Noyabrın 1-i çağdaş ümumtürk poeziyasının görkəmli nümayəndələrindən biri olan Məmməd İsmayılın doğum günüdür.
1939-cü ildə Tovuzda anadan olan M.İsmayıl, Bakı Dövlət Universitetində və Moskvada Ali Ədəbiyyat kurslarında ali təhsil alıb. Uzun illər müxtəlif mətbuat orqanlarında və yaradıcılıq təşkilatlarında çalışıb. Azərbaycanda azad mətbuatın ilk qaranquşlarından biri olan "Gənclik" jurnalına və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib.
25 ilə yaxındır ki, Türkiyədəki Çanaqqala Universitetində işləyib. Elmlər doktoru, professor M.İsmayıl Azərbaycanda və dünyanın bir sıra ölkələrində çeşidli mükafatlara layiq görülüb. 60 ildən artıqdır ki, bədii yaradıcılıqla məşğul olan ustad şairin şeirləri çoxlu sayda xarici dillərə tərcümə olunub, onlarla kitabı işıq üzü görüb. Yaradıcılığı haqqında tanınmış alimlər yüksək fikirlər söyləyib. Adına qardaş Türkiyədə mükafat təsis olunub. Böyük söz ustadı kimi adı müasir dövrün nəhəng şairləri ilə bir yerdə çəkilir. Məmməd İsmayıl qürurlu və ləyaqətli ziyalı kimi də cəmiyyətdə böyük hörmət qazanan ziyalılardan biridir.
Azərbaycan Yüksəliş Partiyası şeirimizin son mogikanlarından biri olan Məmməd İsmayılın doğum gününü ürəkdən təbrik edir, ona sağlıqlı ömür və daha böyük uğurlar arzulayır.