiya savaşı fonunda aparılan müzakirələrdə daha bir ittiham aktual oldu: "Guya Qərbin ikili standartı imperializmdən xəbər vermir? Bizim ölkəyə 30 ildir, bu konkteksden yanaşmır? Rusiya dağılsa, Qərb bölgəyə gəlsə, guya yaxşı olacaq?" və s.
Bu yanaşmalar mənə bir hadisəni xatırlatdı. 2015-ci il idi, Avropa İttifaqı Rusiyanın bir sıra tanınmış adamlarını arzuolunmaz şəxslər siyahısına salmışdı və bunlardan biri də İosif Kobzon idi. Kobzon da böyük bir təkəbbürlə bu siyahıya düşməyilə fəxr etdiyini bildirmişdi. Üstündən bir müddət keçəndən sonra isə səhhətində yaranan problemlər və müalicəsi üçün Avropaya getmək, canını avropalılara təslim etmək istəyirdi. Ancaq Avropaya buraxılmırdı, yaranmış problemlə bağlı Putinin şəxsi xahişindən sonra arzusu reallaşdı.
Bu hadisəni, bilirsiz, niyə xatırladım? Əziz Qərbi günahkar çıxarmamaqda bizi ittiham edən vətəndaşlarımız, məsələlərə bir az daha dərindən baxın. Məsələ bizə münasibət deyil. Siz iki siyasi qütb arasında düzgün müqayisə aparın ki, axırda Kobzonun gününə düşməyəsiniz.
İllərdir, postsovet məkanında belə bir fikir dolaşırdı ki, Rusiya elmi, iqtisadi, hərbi və s. cəhətdən kifayət qədər inkişaf etmiş dövlətdir və o, Avropasız, Qərbsiz müstəqil şəkildə var ola bilər. Bütün postsovet məkanında, o cümlədən, Azərbaycanda müasir rus elminin dahiyanəliyi, dünya elmi arenasında əvəzsiz mövqeyi ilə bağlı əfsanələr gəzir.
Bu puç və əsassız, şovinist mahiyyət daşıyan əfsanəyə ruslar özləri o qədər inanıblar ki, o xəyalların içində yaşaya-yaşaya məhvə doğru gedirlər.
Əlbəttə ki, rus elminin böyük nümayəndələri olub və dünya elminə böyük töhfələr verib, bu, danılmaz faktdır. Lakin elmin mahiyyəti ondan ibarətdir ki, onun nailiyyətləri köhnə təcrübələrə əsaslanır və dünya elminin məcmuəsidir. Əgər hər hansısa bir xalq keçmiş elmi nailiyyətlərinə əsasən bu gün də inkişaf edə bilsəydi, o zaman ən inkişaf etmiş xalqlar yunanlar və ərəblər olardı. İbn Sina, Aristotel, Platon kimi isimlər özlərindən sonra gələn bütün alimlərin istinad nöqtəsi olub. Ancaq keçmiş, keçmişdir, gələcəyin uğurları isə bugünkü addımlardan asılıdır.
Sovet dövründə də haqqında gen-bol danışılan rus elmi isə Çar Rusiyasında təməli atılmış məktəbə söykənirdi. O məktəbə ki, əsasını I Pyotr, avropalıların inkişafını görəndən sonra və onların köməyi ilə qoymuşdu. Pyotr Avropanın elmi proqressiv mahiyyətini o qədər gözəl anlayırdı ki, Peterburq şəhərini tikərək, Avropaya pəncərə açdı.
Düzdür, Qərbin bəşəri sevgi haqqındakı əfsanələri də boşdur. Lakin dünyaya hökmranlıq etmək istəyən Avropa Rusiyadan fərqli olaraq, ayı kimi qapını sındırıb içəri girmir, hər yerə qan və nifaq salmır.
Avropa yaxşı başa düşür ki, yaratdığı qan gölündə sabah özü də boğula bilər. (Necə ki Rusiya bu gün Ukraynada boğulur. ) Məhz buna görə də Avropa təsirinə salmaq istədiyi əraziləri uzun illər boyu müşahidə və təhlil edir, həmin yerin ağıllı insanlarını öz tərəfinə çəkir, yetişdirir, təhsil verir.
Yəni qısacası, bütün güc elm və təhsilə verilir ki, bu da öz növbəsində, təbii ki, cəmiyyətdə yavaş-yavaş insan azadlığı problemini üzə çıxarır və dərk olunur ki, azad olmayan cəmiyyətdə elm inkişaf edə bilməz.
Görürsünüz bu həqiqəti? Kobzonlar ölüm ayağında olanda qeyri-ixtiyari başa düşürlər və can hayında Avropa elminə üz tutub, ondan nicat diləyirlər. Elmin, təhsilin olmadığı, insan hüquqlarına hörmət edilmədiyi bir yerdə inkişaf ola bilməz və belə bir cəmiyyət məhvə məhkumdur.
Buna görə də məsələyə Qərb və Rusiyanın ikili standartları konkteksindən deyil, güclü iqtisadiyyatın, texnologiyanın, hərbin, siyasi institutların, seçki mədəniyyətinin bəhrələndiyi mənbənin elm olduğunu dərk edərək yanaşmalıyıq ki, bu da indiki zamanda Qərbdir.
Biz ikili standart yanaşmalarına giley etməyək.
Bu ikili standartın içərisində seçim yenə də qan gölü tərəf olmamalıdır.
Seçim işıq - elm işığı gələn tərəfdir. O elm ki "Bayraktar" zəkası ilə həm 44 günlük Vətən müharibəsində, həm də Ukrayna savaşında Rus hərbi mifini darmadağın etdi. Bu, bir Türkiyə örnəyidir. 20-ci əsrdə Qərb elminə üz tutan Türkiyənin bugünkü supergücə doğru irəliləməsi dediklərimizin isbatldlr. Güclü olaq ki, bizə heç kim "ikili standart" tətbiq edə bilməsin.