“İslam pərdəsinə bürünmüş İran İslam Respublikasından insan haqları ilə bağlı vahiməli xəbərlər gəlməkdə davam edir”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov bildirib.
O əlavə edib ki, son olaraq, 2017-ci ildə elmi konfrans üçün İrana gələn, orada tutularaq, qondarma ittihamlarla barəsində ölüm hökmü çıxarılan əslən Ərdəbildən olan İsveç vətəndaşı, professor Əhmədrza Cəlai yaxın günlərdə edam olunacağı xəbəri yayılıb.
“Tibb sahəsində uzman olan Əhmədriza Cəlai daha öncə verdiyi açıqlamalarında bildirib ki, İran rejimi onu israr və təhdidlə casusluğa cəlb etməyə çalışıb, bu səylər nəticəsiz qaldıqda haqqında bu şəkildə “ölçü götürülüb”.
Diqqətinizə çatdırmaq istərdim ki, İranda sonuncu prezident seçkilərində qalib gələn İbrahim Rəsinin rəhbərliyi dövründə 333 nəfər müxtəlif ittihamlarla edam edilib ki, bu da əvvəlki illərlə müqayisədə təxminən 30 faiz daha çoxdur. Əksər ölkələrdə ölüm hökmünün ləğv edilməsi fonunda bu statistka qorxuncdur və ciddi şəkildə əndişə yaradır”, - deyə o qeyd edib.
Bəhrəm İsmayılov bildirib ki, İran rejimi bu dövlətin ərazisində yaşayan Azərbaycan türklərinin bütün hüquqlarını mütəmadi pozur: “Ən kiçik haqlarını tələb edən həmvətənlərimiz müxtəlif vasitələrlə təqibə məruz qalırlar. İnsan haqları ilə bağlı bütün beynəlxalq qurumların da bu barədə verdikləri açıqlamalar yuxarıda sadaladıqlarımızı tam təsdiq edir.
Düşünürük ki, beynəlxaq aləm İranda insan hüquqları ilə bağlı fəaliyyətini ciddi ölçüdə genişləndirməli, bu vəhşətin qarşısını almalıdır.
Eyni zamanda, Azərbaycanda insan haqlarısahəsində fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlar İranda yaşayan milyonlarla həmvətənimizin ən adi hüquqlarının pozulmasına biganə qalmamalıdır”.