Azərbaycan Yüksəliş Partiyası Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini
Rusiyanın Ukraynanı işğal etmək üçün başlatdığı savaş nəinki Avropanın, eləcə də bütün dünyanın heyrətinə səbəb oldu. Rəsmən elan edilməmiş müharibənin 7-ci günüdür və hələ də sülh yolunda heç bir qətiyyətli addım atılmayıb.
BMT-nin Ukrayna müharibəsini müzakirə etdiyi iclasa Rusiya özü rəhbərlik edir. Rusiyanın veto qoyması ilə sənəd qəbul edilmir. Doğrudur, beynəlxalq təşkilatlar, ölkələr səylər göstərir, embarqolar tətbiq edir, humanitar yardım, silah-sursat yollayır. Ancaq təəssüf ki, bütün bu görülən tədbirlər axan qanı dayandırmağa çatmır, əksinə hər gün daha ağır nəticələr yaranır.
Bu 7 gün ərzində ortaya çıxan rəqəmlər bir dəhşət tablosu kimi qarşımızda dayanır. Çoxu qadın və uşaqdan ibarət qaçqınların sayı 660 mindən çoxdur. 350 mülki şəxs həlak olub, onların 15-dən çoxu uşaqdır. Və bu rəqəmlər saatbasaat artmağa davam edir. Mülki obyektlər, yaşayış binaları heç bir mənəvi-əxlaqi sərhəd gözlənilmədən, heç bir müharibə hüququna əməl edilmədən, əsasən də gecə saatlarında bombalanır.
BMT-nin İnsan Hüquqları Komitəsinın arayışına görə, münaqişənin başlandığı 2014-cü ildən bu yana 3 mindən çox mülki şəxs həlak olub ki, onların da 1065-i qadın, 152-si uşaqdır. Bir sözlə, müharibənin dəhşəti qadınların və uşaqların simasında özünü çox daha aydın və faciəvi formada təcəssüm etdirir.
Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, "Müharibəyə yox!" deyir, Ukraynaya qarşı baş verən bu terroru pisləyir və qınayırıq.