Türk Dünyasının görkəmli hərbi və siyasi xadimi, general, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın silahdaşı Musa Kazım Qarabəkirin anım günüdür.
1882-ci ildə dünyaya göz açan Qarabəkir orta və ali təhsilini Kuleli hərbi məktəbində alıb, I Dünya Müharibəsi zamanı Osmanlı imperiyasının Şərq cəbhəsi qoşunlarının komandanı olub. Çanaqqala, Sarıqamış, Ardahan, Artvin, Batum savaşlarında böyük zəfərlərə imza atan generalın Naxçıvanın erməni daşnaklarından qorunmasında önəmli xidmətləri olub.
Türkiyə ilə sovet Rusiyası arasında imzalanan Ərzincan müqaviləsinə əsasən, ruslar Şərqi Anadoludan çəkilməli olsalar da, onlar işğal etdikləri ərazilərdən çəkilərkən həmin yerləri ermənilərə təslim etməyə çalışırdı. Rusların köməyi ilə 17 minlik ordu yaradan ermənilər Andranikin rəhbərliyi ilə Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzuru əhatə edən ərazilərdə erməni dövləti yaratmaq üçün bölgələrə hücum edir, dinc əhalini qılıncdan keçirirdi.
Atatürk türklərə qarşı soyqırımının qarşısını almaq üçün Kazım paşanı bölgəyə göndərir. 1918-ci ildə Osmanlı imperatorluğu ilə Azərbaycan Demokratik Cümhuriyyəti arasında imzalanmış müqaviləyə uyğun olaraq, Naxçıvana gələn Qarabəkirin komandanlığı altında döyüşən Qafqaz-Türk ordusu burada daşnakları geri oturdur və Naxçıvanın yerli özünüidarə hökumətinin qurulmasına yardım edir.
Qurtuluş savaşından sonra siyasətə atılan Kazım Qarabəkir millət vəkili, Türkiyə Böyük Millət Məclisinin sədri olub.
O, 1948-ci il yanvarın 26-da vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası Kazım paşanı sevgi və sayğı ilə yad edir.