Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib. Rayon sakini İlqar Vəliyev bu gün səhər saatlarında özünü yandırmağa çalışıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib. Onun sözlərinə görə, intihara təşəbbüs bu gün səhər saat 8 radələrində baş verib: "Polis əməkdaşları cəhdin qarşısını alıb".
Azərbaycan Yüksəliş Partiyası Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini, QHT nümayəndəsi Sevinc Fədai də əlavə edib ki, son günlər torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən qazilərimizin məhz intihar və intihara cəhd aksiyalarının artması, təbii ki, hər birimizdə haqlı olaraq, narahatlıq və narazılıq doğurur: "Bu, əslində bütövlükdə cəmiyyətdə baş verən sosial gərginliyin və partlayışın göstəricisidir. Statusundan və peşəsindən asılı olmayaraq, ümumilikdə vətəndaşa qarşı laqeydliyin nəticəsidir. Qazilərimizin bu hala gətirilməsi isə xüsusi siqnaldır. Bu həyəcan təbili bizi oyatmalı, hərəkətə gətirməlidir. Postmüharibə dövründə qazilərin, eləcə də digər müharibə iştirakçılarının intiharı gözlənilən olur və kökündə psixoloji səbəblər dayanır. Ancaq məhz sosial-iqtisadi səbəblər, aidiyyəti qurumların, müvafiq şəxslərin biganəliyi vəziyyəti daha da qəlizləşdirir. Hesab edirəm ki, ən önəmlisi adları vətənlə, azad torpaqlarımızla bərabər çəkilən bu şəxslərə yanaşma dəyişməlidir. Münasibət dəyişərsə, sağlam dəyərlər sistemi formalaşarsa, sosial-iqtisadi problemlər də öz həllini tapacaq. Həmçinin ümumilikdə qazilərimizi də daha dayanıqlı və möhkəm edəcək. Ona görə də ideoloji boşluğu doldurmağa, bu sahədə ciddi və sistemli şəkildə çalışmalara ehtiyac var. Burada hökumətlə yanaşı, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, media orqanları da rol almalıdır. Həmçinin, intiharlarda rolu və təsiri olan şəxslər cəzalandırılmalıdır. Cəzasızlıq sisteminin özü böyük faciələrə və boşluğa yol açır.
S.Fədai qeyd edib ki, məsələnin əhəmiyyəti və çəkisi nəzərə alınaraq, Azərbaycan Yüksəliş Partiyası Başqanının şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə iş üzrə müavini postu yaradıldı: "Ardınca siyasi institut olaraq, ictimai müzakirə başlatdıq. Qalib ordunun qazisi özünü aciz, çarəsiz hiss etməməlidir, bu mövzuda əlimizdən gələni etməliyik. Problemin miqyasının daha da böyüməməsi üçün zəruri addımlar atılmalıdır. Partiya olaraq, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı problemlərin tənzimlənməsinə dair təkliflərimizi hökumətə və ictimaiyyətə təqdim etmişik. Hesab edirik ki, bu və digər addımların həyata keçirilməsi problemin həllində böyük önəm daşıyacaq".