14 iyul 1959-cu il.
İnsanlığın sinifdə qaldığı növbəti tarix.
Türkmən elinin qan ağladığı gün.
İraqda, türkmənlərin paytaxtı olan Kərkükdə türkmən qardaşlarımıza qarşı törədilən soyqırımından 63 il ötür.
İnsanlığa qarşı misli görünməmiş vəhşiliyin həyata keçirildiyi Kərkük qətliamı təəssüf ki, dünyada tanınmır. Türkmənlər həmin tarixdə yaşlı, cavan, uşaq, qadın fərqi qoyulmadan soyqırımına məruz qaldı. Günahları sadəcə türk olmaları idi. İraqda üçüncü böyük xalq olan türkmənlərə qarşı bu qətliam ilk deyildi. 1924, 1939, 1946, 1959, 1980, 1991-ci illərdə də onlara qarşı dəhşətli qətliamlar, soyqırımları törədilmişdi.
1959-cu ilin bu günü törədilən qətliam İraqın müstəqilliyinin birinci il dönümünə təsadüf edirdi. Ancaq baş verənlər təsadüf deyildi…
Əsrlərdir, Osmanlı imperiyasının tərkibində olan İraq və Misak-ı Milli adlandırılan torpaqların bir qismi sayılan Türkmən əyalətləri də Paris Sülh Konfransının qərarlarına əsasən, 1920-ci ildən etibarən İngiltərənin idarəçiliyinə verilərək, yeni formal monarxiya qurulmuşdu.
Bu monarxiya 1958-ci il 14 iyulda həm xalqın, həm də Sovet İttifaqının dəstəyi nəticəsində hərbi çevrilişlə tarixə qovuşdu. Həmin hadisənin birinci ildönümündə milli geyimlərdə müstəqilliyini qeyd edən əliyalın türkmənlərə dəhşətli divan tutuldu. Yüzlərlə silahsız türkmən oradaca yaralandı, öldürüldü. Bu azmış kimi evlərə, dükanlara basqın edildi, hər tərəf dağıdılaraq yandırıldı. 60-a yaxın insan diri-diri boş quyulara atıldı, üzəri torpaqlanaraq öldürüldü.
Həyatını İraq ordusuna həsr edən, Kərkükü, Türkmənelini çox sevən türkmən xalqının igid oglu Ata Hayrullah 14 iyul soyqırımı baş verən geçə evində ailəsinə, uşaqlarına türk tarixindən bəhs edirmiş. Elə həmin vaxt kommunistlər onun qapısını döyür. Ata Hayrullahı türkləri topladıqları ölüm meydanına götürürlər. Onu ağaca bağlayıb, diri-diri ətlərini kəsərək – “turançıların, türkçülərin lideri Ata Hayrullahın ətinin kilosu 10 fuluşa (quruş) alan varmı?” – deyib, ətlərini ətrafda olan heyvanların qabağına atmağa başlayırlar.
Bütün bu vəhşilikləri törədənlər o zaman İraqda əsasən, kürdlərdən təşkil edilən İraq Kommunist Partiyasının peşəkar silahlı üzvləri idi. Onlar kürd və ərəb qrupları olmaqla, vaxtilə SSRİ tərəfindən Rusiyada yetişdirilmişdilər. Soyqırımda birbaşa iştirak edənlərin böyük əksəriyyəti cinayətkar olduqları halda sərbəst buraxıldılar. Edama məhkum edilənlərin edamını isə heç kim görmədi. Kərkük türkmənlərinin qanına susayan cinayətkarların sərbəst buraxılmasını İraqın türk insanlarına qarşı böyük zərbə idi.
Məqsəd isə bəlli idi.
Bölgədə türklərin güclənməsindən, gələcəkdə Türkiyə cümhuriyyəti ilə əlaqə qura biləcəklərindən çəkinən SSRİ rəhbərliyi bu qətliamı kürdlərin əli ilə həyata keçirdi. Necə ki, 150 il öncə eyni məqsədlə erməniləri Azərbaycanın tarixi ərazilərinə köçürmüşdülər. Beləcə, erməni – türk qarşıdurmasından sonra, bölgədə kürd – türk düşmənçiliyinin də əsası qoyuldu.
Türkmənlər bu gün də İraqda eyni diskriminasiyaya məruz qalır. Əhalinin 10 faizini təşkil etməsinə baxmayaraq, siyasi iradələri hökumət səviyyəsində ifadə edilmir, parlamentdə təmsilçiləri yer almır, hökumət üzvləri və digər önəmli vəzifələrdə 1 nəfər belə olsa, türkmən təmsil olunmur. 4 milyonluq türkmən əhalinin yaşadığı Türkmənelinin nəinki özünüidarə statusu, kompakt yaşadıqları ərazidə rəhbərlik sisteminində layiqli vəzifələri belə yoxdur.
Soyqırımı unudularsa, təkrarlanar. Günahsızlar qətlə yetirilməsin, qadınlara zülm edilməsin, körpələr fəryad etməsin deyə soyqırımı unutmayaq! Unutdurmayaq!
Ruhunuz şad olsun, qanı bir, canı bir türkmən soydaşlarımız!
Sizləri unutmadıq!