İnam olan yerdə YÜKSƏLİŞ də olacaq!
“İnanın, dəyişirik».
Hə, bu onun şüarıydı. Ötən il parlament seçkilərinə qatılıb, heç kimin gözləmədiyi şəkildə olduqca uğurlu kampaniya keçirəndə çoxlarının marağına səbəb olmuşdu.
Dəyişmək? Məgər bu, mümkündü? Hə, qısa müddətdə aparılan kampanyiada o, inandıra bildi, dəyişmək mümkündü. Və nəinki mümkündü, həm də zərurətdi. Çünki HÜRRİYYƏT HAVASINI TƏNƏFFÜS ETMƏYİN VAXTIDI!
Bəli, zərurət. Zərurət bir fəlsəfi kateqoriyadı. Və tərifi də belədi: “Bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu əmələ gətirmə”.
Başqa bir fəlsəfi kateqoriya təsadüfə də istinad etsək, onda “İnanın, dəyişirik” şüarının çox yox, cəmi 4 ay sonra bir partiyanın sloqanına çevriləcəyi, hə, təsadüfi deyildi.
Və bu partiyaya rəhbərlik edəcək şəxsin də məhz O, Anar Əsəd oğlu Əsədli olacağı da təsadüf yox, məhz zərurət idi.
***
Biz 70-lərdə anadan olub, 90-larda meydanlara atılanlar təbii ki müstəqil, azad firavan Azərbaycan arzusundaydıq.
Biz romantik idik.
Biz Azadlıq hərəkatını gördük, iştirak etdik.
Biz Birinci Qarabağ müharibəsini gördük, iştirakçısı olduq.
Biz çox ağır sosial-iqtisadi həyat yaşadıq. Və…
“Bizim ortaya çıxmağımız həm də sosial-sifariş idi”. Belə deyir, Anar Əsədli.
Zaman: 6 dekabr, 2020-ci il.
“Hər şeydən əvvəl hər birinizi salamlayır, Qurultayımızın yüksək səviyyədə keçməsi üçün göstərdiyiniz fədakarlıqdan dolayı hamınıza təşəkkür edir, Partiyamızın quruculuğu işində hər kəsə müvəffəqiyyətlər diləyirəm”.
Hə, Azərbaycan siyasi arenasına yeni partiya gəlirdi. Daha doğrusu gəldi. Həmin gün pandemiyanın yaratdığı çətinliklərə rəğmən on-line formatda Ay Partiyası elan edildi: Azərbaycan Yüksəliş Partiyası.
Və başqan ilk fürsətdəcə bəyan etdi:
“Siyasi partiyaların bəziləri iqtidara gəlməyi özlərinin əsas məqsədi olaraq başa düşürlər. Ancaq biz iqtidara gəlməyi məqsəd və hədəf kimi deyil, hədəflərimizə çatmaq üçün bir vasitə kimi görməliyik. Bizim arzularımız da, hədəflərimiz də, planlarımız da xalqımızın hər bir namuslu və qeyrətli üzvünün istəklərindən fərqli deyil. Sosial rifah, müdafiə və ədalət, hüququn aliliyi və insan təməl haqq və hürriyətlərinin qorunması; azad fikrin təqib olunmaması; iman və inkar azadlığı; ölkə nemətlərinin ədalətli bölgüsü; şən uşaqlıq, təminatlı yetkinlik, qayğısı çəkilən ahıllıq; nəhayət, azad seçim və layiqli təyinat. Bir insanın və toplumun özünü xoşbəxt hiss etməsi üçün bu arzular elə də böyük bər tələb deyil”.
Elə bizimlə görüşdə də Anar bəy qurultayda dediklərini bir daha təkrarladı:
“Bizim şüarımız var idi: “İnanın dəyişirik”. Bunu partiya üçün qurmuşduq. Biz hədəfimizə çatmaq üçün xalqı aktiv siyasətə gətirməliyik. Əgər bu olmasa, heç nəyə nail olmayacağıq. Bizə suallar verirlər ki, hədəfimiz nədir? Prezidentlik, parlament, yoxsa bələdiyyə? İlk məqsədimiz xalqı aktiv siyasətə gətirməkdir”.
Əslində Anar Əsədli bunu son parlament seçkilərində etdi.
“İnsanları ölkədə başlayan müsbət dəyişikliklərə inandırmağa çalışdıq. İnsanların məmurlara və onu təmsil etməyə borclu olan adamlara inamı tamamilə itib. Bu inamı dövlət və vətəndaş arasında olan məsul şəxslər sarsıdıb. Biz də bunun fərqindəydik. Ona görə də seçki prosesində heç bir evə gedib “Bizə səs verin” demədik. Biz seçkidə seçici aktivliyi yaratmağa çalışırıq və buna görə də onların evlərinə gedib ünsiyyət qurduq. Xahiş etdik ki, seçkiyə gəlsinlər. Bunu etməkdə məqsədimiz uzun illər boyu davam edən hərəkətsizliyi, seçkilərə biganəliyi aradan qaldırmaq idi”.
AY Partiyası yeni partiyadı. Bəs nədir, bu yeni partiyanın fəlsəfəsi? Sadəcə, yeni yaranmağımı?
Anar Əsədli belə izah edir. Və dəmir məntiqdir: “Biz yeni partiya deyərkən cəmiyyətə yeni ruh, yeni baxış, yeni yanaşma gətirməyi nəzərdə tuturuq. Bunun üçün biz bir yola çıxırıq. “Yol gedənindir”, deyiblər. Heç kim bu yolun inhisarçısı deyil. Bu yolun yoldaşı olmaq ağır da olsa, şərəflidir. Biz həm də bir-birimizin yoldaşı olmalıyıq. Çünki ancaq bu şəkildə layiq oduğumuz həyat tərzini qura biləcəyimizi düşünürük”.
Və bu yola çıxıldı. Azərbaycan yeni Yüksəliş Partiyasının varlığından çox qısa zamanda xəbər tutdu. Mükəmməl komanda, kreativ ideyalar, ən əsası, yeni-köhnə lider. Çünki AY-ın lideri məhz xalq hərəkatından çıxmış birisi.
1997-2000 ci ilə qədər AXCP Üzvü, AXCP Ali Məclis üzvü, eks prezident AXCP və BAB Sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olub.
2005-ci ildən əksər Avropa ölkələrində - Türkiyədə, Fransada, Almaniyada, İngiltərədə eləcədə ABŞ və Kanadada təhsil almış 50-dən çox mütəxəssisin yaratdığı "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir.
Anar Əsədlinin ideya müəllifliyi və baş redaktorluğu ilə 2006-cı ildə ölkəmizin ilk iqtisadi jurnalı olan “Yeni İqtisadiyyat” aylıq biznes-iqtisadi jurnalı Azərbaycan və ingilis dilində fəaliyyətə başlayıb.
2008-ci ildən isə jurnal eyni adda iqtisadi xəbər agentliyi kimi fəaliyət göstərib.
2014-cü ildə ölkənin xəbər məkanında öz orijinallığı ilə seçilən xeber365.com saytını təsis edib.
Anar Əsədlinin rəhbərlik etdiyi QASİM İctimai Birliyi ölkə xaricində də geniş miqyasliı tədbirlər həyata kecirib. Bu sıraya öz siyasi əhəmiyətinə gorə çox böyük səs salmış 2016-cı il 23 fevral tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı faciəsinə həsr olunmuş «Uluslararası Hocalı soykırımı paneli: İnsanlığa karşı cinayet» və yenə Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində 30 dekabr 2014-cü ildə keçirilən Dünya Azərbaycanlıları həmrəyliyi günü tədbirləri aiddir.
2020-ci ilin 9 fevral parlament seçkilərinə qatılıb və böyük səs çoxluğu və seçicilərin rəğbətini qazanmıb, bu seçkilərin ən uğurlu namizədlərindən biri olub.
Və nəhayət, 2020-ci ilin 16 iyulunda məsələkdaşları ilə birgə Azərbaycan YÜKSƏLİŞ partiyasını təsis edib.
90-ların uşaqlarıyla. Azərbaycan siyasi partiyalar camiəsində yeni simalardı.
***
Anar Əsədli deyir ki, əsas məqsədləri daxildə çox ciddi şəkildə təşkilatlanmaq, qısa müddətdə beynəlxalq əlaqələri qurub möhkəmlənmək.
“20 il idi Azərbaycan siyasi mənzərəsini izləyirdik. Düşünürdük ki, çox ciddi beynəlxalq əlaqələr qurmalıyıq. Bunu Türkiyədən başlamalıyıq. Türkiyə ilə Azərbaycandakı siyasi partiyaların heç birinin siyasi əməkdaşlığı yoxdur. Yanvar ayında Türkiyəyə getdik. Çox ciddi görüşlər keçirdik. Bu görüşlərdə HDP xaric, - o bizim üçün qırmızı xəttdi -, hətta hökumət partiyası ilə görüşdük. Bizi CHP-də qəbul etdi, AK Partiya da. Türkiyədə Prezident sarayına getdik. Orada cənab Ərdoğanın məsləhətçisi ilə görüşdük. İYİ Partiyanın rəhbəri ilə görüşdük. Çox ciddi əlaqələrimiz quruldu. QHT-lərlə görüşdük. Ən əsası Universitet rektorları ilə görüşdük”.
Bəs niyə məhz universitetlər?
“Türkiyə universitetləri ilə əməkdaşlıq üzərinə düşünürük. Müəyyən gənclərimizin orada burslu təhsil almasına dəstək olunmalıdır. Universitet rektorlarından xahiş etmişəm, onları Bakıya dəvət etmişik. Onlara çatdırdım ki, Rusiyanın Azərbaycanda iki universitetinin şöbəsi var, amma Türkiyə bir universitetinin belə şöbəsini açmır. Deyirlər ki, sizin hakimiyyətdən təklif gəlməyib. Bəli, gəlməyəcək də. Bu təklifi siz edin”.
Türkiyə və Kıbrısda səfərdə olub partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslərlə birgə.
Anar bəy deyir ki, Mersin və Adanada böyük iş adamlarıyla görüşüb.
“Çox böyük iş adamları var. Buyurun, Azərbaycana gəlin dedim. Biz dövlət deyilik, hakimiyyət deyilik. Biz bunları sizə partiya olaraq deyirik. Bizim məqsədimiz odur ki, Azərbaycan və Türkiyə çox dərin ittifaq içində yer alsın. Bu missiya bizim üzərimizdədir”.
Başqan bu yerdə bir məqama da toxunur:
“Müxalifət dövlətin strateji sütunudur. Strateji sütun nədir? Xüsusən xarici siyasətdə dövlətin əlini gücləndirmək. Sən universitetin şöbəsini açacaqsan. Mənim orada heç bir qazancım yoxdur. Amma orada 50 nəfər yetişəcək. Bütün proqramımızı on il sonraya hesablayırıq. Mənə yetişən 50 nəfər lazımdır. Mən onların üzərinə seçimə gedəcəm”.
Anar bəy deyir ki, partiya görüşləri yalnız Türkiyə ilə kifayətləndirməyəcək. Cari ilin oktyabr ayından başlayaraq, Gürcüstan, Ukrayna və Moldova səfərləri planlaşdırılır.
Başqan onu da deyir ki, partiya Krım platformasına dəvət alıb. Təəssüflər olsun ki, Kıbrıs səfəri ilə üst-üstə düşdüyü üçün iştirak edə bilməyiblər.
Amma Anar bəy Krım platforması ilə bağlı fikirlərini də bölüşür:
“Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Hazırda dünyada formalaşan anti-Rusiya mövqeyinin göstəricisidir. 23 avqustda Krım Platformasının təsis görüşündə, ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunub. Azərbaycan isə imtina edən dövlətlər sırasındadır. Son günlərin düşündürücü suallarından biri də Azərbaycanın bu platformada iştirak etməli olub, olmaması ilə bağlıdır.
Əslində ölkəmizin iştirak etməsi ilə bağlı bir çox faktorlar mövcuddur.
• Əvvəla, Azərbaycan və Ukrayna arasında dərin siyasi əlaqələr var. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik.
• Azərbaycan Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir.
• Ukrayna da Qarabağ məsələsində Azərbaycanı açıq şəkildə dəstəkləyən, Ermənistanı təcavüzkar ölkə adlandıran az sayda dövlətlərdən biridir.
• Ukraynada ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyası təsdiq olunub. Strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaşı kimi qeyd edilib.
• Türkiyə Krım Platformasında təmsil olunur. Azərbaycanın iştirak etməsi həm də Türkiyəylə ölkəmizin birgə addımlaması prinsipin’ və Şuşa bəyannaməsində də yer alan “beynəlxalq platformalarda səylərin birləşdirilməsi” punktuna uyğun olardı.
Azərbaycan Krım Platformasına qatılardısa nə əldə etmiş olardı?
• Azərbaycan Krım Platformasına qoşularsa ona nail ola bilər ki, kollektiv Qərb, ABŞ, NATO, Avropa Birliyi Moldova, Ukrayna və Gürcüstanın müstəqilliyini necə müdafiə edirsə, Azərbaycanı da elə müdafiə edə bilər.
• Rusiyanın beynəlxalq gündəmdə zəifləyən rolunu nəzərə alsaq, Qərblə yaxınlıq Azərbaycana həm siyasi, həm iqtisadi, həm strateji dividientlər qazandırar.
• Qərbin dəstəyi alınaraq rus hərbi bazası Qarabağdan çıxarıla bilər.
• Qərblə yaxınlaşma Rusiyanın bölgədəki siyasətində daha ehtiyatlı davranmasına səbəb ola bilər.
• Rusiyanın bölgədən uzaqlaşdırılması ilə ermənilərlə vastiəçisiz danışıqlar aparıla bilər və qarşı tərəf sülh müqaviləsinə vadar edilə bilər. Nəzərə alsaq ki, Ermənistan Aİ-dən yüklü miqdarda ianə alacaq, bu cür yardım qarşılığında İrəvanın tamamilə Moskvaya tərəf “yıxılması” mümkünsüzdür və bu durumda Qərb də münaqişənin tamamilə aradan qalxmasında, bölgədə sülhün Rusiyasız təmin olunduğu mesajını verməkdə maraqlı olacaq.
Lakin bütün bu sadaladıqlarım olmalı olduğu halda, niyə əks qərar alındı, bunun səbəbi üzərində durmaq lazımdır. Reallıq Azərbaycana nəyi diktə edir? Krım Platformasında iştirak etmək üçün öncə hansı addımlar atılmalı idi.
Krım Platformasında iştirak etməklə bağlı qərar Azərbaycanın Qarabağ məsələsində Rusiya ilə bağlı qəti qərar verməsindən aslıdır”.
Və bir də “Yavru vətən” - Kıprızla bağlı fikirlərini bölüşür Başqan:
“Azərbaycan xalqı Kiprlə bağlı məlumatlı deyil. İlk olaraq biz bunu xalqa anlatmalıyıq. Prezidentlə görüşdük. Həm rəsmi, həm də səmimi görüşümüz oldu. Təklif etdim ki, bir tək partiya ilə kifayətlənməməliyik. Biz Azərbaycandakı universitetlərlə danışaq. Azərbaycan bu məsələ ilə bağlı konfranslar təşkil etdirsin. Onlar gəlsin media, tələbələr, QHT-lərlə görüşsünlər. Təşkilatçılığı biz edə bilərik. Yəni Azərbaycan prosesdən agah olsun. Çox istərdim ki, bu ölkəni tanıyan ikinci türk ölkəsi olaq”.
***
“HÜRRİYYƏT HAVASINI TƏNƏFFÜS EDƏK”.
AY olaraq gün kimi doğaq. Bu iddiadadı partiya başqanı, partiya üzvləri, tərəfdarları.
Başqan deyir ki, yaxın 5 ildə Yüksəliş Partiyası ölkənin beş partiyasından biri olacaq.
Hə, iddialıdırlar. Çünki İNANIRLAR. İnam olan yerdə, Yüksəliş də olacaq.
Müəllif: Səbuhi Məmmədli