“Son günlər məktəblərlə bağlı yayılan bir neçə xəbərin mahiyyəti bir-biriylə üst-üstə düşdü”.
Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini İlahə Qurbanlı bildirib.
O əlavə edib ki, yayılan xəbərlərin bəzisi şagird, bəzisi müəllimlərin geyimləri ilı bağlıdır: “Goranboyda qız şagird məktəbə şalvarla getdiyi üçün təhqir olunub. Bakıda isə məktəb direktorunun təhqir və hədə dolu səsi yayıldı. Səbəb yenə müəllimlərin şalvar geyinməsi idi. Deməli, cəmiyyətdə məktəb geyimi adında problem yaşanır. Sözün açığını desək, məktəbdən daha keyfiyyətli tədris verən repititor və ya kurslarda məktəb forması mövcud deyil. Dünyanın bir çox ölkəsində də məktəbli geyimi xüsusi forma ilə seçilmir. Deməli ki, formanın tədrisə bir başa dəxli yoxdur. Lakin mən də özümü o müəllimlərdən hesab edirəm ki, nizam-intizama alışması üçün səliqəli məktəbli geyimi məsləhətdir. Lakin Azərbaycan vətəndaşlarının sosial vəziyyətini nəzərə alsaq, bu dress-kodlar kifayət qədər bahadır. Yəni qiymət əhalinin cibinə uyğun deyil”.
İlahə Qurbanlının fikrincə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hər il tədris ilinin əvvəlində mütləq şəkildə aşağı gəlirli ailələrdə məktəbyaşlı uşaqlara geyimlə təmin etməlidir: “Bu problemi məktəblər fərqli şəkildə də həll etməyə çalışa bilərlər. Misal üçün valideyn iclaslarında səliqəli geyinilmiş, lakin şagird üçün kiçik olan geyimlər məktəbə ianə edilə bilər. Bu ianə geyimlə anonim şəkildə (şagirdin ləyaqətini alçaltmadan) kasıb ailələrə təqdim oluna bilər. Bu məsələ ictimai müzakirəyə çıxarılsa, əminəm ki, daha fərqli çözüm yolları da də səslənər. Yəni istənilən bir formada məktəbli (kasıb ya varlı ailədən) təhqir olunmadan uniforma ilə təmin oluna bilər”.
Müəllimlərin dress-koduna gəlincə, Başqan müavini soruşur ki, bu, vacibdirmi?
“Əlbəttə konkret uniforma müəllim üçün yolverilməzdir. Günün böyük hissəsini məktəbdə keçirən qadın da müəyyən mənada dəyişik geyimlər geymək istəyir. Bu, təbiidir. Lakin müəllim geyimində məhdudiyyətlər - yəni “qırmızı xətt” müəyyən edilməlidir. Çox qısa, açık geyimlər ancaq iş saatından sonra yolveriləndir. Təlim-tərbiyə ocağında əlbəttə ki, yeniyetmə gənclərdə yanlış təəssürat yarada bilən geyimlərə məhdudiyyət qoyulmalıdır, amma Azərbaycansayağı yox. Məktəb direktoru hədə və şantajla deyil, Təhsil Nazirliyinin bu məhdudiyyətlərə dair təlimatları ilə müəllimləri xəbərdar etməlidir, peşə etikasına uyğun şəkildə. Bu məhdudiyyətlər mütləq şəkildə nazirlik tərəfindən qoyulmalıdır ki, hər məktəb direktoru öz dünyagörünüşünə və zövqünə görə hərəkət etməsin”, - deyə o bildirib.