Ölkədən ən çox müzakirə olunan mövzulardan biri təhsildir. Demək olar ki, hər gün təhsillə bağlı xoş olmayan olay və olaylar baş verir, mətbuatda, sosial şəbəkələrdə də qızğın müzakirələr gedir. Bu müzakirələrdə isə ən çox “linç olunan” müəllimlər olur.
Bu müzakirələrin geniş miqyada aparılması əslində normaldır. Çünki hər bir cəmiyyətin fərdlərinin yetişməsində onun ailəsi, böyüdüyü mühitlə yanaşı, təhsilin, məktəbin, müəllimin də böyük rolu var.
Gerçəkdən, bütün günah müəllimdədirmi? Əgər belədirsə, müəllimlərin töhmət alması, işdən çıxarılması, cəzalandırılması problemi niyə həll etmir?
Təhsil sistemində ciddi problemlərin olduğu hər kəsə məlumdur. Bu mövzu ilə bağlı sahəni bilən-bilməyən hər kəs fikirlərini bildirir, tənqid edir, bəzən çıxış yollarını göstərir.
Amma məsələni sadəcə müəllimlə məhdudlaşdırmaq nə qədər doğrudur?
Məlumdur ki, şagirdin nəaliyyəti müəllimin əməyinin barıdır. Həyatda uğur qazanmış insan ailəsinə və müəlliminə borcludur. Bütün enerjisini şagirdlərinə sərf edən müəllimin bu gün qarşılaşdığı problemin səbəbi nədir?
Zənnimcə, hər iki tərəf arasında sağlam münasibətin olması üçün "Müəllimə hörmət" və "Müəllimə sevgi" lazımdır. Bu münasibətlərin çirkinləşməməsi üçün hər iki tərəf özünə boylanmalıdır. İki əsas fiqur-müəllim və şagird...
Onların dərs zamanı ünsiyyəti təlim-tərbiyə prosesinin keyfiyyətinə, şəxsiyyətin formalaşmasına xidmət etməlidir. Dərs müəyyən aralıqda olduğu üçün psixolojı rahatlıq verməlidir. Təcrübəni nəzərə alsaq, ən böyük məsuliyyət müəllimin üzərinə düşür. Onun şagirdlərlə pedaqoji, məqsədli münasibətlər qurma bacarığı olmalıdır. Gününün çox hissəsini dərslikdən uzaq, sosial şəbəkələrdə keçirən gəncliyi sinfin divarları arasında saxlamaq çətindir. Müəllim dərsin maraqlı keçməsini təmin etməlidir, bunun üçün məktəblərimizdə hər cür şərait yaradılıb. Hər bir şagirdə individual yanaşmalı, zəif şagirdləri dərsə cəlb etmək üçün kurikulum tələblərinə uyğun dərs proqramı hazırlayıb, tətbiq etməlidir.
Bu işdə müəllim- şagird-valideyn əməkdaşlığı da vacibdir.
Bu gün davranışı qüsurlu şagirdlərin çoxalmasının başqa bir səbəbkarı zamanında özünü yetişdirməyi bacarmayan, övladının həyat yoluna işıq tuta bilməyən valideyndir. Övladlarını saatlarla oyunlara, musiqisi belə psixolojı narahatlıq verən filmlərə etibar edən valideyn gələcəyin hisslərindən məhrum edilmiş, qəddar insan yetişdirir. Düz xətt boyu sahili olmayan, müxtəlif dərinliyə sahib okeana bənzəyir uşaq.
Gəlin, küləyin sahildəki qayalara çırpdığı, hər toxunuşda iz qoyub, parçalanmış geri döndüyü ləpələrə sahib çıxaq.