Azərbaycan ədəbi-ictimai mühitində mühim hadisə olan “Molla Nəsrəddin” jurnalının təsis edilməsinin 116-cı ildönümüdür.
Görkəmli yazıçı-dramaturq, naşir Cəlil Məmmədquluzadə və dövrün tanınmış jurnalist-naşiri Ömər Faiq Nemanzadənin birgə təşəbbüsü ilə ərsəyə gələn “Molla Nəsrəddin” satirik-yumoristik jurnalının ilk sayı 7 aprel 1906-cı il tarixində Tiflisdə çapdan çıxıb.
XX əsr mətbuat tarixində inqilab sayıla biləcək jurnalın əsas üslüb istiqamətləri felyetonlar, satirik hekayələr, lətifələr, tənqidi məqalələr, karikaturalar və illustrasiyalar idi.
Jurnal 1918-ci ilədək Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib.
Dövrün ictimai, sosial, siyasi sahədə qüsur və eybəcərliklərini cəsarətlə dilə gətirən jurnalın şöhrəti Rusiya, İran, Türkiyə, İngiltərə, Fransa kimi ölkələrdə belə yayılıb.
Milli mətbuatımızın parlaq səhifəsi olan “Molla Nəsrəddin”in ən böyük xidmətlərindən biri də təkcə Azərbaycanda deyil, Orta Asiya, Volqaboyu, İran və Türkiyədə satirik mətbuatın təməlinin qoyulmasına təkan verməsi, vasitəçi olmasıdır.
Azərbaycan mətbuatının tarixində əvəzsiz rol oynamış, XX əsrin ictimai fikir tarixində klassik irs yaratmış “Molla Nəsrəddin”in qabartdığı bir çox məsələ indi də gündəmdədir. Mətbu orqan həmin dövrün bu günlə səsləşən acı reallıqlarını belə ifadə edirdi: “Dirisi ilə rus, ölüsü ilə ərəbcə danışan zavallı xalıqm mənim!”
Bu gün milli mətbuatın "Molla Nəsrəddin” və “Molla Nəsrəddin”çilərə çox böyük ehtiyacı var.
Azərbaycan Yüksəliş Partiyası “Molla Nəsrəddin” jurnalının yaradıcılarını ehtiramla yad edir.