Bu gün çağdaş Azərbaycan mətbuatının banilərindən biri, müstəqilliyimizin bərpasında əvəzsiz xidmətləri olan Nəcəf Nəcəfovun doğum günüdür.
Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda anadan olub.
Jurnalist fəaliyyətinə "İnşaatçı" qəzetində başlayan, "Vışka", "Molodyoj Azerbaydjana" qəzetlərində davam etdirən Nəcəf bəy
Milli Azadlıq Hərəkatının ön sıralarında yer alıb. O, siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub.
1989-cu ildə müstəqil "Azadlıq" qəzetini təsis edən jurnalist respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olub.
20 Yanvar hadisələri zamanı xəsarət alan N. Nəcəfov ölkəmizin müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentlyini təsis edib.
İstər "Azadlıq" qəzeti, istərsə də "Turan" agentliyinin Azərbaycan mətbuatının inkişafında, ölkəmizə dair həqiqətlərin dünyaya çatdırılmasında danılmaz rolu olub. Bu media orqanlarının qoyduğu ənənələr mətbuatımızda bu gün də davam edir.
1990–1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992–1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib, 1993–1995-ci illərdə AXC Məsləhət Şurasının üzvü olub.
Ömrünün son illərində Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.
1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn edilib.
Azərbaycan Yüksəliş Partiyası dəyərli ziyalımızı sayğı ilə yad edir, əziz xatirəsinə ehtiramını bildirir.