“Bu gün tarixi Azərbaycan torpaqlarını və xalqını ikiyə bölmüş Türkmənçay müqaviləsinin (1828) qüvvəyə mindiyi gün imiş. Yəni tarixi Azərbaycan torpaqlarda erməni vilayətinin yaradılaraq İrandan ermənilərin bu ərazilərə köçürülməyə başladığı tarix”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Rəşad Bakuvi bildirib.
O qeyd edib ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirliyinin rəsmi facebook səhifəsində tarixi-sənədli məlumat paylaşılıb: “Əslində, tarixi fakt deyib, üzərindən keçmək də olardı.
Fəqət Rusiya xarici siyasət idarəsinin məlumatında Azərbaycan ictimaiyyətini narahat etməli olan orada Azərbaycanın əzəli tarixi ərazilərinin guya ermənilərə aid olması barədə kobud təhrif faktıdır.
Paylaşımı aktual edən başqa bir önəmli nüans isə Prezident Putinin Rusiyanın tarixi ərazilər iddiası ilə Ukraynanı işğal etməsi fonunda, bu gün qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalamaq üçün Azərbaycan Prezidenti İlham Əliyevi Kremlə dəvət etməsidir. Prezidentlərin görüşünə saatlar qala Rusiya Xarici İşlər Nazirliyi öz rəsmi facebook səhifəsində yazır ki, vaxtilə Türkmənçay müqaviləsinə əsasən, Rusiya imperiyasına qatılmış İrəvan və Naxçıvan xanlıqları "Şərqi Ermənistan" torpaqlarıdır. Artıq hər kəsə gün kimi aydındır ki, Moskva tarixi rəmzlərə çox həssasdır və son dövrlər siyasi mesajlarını məhz belə qıcıqlandırıcı rəmzlərlə çatdırır. Daha bir narahatedici fakt budur ki, Rusiya XİN paylaşdığı təhrif olunmuş tarixi məlumatlarda Azərbaycan xalqının bölgədəki varlığı barədə bir kəmlə belə söz etmir, bütün ərazini farsların (perslər) dominant olduğu bölgə kimi göstərir, sanki Azərbaycan türkləri yerli-dibli heç olmayıblar. Halbuki 1828-ci ildə indiki İran adlanan yerdə hökmran olan şahlıq Qacar Türklərinə aid olub”.
Rəşad Bakuvi bildirib ki, bu, bir daha Rusiyanın imperialist, şovinist və eksponsianist siyasətinin davamı olaraq qiymətləndirilməlidir.
“Rusiya XİN bu paylaşımı ilə Azərbaycan dövlətinə, xalqına, Prezidentinə, müstəqil, suveren ölkənin ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirir. Azərbaycanın tarixi dədə-baba yurdlarının "Şərqi Ermənistan" kimi göstərilməsi Azərbaycana qarşı növbati məkrli planların olması barədə ehtimalları gücləndirir. Dünyanın gözü qarşısında reallıq hissini itirmiş Vladimir Putin "tarixi ərazilərimizdir" avantürası altında "Vahid İttifaq Dövləti" qurmaq məqsədilə postsovet ölkələrinə qarşı müharibə elan edib. Ukraynada və digər postsovet ölkələrində baş verənlər buna sübutdur.
Azərbaycan XİN və Prezidentin xarici siyasət idarəsi Rusiya Federasiyası Dövlət Administrasiyası və xarici siyasət idarəsinə bu paylaşımla bağlı etirazını bildirməli və Kremldən izahat tələb etməlidir”, - deyə Başqan müavini əlavə edib.
https://www.facebook.com/100069392071612/posts/253217353667999/