Bu gün 9 fevral 2020-ci il parlament seçkilərindən iki il ötür. Sonuncu parlament seçkiləri həqiqətən fərqli ab-hava yaratmışdı, insanları dəyişikliyə ümidləndirmişdi, məhz bu baxımdan hələ də yaddaşlardadır və haqqında zamanla danışılır.
Lakin gözlənilənin əksinə, nəticə əvvəlki seçkilərdən də biabırçı oldu. Əvvəlki seçkilərdə xalq səsvermədə ümumiyyətlə, iştirak etmir və passiv münasibət göstərirdisə, bu dəfə seçkiyə gedən xalqın səsi oğurlandı.
Hətta xatırlayırsınızssa, bəzi dairələrdə əlbəyaxa döyüş səhnələrini belə izlədik.
Bütün bunların fonunda nəhayət parlamentin tərkibi təsdiqləndi.
Ötən iki ildə "seçilmiş" deputatlar isə qalmaqalları ilə maşallah, mafiya və şou-biznes əhlini belə geridə qoydular.
Hər gün yeni kriminal xəbər eşidirik: polisi döymə, adam oğurluğu, külli miqdarda vəsaitin başqa ölkədə mənimsilməsi və s. kimi bildiyimiz və bilmədiyimiz olaylar.
Hələ səviyyəsiz, ikrah doğuran çıxışları, lal ördəkləri heç demirəm.
Azərbaycan postmüharibə dönəminə bu parlamentlə davam edir.
Və bir də seçilən, amma haqqı oğurlanan namizədlərin bu iki ildə gördükləri işlər var ortada.
İki ildə dəfələrlə şəxsimə yönələn suallardan biri də bu idi ki, biz niyə bu prosesə qoşulduq?
Öncə onu xüsusi vurğulayım ki, rəsmi olaraq, qələbə əldə edə bilməsək də, biz bu prosesdən xalq olaraq uğurlu çıxdıq, bu proseslə çox şeyi sübuta yetirdik, hətta gələcək parlament seçkiləri, eləcə də ictimai-siyasi fəaliyyət üçün bir baza yaratmış olduq ki, bu gün mən bir partiya başqanı olaraq sizə xitab edə bilirəm.
Bu seçkilərin sayəsində potensialımızı dəyərləndirə, bizi tanıya bildiniz, apardığımız kampaniyaya, səsləndirdiyimiz mesajlara diqqət edib, ölkənin siyasət meydanını bir daha saf-çürük etdiniz.
Çünki gerçəkdən də mən və bu seçkilərin ortaya çıxardığı bir çox istedadlı, bacarıqlı şəxs, parlamentdə olmağa layiq namizədlər ölkənin gələcəyi üçün passiv olmağı, prosesi kənardan izləməyi doğru hesab etmədik.
Biz göstərdik ki, bu məmləkətdə dəyişiklik yaratmağa, insanları ətrafında toplamağa və birgə hərəkət etdirməyə siyasi zəkası yetən şəxslər var. Təkrarçılıq olmasın, AY Partiya buna nümunədir.
Biz zaman-zaman bu məmləkətin insanlarının beyinlərinə yeridilən "kim var ey seçilsin?" kimi təbliğata son vermək üçün ortaya çıxdıq, "biz varıq" dedik, mövqeyimizi bəyan etdik.
Həqiqətən, dövlətlə millət arasında körpü olmağa çalışdıq. Sizinlə bərabər əl-ələ verib, konstitutsion hüquqlarımızdan istifadə edərək hüquqi müstəvidə mübarizə apardıq, olmadı.
Amma və lakin...
Bir aktivlik yaratmağa nail olduq. Başlatdığımız kampaniya ilə şüarçılıq, seçicinin ayağına getmək yarışı başladı. Seçicilər özlərini önəmli hiss etdi, indiyə qədər səs almayıb deputat seçilən insanlar ən azından narahatlıq keçirdi, əl-ayağa düşdülər. Hansısa partiyanın qərargahında oturub insanlara "gəlin, bizi dinləyin" demədik, özümüz xalqı dinləməyə getdik, insanlar yeni sima gördülər və bəlkə də, elə həm də bu üzdən seçkiyə gəldilər.
Ölkənin siyasi arenasına yeni fikir və düşüncə tərzini daşıyan insanları təqdim etdik. Bunun sayəsində xalqın bəlli bir hissəsi seçkilərə getdi, səs verdi, istəmədikləri deputatları qovdu, mövqe nümayiş etdirdi.
Daha nə etməliydilər ki?
Bu sadaladıqlarım prosesin pozitiv tərəfləri idi. Yekun olaraq isə neqativ nəticə aldıq. Total seçki saxtakarlığı oldu və buna görə məhkəmələrə müraciət edildi, məhkəmələr isə bu saxtakarlığa rəsmən göz yumdu, xalqın səsi tanınmadı, bir çox ciddi siyasi zəkası, intellekti, dünyagörüşü, təcrübəsi olan və dövlətə, millətə faydası olacaq şəxslər parlamentdən kənarda saxlanıldı.
Amma siyasi nəticə əldə etdik. 70-lər nəsli ciddi siyasi təşkilatlanmadan keçir, özündən əvvəlki və sonrakı nəslin də iştirakı ilə ortaya yeni siyasi qüvvə çıxarır. Sonuncu parlament seçkiləri bu zərurəti daha aydın göstərmək üçün çox yaxşı fürsət oldu və deyərdim ki, prosesi sürətləndirdi, şəraiti yetişdirdi.
Siyasət uzağı, sonranı görə bilmək, hətta ona təsir edə bilməkdir. Hökm deyil ki, nəticəni bu gün əldə edə və ya göstərəsən. Ancaq hər kəsin açıq-aşkar gördüyü və hiss etdiyi nəticələr də var.
Siyasətdə səbirli olmaq lazımdır, hay-küyə məhəl qoymayın. Təmkin çətin, amma həlledici qüvvəyə malik bacarıqdır.
Həyatın heç vaxt dəyişilməyən faktlarından biri də budur ki, kök salmışlar həmişə yeniləri incidir.
Yəni istedadlar həmişə nəzərdən yayınır. Və bu, həyatın təəssüf doğurucu bir faktı olsa da, siyasət adamının həyat yolunun bir parçasıdır.
Yenə deyirəm: səbir və təmkinlə, həmişə soyuqqanlı və nəzakətli olmaqla prosesin qalibi biz olacağıq.