Azərbaycanın dahi bəstəkarı, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar artist Vaqif Mustafazadənin doğum günüdür.
1940-cı ildə Bakıda anadan olan Vaqif Əziz oğlu Mustafazadə əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib, "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib, beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
1979-cu ildə Monakoda keçirilən və yüzlərlə musiqiçinin iştirak etdiyi caz festivalının qalibi seçilib.
O, fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisi sayılan Vaqif Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.
Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.
Dünyada cazın şahzadəsi kimi tanınan Əzizə Mustafazadənin atası olan bəstəkar 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Azərbaycan Yüksəliş Partiyası Azərbaycan Muğam Caz Hərəkatının memarını böyük sayğı ilə yad edir.