Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan” Universitetinin rəsmi internet saytının “Rektordan müraciət” bölməsində yerləşdirilən rektorun fotoşəklində dövlətimizin adı yanlış yazılıb. Fotodan görünür ki, dövlətimizin adının yanlış yazıldığı loqo rektorun otağındadır və ali məktəbin rəhbəri buna heç əhəmiyyət də verməyib. Bu faktın sosial şəbəkələrdə ictimailəşdirilməsinə baxmayaraq, rektor həmin səhvi hələ də aradan qaldırmayıb.
Bu məsələnin hüquqi və mənəvi məsuliyyətini TNS-ə şərh edən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib ki, Azərbaycan Respublikasının rəsmi adına, dilinə, atributlarına sayğı hər bir vətəndaşın həm də vicdani borcudur: “Dövlətin adına sayğı duymaq dövlətə, onun varlığına, qanunlarına da sayğı duymaq deməkdir. Bunu Azərbaycan Respublikasının 2002-ci il 24 avqustda qəbul edilmiş Konstitusiyası, 2002-ci il 30 sentyabrda qəbul edilmiş “Dil haqqında” Qanun da dəstəkləyir. “Dil haqqında” Qanunun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. Yenə həmin qanunun 18-ci maddəsində vurğulanır ki, Azərbaycan Respublikasında Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır".
Partiya başqanının sözlərinə görə, Qanunun 19-cu maddəsinə əsasən, qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
“Görünür, bu məsələnin Naxçıvan Universitetinin rektoru Nurlana Əliyevaya aidiyyəti yoxdur. Tələbələrə müraciət zamanı paylaşılmış fotoşəkildə “Naxçıvan Universiteti Azarbaycan” ifadəsi diqqətli oxucuları narahat edib, yanlışlıq barədə xəbərdarlıq olunub. Üstəlik, bu söz universitetin loqosunda da yanlış yazılıb. Bu, universitetin saytına daxil olan hər kəsin Azərbaycan sözünü “Azarbaycan” şəklində oxuması deməkdir. Yanlışı düzəltməyən rəhbərlik dövlətin rəsmi adı, dili haqqında yanlış təbliğata yol açır. Lakin nədənsə rektorluq bu yanlışa göz yummağa davam edir”, - Anar Əsədli bildirib.
Partiya başqanı qeyd edib ki, Konstitusiyanın 8-ci fəslinin 134-cü maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiya hüquqları Naxçıvan üçün də müəyyənləşib. Konstitusiyada dövlət dilinə, atributlarına, dövlətin rəsmi adına sayğı məcburidir.
“Biz AY Partiya olaraq, Naxçıvan Universitetinin rektoru Nurlana Əliyevanın bu yanlışı tezliklə aradan qaldırmasını, Azərbaycan Respublikasının rəsmi adına, konstitusion hüquqlarına, dil haqqında qanunlarına sayğı ilə yanaşmasını tələb edirik”, - Anar Əsədli fikrini yekunlaşdırıb.