Krım tatarlarının Özbəkistana sürgün edilməsindən 72 il ötür.
1944-cü il mayın 18-də yüz minlərlə Krım türkü Stalinin tapşırığı ilə doğma torpaqlarından zorla çıxarılaraq, minlərlə kilometr uzaqda yerləşən Özbəkistana sürgün edilib.
Üç gün davam edən sürgün prosesində 400 mindən çox Krım tatarı qadın, uşaq, yaşlı fərqi qoyulmadan heyvanların daşındığı qatarlara doldurularaq, uzaqlara göndərilib. Günlərlə davam edən məşəqqətli səfər zamanı 8 minədək günahsız insan yolda həlak olub. On minlərlə Krım tatarı məcburən köçürüldüyü ərazinin şəraitinə dözməyərək, dünyasını dəyişib.
İşğal etdiyi bütün torpaqlarda yerli xalqları soyqırımına məruz qoyan Çar Rusiyası və onun xələfi SSRİ-nin bu siyasəti Krım tatarlarından da yan keçməyib. Tatarların doğma torpaqlarından məcburi köçürülməsi Türkiyənin Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi idi. SSRİ üçün Krım tatarların türk kimliyi bu planın reallaşdırılmasına problem kimi görünürdü.
Stalin Krım tatarlarının bütün izlərini aradan qaldırmağa çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıyaalmalarında bu etnik qrupun adının çəkilməsini qadağan etmişdi. Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım tatarlarının geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi. 1980-ci illərin sonlarınadək Mərkəzi Asiyada yaşamağa davam edən tatarlardan 260 min nəfəri 45 il sonra əvvəlki yurd-yuvasına geri qayıda bildi.
Krım Ali Şurası 14 noyabr 1989-cu ildə Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiyanı cinayət kimi qəbul etdi.
12 dekabr 2015-ci ildə isə Ukrayna Ali Radası bu hadisələri soyqırımı kimi tanıdı, 18 may Ukraynada Krım tatarlarının soyqırımı günü kimi ölkə təqviminə salındı.
Azərbaycan Yüksəliş Partiyası sürgün zamanı həlak olmuş Krım tatarlarının əziz xatirəsini ehtiramla yad edir.