Məlum olduğu kimi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycanda bəzi xarici qüvvələrin din pərdəs altında bölücülük fəaliyyətlərini artırmaları ilə bağlı bəyanat verib.
Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov məsələ ilə bağlı Xeber365.com-un suallarını cavablandırıb.
- Sizcə, bu bəyanat hansı zərurətdən verilib?
- İlk olaraq qeyd edək ki, ölkədə siyasi və geopolitik yükü bu qədər böyük ölçüdə olan bəyanat Azərbaycan dövlətinin rəsmi mövqeyidir. Bəyanatda diplomatik qaydalara uyğun olaraq, açıq şəkildə ad çəkilməsə də, söhbətin cənub qonşumuz İrandan getdiyi hər kəsə gün kimi aydındır.
Ritorikanın kifayət qədər sərtliyi məsələnin çox ciddi olduğunun göstəricididir.
Xüsusilə son aylar İrandakı iqtisadi çöküş, insanların onsuz da çətin olan sosial durumlarını daha da pisləşməsi artıq ciddi etirazlarla müşahidə olunur və bu etirazlar növbəti dəfə küçələrə daşmaqdadır.
İllərdir, beynəlxalq embarqolar altında əzilən İran iqtisadiytatı insanların sosial durumlarını yxşılaşdırmaq, iqtisadi problemləri həll etmək gücündə deyil.
İran kimi qapalı ölkələr bu məsələləri həmişə olduğu kimi indi də ideoloji vasitələrlə "həll” etmək istəyir. Teokratik üsulla idarə olunan İran şiə dövləti əlbəttə ki, iki variantdan istifadə edir:
Birincisi, "xarici düşmən faktoru" xofu yaratmaq, ikincisi isə ideoloji çevrəsini qonşu dövlətlərin hesabına genişləndirmək.
On illərdir, davam edən ABŞ və Qərbin timsalında "xarici düşmənin varlığı və onun üzərində qalib gəlmək" ideologiyası artıq iflasa uğramaqdadır və qloballaşan dünya fonunda ölkəni qapalı tutmaq getdikcə mümkünsüzləşir.
İran vətəndaşı atıq hər hansı bir xəyali düşmənlə mübarizə aparmaq yox, normal yaşamaq istəyir.
- Bu proseslərdə bizim dövlət maraqlarımız necə qorunmalıdır?
- Çox təəssüf ki, Azərbaycanda “nə olursa olsun, hakimiyyətə qarşı olsun” prinsipi ilə "fəaliyyət göstərən" siyasi qüvvələr də yox deyil.
Son günlər İran agenturasının başında gələn bəzi şəxsləri Azərbaycan cəmiyyətinə və beynəlxalq aləmə “siyasi məhbus” kimi sırımaq istəkləri bunun bariz nümunəsidır.
Düymənin eyni mərkəzdən basıldığı açıq-aydın görünür.
Milli kimliyin, milli şüurün, dövlətçilik hissinin kifayət qədər gəlişdiyi Azərbaycanda bu, o qədər asan olmasa da, təhlükənin ciddiliyini mütləq nəzərə almalıyıq.
Məscidləri tövləyə çevirən erməniləri hər vəchlə müdafiə edən İran üçün heç bir müqəddəs anlam yoxdur və olmayacaq.
Bunu İslam dininindən olan Azərbaycan vətəndaşı anlamalıdır.
Anlamalıdır ki, İranın dövlət maraqları tələb edəndə xristian rusla da, erməni ilə də müsəlman azərbaycanlını əzməyə hər zaman hazırdır.
Bütün bunları nəzərə alan İran rejimi öz bölücülük fəaliyyətini daha da artırıb və bunun nişanələri böyük əksəriyyəti dini baxımdan şiə-müsəlmanlardan ibarət Azərbaycanda görünməkdədir.
İran hər zaman Azərbaycanı özünə təhdid görür və bunun kifayət qədər səbəbləri var.
Əhalisini tam qapalı, dünyadan təcrid olunmuş şəkildə idarə edən, vətəndaşlarının ən minimum hüquqlarını tanımayan, qanunları orta əsr feodal cəmiyyətini xatırladan İran və sərhədində tolerant, bütün dinlərə, etiqadlara ən yüksək şəkildə etimad göstərən, pis-yaxşı dünyaya inteqrasiya etmək istəyən, dünyanın bir çox nüfuzlu tədbir və yarışlarına ev sahibliyi edən Azərbaycan.
Bundan narahat olan İran öz insanına heç olmasa, minimum haqları tanımaq əvəzinə, illərdir Tehranda, Qumda, Məşəddə, İsfahanda yetişdirdiyi, formalaşdırdığı, təəssüf ki, Azərbaycan vətəndaşlarından ibarət casus dəstəsi ilə ölkəmizdə xaos yaratmaq niyyətindədir.
Yuxarıda qeyd olunan nüanslara bir daha nəzər salsaq, DQİDK -nin yəni DÖVLƏTİN verdiyi bəyanatı kifayət qədər yerindədir və vacibdir.
Beynəlxalq arenada baş verən çox ciddi geopilitik proseslərin, dünyanın yenidən bölüşdürülməsi cəhdinin baş verdiyi zamanda ayıq-sayıq olmalı, müttəfiqlərimizi, dostlarımızı düşmənlərimizdən ayırmağı bacarmalıyıq.