“Hökumət uşaqlar üçün 2022-ci il üzrə gülməli sayıla biləcək 193 manat yaşayış minimumu təyin edib, yəni bir ay ərzində hər bir uşaq guya bu pul müqabilində qidasını, geyimini, təhsilini, səhiyyəsini, sağlam inkişafını, sair zəruri xərclərini minimum həddə qarşılamalıdır”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının İqtisadi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirib.
O qeyd edib ki, "gülməli" sözü qərəzli deyil, tam yerinə düşür.
“Təsəvvür edin, qiymətlərin ceyran belində olduğu, bahaçılığın, inflyasiyanın ən yüksək həddi şəraitində bu pula sağlam, yüksək təhsilli uşaq böyütmək nə deməkdir, zillət içində olan azərbaycanlı valideyn yaxşı bilir. Təbii ki, uşaqlar üçün yaşayış minimumunun 193 manat olması ilə razılaşmırıq. Nazirlər Kabineti yaşam standartları ilə bağlı normativləri, hesablama qaydalarını, modellərini dəyişməlidir. Burası heç...” deyə o əlavə edib.
Rəşad Bakuvinin sözlərinə görə, lap deyək ki, sözügedən minimum elə 193 manatdır: “O zaman qəribə və cavab istəyən bir sual yaranır: hökumət bu 193 manatı nə üçün təyin edib? Sadəcə statistika üçün? Hər il elan edib büdcə zərfinə bəzək vurmaq üçün? Yəni uşaqlar üçün yaşayış minimumu müəyyənləşdirib, onu vətəndaşa verməməyin məntiqsizliyinin bir izahı varmı? Ölkə iqtisadiyyatını, canınız çıxsın elə qurun, elə idarə edin ki, heç olmasa özünüzün təyin etdiyiniz minimum xərcləri Vətəndaşa ödəyə biləsiniz də! Vətəndaş sizə SİYASİ HAKİMİYYƏTİ ona görə verməyib ki, hər il ona palaz-palaz, çeşid-çeşid yalanlar, bəhanələr uydurasınız, vaxt öldürəsiniz. Vətəndaşın problemlərini həll etməlisiniz!
Heç olmasa, özünüzün təyin etdiyiniz gülməli, həqiqətdən uzaq rəqəmlərə, minimumlara sayğınız olsun”.
Başqan müavini əlavə edib ki, minimum əmək haqqından sosial müdafiə fonduna, icbari tibbi sığortaya, işsizlikdən sığorta haqqına tutulmalara son qoyulmalıdır, bu xərclər işəgötürənin öhdəsinə buraxılmalıdır.
“Minimum əmək haqqından gəlir vergisinin tutulmaması praktikası var, bu, digər tutulmalara da şamil oluna bilər. Yəni, haradasa işləyib minimum əmək haqqı alan vətəndaş onu tam almalıdır. Məsələn, əgər yeni ildən elan etdikləri kimi, 300 manat minimum əmək haqqı alacaqsa, o zaman işçinin bu məvacibindən 16 manat, 6 manat və 1,5 manat çıxılaraq 276,50 manat şəklində verilməməlidir. Çıxılan rəqəmlərin nələri əhatə etdiyini yuxarıda qeyd eləmişəm. Nəzərə alaq ki, onsuz da bu mininum əmək haqqı alan əmək qabiliyyətli vətəndaş bu pulu ehtiyaclarını ödəmək üçün ölkə içində, yerli bazarda xərcləyir. Şəffaf, uçotu olan bir iqtisadi sistemdə bu pul yenə büdəcəyə qayıda bilir nəzəri olaraq.
Hətta kimsə daha yüksək maaş alırsa, tutulma mexanizmi işə salınarkən, minimum əmək haqqı həddi həmin maaşdan çıxılmaqla maaşın yerdə qalan hissəsinə tətbiq olunmalıdır. Bu halda gələcəyə (pensiya dövrünə) etdiyiniz yatırımların məbləği azalmış ola bilər, ancaq biz hesab edirik ki, Vətəndaşa pul indi lazımdır, onun bu pula indi daha çox ehtiyacı var nəinki 25 il sonraya.
Biz belə hesab edirik ki, minimum əmək haqqından tutulmalarla bağlı hesablamalarda yeni modellərə üstünlük verilməlidir, vətəndaşın cibinə girmək praktikasına son qoyulmalıdır”.