Kreml rəsmisi demək istəyirdi ki, müttəfiqliyiniz nə qədər güclənsə də, sərhədlər məsələsində əsas vasitəçi Moskvadır.
"Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da “Birbaşa xətt” zamanı vətəndaşların suallarını cavablandırarkən vurğuladığı məsələləri, istər Ukrayna, istər Qarabağ, istərsə də Qara dənizlə bağlı söylədiklərini Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları kimi xarakterizə etmək olar".
Bunu "Xəbər365"ə Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
Onun fikrincə, “Ukrayna niyə Rusiyaya dost olmayan ölkələrin siyahısında yoxdur?” sualına Putinin “Ukrayna xalqı bizə dost xalqdır, indiki Ukrayna hakimiyyəti isə yox... Zelenskinin qərarları Vaşinqtonda, Parisdə, Berlində qəbul edilir” - cavabını verməsini Rusiya prezidentinin bu dövlətlə müttəfiqlik əlaqələrinin yaradılması üçün bir çağırış adlandırmaq olar.
"Bundan öncəki çıxışlarından fərqli olaraq, Putinin Ukrayna ilə bağlı fikirlərində əvvəlki siyasi ritorika hakim deyildi. Sanki “Zelenski Qərbdən uzaqlaşarsa, yarımadayla bağlı güzəştə gedərik” mesajını verirdi. Elə Qarabağla bağlı səsləndirdiyi fikirlər də eyni ritorikanı əks etdirir. "Rusiya çox ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Onun inkişaf etməsində heç kim maraqlı deyil: nə Azərbaycan, nə Ermənistan, xüsusən də Dağlıq Qarabağın sakinləri” bəyanatıyla Putin həm müəyyən dairələrə mesaj verdi ki, münaqişənin həllində əsas tərəf Rusiya olub; Azərbaycan və Türkiyəyə isə mesaj verdi ki, postmünaqişə dövründəki proseslərdə də Rusiya əsas tərəf olaraq qalacaq. “…əgər biz hamımız sülh içində və mehriban yaşasaq, adamların təkcə təhlükəsizlik sahəsində həyatının yaxşılaşması üçün yox, həm də iqtisadi, sosial inkişafı üçün şərait yaradacağıq ki, Qarabağda insanların buna böyük ehtiyacı var", - deməklə Putin həm də Ukrayna ilə bağlı fikirlərini Paşinyan üçün təkrarlamış oldu: Erməni xalqı dostumuzdu, hakimiyyət isə buna özü qərar verməlidi…
Putinin “Sərhədlərin müəyyənləşdirilməsi üzərində iş gedir” deməsi isə daha çox Türkiyə və Azərbaycan arasında güclənən hərbi ittifaqa yönəlik bəyanat idi. Kreml rəsmisi demək istəyirdi ki, müttəfiqliyiniz nə qədər güclənsə də, sərhədlər məsələsində əsas vasitəçi Moskvadır və alternativə ehtiyacı yoxdur. Ancaq Ermənistanda qərbyönümlü Paşinyanın yenidən hakimiyyətə gəlməsi fonunda deyə bilərik ki, Putin ümumilikdə postmünaqişə dövründə Azərbaycanın xeyrinə bir çox məsələlərin həll olunmasına kömək etməklə erməni xalqında öz liderlərinə qarşı inamsızlıq yaratmağı hədəfləyir. Ehtimal ki, bağlı qapı arxasındakı danışıqlarda həmkarı Əliyevə üçtərəfli razılaşmaların icrasının sürətləndirilməsinə töhvə vermə imkanlarını da açıqlayıb.
Paralel olaraq Rusiya XİN başçısı Lavrovun Antalyada həmkarı Çavuşoğluyla görüşündə də eyni ab-hava müşahidə olundu. Lavrov bəyan etdi ki, Ankara ilə Bakı və İrəvanı yaxınlaşdırmaqla bağlı razılıq əldə ediblər, o cümlədən, Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyətindən məmnundurlar. XİN başçısının xüsusən kommunikasiyalar məsələsinə toxunması da təsadüfi deyildi. Rusiya regionda varlığını qorumaq üçün iqtisadi və kommunikasiya əlaqələrinin qurulması amilindən istifadə edəcək. Bundan öncə Lavrovun qaçqınlar məsələsini qaldırması da eyni məqsədə hesablanmışdı. Lavrovun Şuşa zirvəsinə münasibət bildirməsi, “biz bu gün Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edərək Azərbaycanla Ermənistanın münasibətinin normallaşmasına, azərbaycanlıların və ermənilərin bu torpaqlarda yan-yana, mehriban qonşuluq şəraitində yaşamalarına şərait yaratmağa kömək etsin” deməsi, Ərdoğanın 3+3 formatından məmnun olduqlarını bildirməsi Rusiyanın Türkiyənin bölgədəki varlığı ilə hesablaşması deməkdir.
Bir sözlə, Rusiya rəsmiləri tərəfindən səslənən bəyanatlardan belə nəticə çıxarmaq olar ki,
- Rusiya artıq bölgədə dominantlıq etmək uğrunda deyil, müəyyən məsələlərdə rol alaraq bölgədə qalmaq uğrunda mübarizə aparır.
- Rusiya münaqişə tərəfləri gələcəkdə sülh haqqında razılığa gəlsələr belə, siyasi əməkdaşlığın əsasını təşkil edən iqtisadi, nəqliyyat-kommunikasiya və sosial sferalardakı inteqrasiya üçün rus hərbi birləşmələrinin bölgədə varlığına ehtiyac olduğunu duyurur.
- Kreml bütün imkanlarıyla ABŞ-ın bölgədə yenidən aktivləşmək istəyinin qarşısını alır.
- Moskva artıq birmənalı şəkildə Bakı və Ankara ilə hesablaşır", - deyə Anar Əsədli bildirib.