“Ermənilərin hiyləgər xislətli olduqlarını bildiyimiz üçün əvvəldən də vurğulamışdıq ki, mina xəritələrinin səhihliyi şübhə doğurur. Rəsmi səviyyədə etiraf olundu ki, mina xəritələrinin dəqiqliyi 25 faizdən yuxarı deyil. İndi də xarici işlər naziri ən son dəyişim prosesindən sonra oxşar açıqlama verdi. Ermənistan bu kimi son addımlarla bir daha sübut etdi ki, dövlət deyil, daha çox qəbilə mahiyyəti daşıyır. Çünki dövlətlər davranışlarında saxtalıqdan, yalandan uzaq olmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
O hesab edir ki, bundan sonra əsir alınmış erməni terrorçuların əvəzinə mina xəritərinin əldə olunması praktikasına son qoyulacaq: “Çünki cəmiyyətin də ciddi neqativ təpkisi ilə üzləşən bu hadisənin elə də əhəmiyyətinin qalmadığı aşkar oldu. Mina xəritələrilə bağlı ermənilərin və onlara havadarlıq edənlərin canfəşanlığına baxmayaraq, məlum oldu ki, onun xeyli hissəsi sonradan tərtib olunan, kifayət qədər qeyri-ciddi xəritələrdir. Təbii ki, artıq bu xəritələrin heç bir praktiki faydası yoxdur və buna bel bağlayıb zaman itirməyə lüzum görmürük. Mina xəritələri oldu ya olmadı, 44 günlük savaşdan sonra Azərbaycan dövləti öz imkanları, o cümlədən müttəfiqləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərini müxtəlif müasir avadanlıqların köməyi ilə özü aparır və bu istiqamətlərdə irəliləyişlərin olduğunu müşahidə edirik. Əlbəttə, könül istərdi ki, Ermənistan və onun havadarları barış, sülh tərəfdarı olaydılar, mina xəritələrinin dəqiqliyi də yüksək olardı, ərazilərin təmizləmə işləri sürətlə gedər, 30 il ərzində qaçqın və köçkün düşmüş insanlarımız öz dədə-baba yurdlarına daha erkən qayıdardılar. Ancaq görünən budur ki, nə Ermənistan, nə də onun arxasında dayanan qlobal güc mərkəzləri azərbaycanlıların bu tezliklə işğaldan azad olunmuş yaşayış məskənlərinə, Qarabağa qaytarılmasında maraqlı deyillər. Hesab edirəm ki, xəritələrin olmaması dünyanın sonu deyil və Azərbaycan da bu planda təkid etməməlidir. Müdafiə Nazirliyinin yaxşı təşkil olunmuş Mühəndis İstehkam Qoşunları bu istiqamətdə işlərini müstəqil şəkildə və qənaətedici formada yerinə yetirir. Bütun bunları nəzərə aldıqda o qənaətə gəlirik ki, Azərbaycan minalanmış ərazilərin böyük əksəriyyətini özünün gücü və cəlb edilən kənar resurslar vasitəsilə təmizləmək məsələsini xeyli dərəcədə həll edib. Elə ona görə də, hazırkı şəraitdə mina xəritələrilə bağlı məsələ Azərbaycan diplomatiyasında prioritet olmamalıdır. Doğrudur, bir ara mina xəritələri məsələsi Azərbaycan diplomatiyasının İrəvana müəyyən təzyiq metodu kimi meydana çıxdı. Fəqət zamanla aydın oldu ki, ermənilər bundan bir humanizm prinsipi kimi istifadə edib, beynəlxalq ictimaiyyətdə siyasi divident qazanmağa çalışırlar”.
A.Əsədli əlavə edib ki, İrəvan beynəlxalq aləmdə özünü guya humanitar məsələləri nəzərə alaraq, güzəştə gedən tərəf kimi göstərmək istədi: “Ancaq bu da alınmadı, çünki mina xəritələrinin sadəcə 20-25 faizi dəqiq idi. Həmçinin, xəritələrin həqiqəti əks etdirmədiyi barədə söz-söhbətlər bir daha bizi ayıq-sayıq olmağa məcbur edir. Bundan sonra o mina xəritələri ciddi-ciddi yoxlanılmalı və yalnız bundan sonra bir siyasi bazarlıq predmeti olaraq qəbul edilməlidir. Bir nüansı da xüsusi olaraq qeyd edək ki, müharibədən sonrakı dövrdə erməni diversantları, terrroçuları ələ keçdikdən sonra mina xəritələri gündəmə gətirilməyə başlandı. Yəni, əslində bu diversantlar həbs olunmasaydı, Ermənistan tərəfi Azərbaycana hansısa mina xəritələri verməyəcəkdi. Təbii, bu prosesdə bölgədə daim suyu bulandırmağa, bölgə xalqları arasında daim münaqişələrin qalmasında maraqlı olan Rusiya faktoru da unudulmamalıdır. Çünki bu kimi neqativ olaylar ən çox Moskvaya sərf edir. Ona görə ki, belə halda sülhə, barışa aparan proses tormozlanır. Hesab edirəm ki, Rusiya regionda nəzarəti əlində saxlamaq üçün daim iki xalq arasında nifaq salmağa davam edəcək. Yaranmış acınacaqlı vəziyyət məhz buna görədir. Fakt qonşu ölkələr bir-birinə güvənmir, etimad göstərmir, nəticədə ucuz siyasi bazarlıq gedir”.