Nə vaxta qədər bu ölkənin sözçüsü təkcə Prezident Administrasiyası olacaq?
Jurnalist dostlarımız yenə Rusiyanın Azərbaycana qarşı olan siyasəti ilə bağlı suallar yazıblar. Lavrov və Putinin Azərbaycana guya fərqli münasibətindən də sual verirlər)))
Rusiyanın ölkəmizə olan münasibəti haqqında bəlkə də ən çox yazan və münasibət bildirən biri kimi, onu deyim ki, əvvəla Rusiya Azərbaycanı ikiyə bölən, 27 aprel, 20 Yanvar, Xocalı faciəsi və s. törədən Rusiyadır, Lavrov deyil.
Bu, bir xatırlatma.
İkincisi, Rusiya qonşumuzdur, yaxşı davranmaq məcburiyyətindəyik, fikri isə başımıza hər vurulan təpiyə şükür edək ki, daha bərk dəyməsin - kimi qul və işğal psixologiyasının təzahürüdür.
Üçüncüsü, gələk, qonşuluq və diplomatik münasibətlərə. Rusiya da, digər qonşularımız da hörmət və sayğıya layiqdir, amma bizə hörmət elədiyi qədər.
Bizim isə bu gün əsas məsələmiz Rusiyanın bölgədə apardığı siyasətə qarşı necə durmalı olduğumuza dair yollar üzərində müzakirələr açmaqdır.
Əlbəttə, bu məsələ bir günün müzakirəsi deyil. Lakin müəyyən işlər görmək mümkündür.
30 illik bir dövlətin artıq törəmə qurumları tam formalaşmalıdır.
Bu, artıq şərtdir.
Çünki bu gün xalqı düşündürən sual var və bu sual cavabsız qalır, niyə Azərbaycan höküməti Rusiyanın özbaşınalığına adekvat reaksiya vermir?
Çox qəribə səslənsə də, bu sualın cavabı Azərbaycanda vətəndaş cəmiyyətinin qurula bilməməsidir.
Azərbaycanda hər sözə cavab verən qurum Prezident Administrasiyasıdır. Yanlış idarə etmə içindədirlər.
Dəfələrlə deyirik, yazırıq ki, müxalifət dövlətin strateji sütunudur. Mövcud hakimiyyət bu sistemi qəbullanmalıdır. Siyasi partiyalar isə xarici siyasət məsələsində özəlliklə, dövlətin əlini gücləndirməlidir.
Amma nə xeyri?
Siyasi partiyaları da nazirliklər kimi idarə etmək istəyirlər. Bir siyasi partiya çıxıb demir ki, gəlin, Rusiyadan gələn təhlükə ilə bağlı siyasi müzakirələr açaq, bəyanatlar verək.
Partiyaların fəaliyyəti bəs nədir?
Post-müharibə dövründə ilk atılacaq addımlar demokratik keçirilən xalqın müxtəlif siyasi qüvvələrinin təmsil olunduğu parlament, bələdiyyə seçkiləri olmalıdır ki, dövlətin arxasında xalqı görüb, təhdid dilində danışmasınlar.
Xalqın iradəsini təmsil edən parlament güclü bir qüvvədir. Ölkəni istənilən yerdə təmsil edən və sözünü deyən gücdür. Nə vaxta qədər hakimiyyət və hətta siyasi partiyaların da bir çoxunun sözcüsü bir tək Prezident Administrasiyası olacaq, biz başqa dövlətlərə cavab verməkdə ehtiyatlı davranmaq məcburiyyətində qalacağıq.
Ənənə yoxdur bilirəm, amma düzəldəcəyik. Yaza-yaza, danışa-danışa xalqı aktiv siyasətə cəlb edərək.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı