Son günlər ard-arda, demək olar ki, ya məktəblilər, ya da müəllimlərlə bağlı videolar yayılır. İnsanda sanki bilərəkdən kimlərsə Azərbaycan məktəbinin sonunu gətirmək istəyir kimi bir təəssürat yaranır.
Necə olur ki, uşaqlar bilərəkdən özləri pis əməllərinin video çəkilişini aparır və bunu yayırlar? Özü də bilirlər ki, cəza alacaqlar. Lakin edirlər. Onlar heç çox varlı ailələrin uşaqları da deyil, valideyn pulu və vəzifəsi bunları harınlatmayıb. Bəs nədir bu özbaşnalığı reklam etmək istəyi?
İndi qəribə tendensiya yaranıb, sanki repititor və ya kurs müəllimi məktəbdə şagirdlərə dərs keçən müəllimlərdən üstün kimi görünür.
Müəllim kimdir müasir şagirdin gözündə? Kurs müəllimi və repititor. Kimdir? Təhqir olunurmu? Lağa qoyulurmu? Əsla. Repititor şagirdin gözündə savadlı və təhsil verəndir. Məktəb isə sadəcə attestat verən qurumdur. Bax bütün məsələnin məğzi budur. Müasir Azərbaycan şagirdi üçün məktəb təhsil və tərbiyə verən ocaq deyil, attestat verən qurumdur. Faciə də buradan başlayır. Heç kim o şagirdə izah etməyib ki, repititora verilən pul qədər məktəb təsərrüfatı da sənin valideyninin cibindən (dolayısıyla maaşdan və gəlirdən tutulan vergilər hesabına) çıxır. Şagird üçün bu fikir çox uzaqdır. Onun gözündə məktəb müəllimi sadəcə attestat verən qurumda işləyən bir inzibatçıdır.
İllərdi repititorluğa qarşıyam. Məktəb müəllimləri isə yeganə dolanışıq yolunu və çarəni repititorluqda gördülər. Bunu təbliğ etdilər. Aşağı maaşla dolanmaq olmur, biliyimizi satırıq, haram qazanmırııq",- dedilər.
Həqiqətən də qazanclı və halal yoldur.
Ancaq ... Repititorluğun inkişafı Azərbaycan məktəbinin missiyasını və masştabını dəyişdi. Bu isə məktəblinin məktəblə bağlı təəssüratını dəyişdi. Şagirdin tək məqsədi yüksək bal toplayıb universitetə daxil olmaqdır. O, 500-600 bal toplayaraq universitetə daxil olur, amma kollektivdə və auditoriyada davranış qaydalarını bilmir. Onun insanlarla davranışı sıfır olur.
Niyə? Çünki məktəb davranışları zəifdir. 8-ci sinifdən yuxarı hər bir şagird öz yolunu cızmağa başlayır. Ya repititorla ali təhsilə doğru, ya əsgərlik, ya evlilik və s. Məktəb bu yolun heç birində rol almır. Nə etməli?
Düşünüb, çıxış yolu tapmaq lazımdır.
Buna ilk öncə qəbul imtahanlarının suallarını məktəb proqramı səviyyəsinə qədər sadələşdirməkdən başlamaq lazımdır.
Qəbul nə qədər sadələşərsə, məktəb tədrisi o qədər yetərli olar. Bu isə öz növbəsində məktəb proqramının qəbul şərtləri ilə uzlaşmasına gətirib çıxaracaq. Başqa sözlə, məktəbin rolunu yenidən təhsil və tərbiyə ocağı səviyyəsinə qaldırmaq lazımdır. Yoxsa belə videoları çox görəcəyik.
O ki qaldı müəllim videolarına, bu, başqa bir mövzudur...
İlahə Qurbanlı
Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru