Nemtsov Rusiyada demokratiyanın olacağına bir ümid idi
Demokratiya mücahidi Boris Nemtsov yaşasaydı, bu gün 62 yaşını qeyd edəcəkdi.
Nemtsov Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşnalığına, korrupsiyaya, Rusiyanın Ukraynaya siyasi və hərbi müdaxiləsinə görə tənqid edirdi.
Nemtsov siyasi lider kimi Rusiyada demokratiyanın olacağına bir ümid idi. Demokratiyanın parlayan ulduzu idi...
Postsovet məkanında demokratiyanın bərqarar olması ağır, ağrılı və qurban tələb edən bir yoldur.
Demokratik dəyərlər uğrunda bu ölkələrdəki azad fikir və şəffaf seçki mücahidləri təkcə yerli hakimiyyətlər yox, həm də Kremlə loyal iqtidarların saxlanmasına ciddi cəhdlər göstərən Rusiyanın imperialist qüvvələri tərəfindən də təqib olunurlar.
90-cı illərdə Gürcüstanın demokratik yolla seçilmiş Prezidenti Zviad Qamsaxurdiya, Tacikistanda azadlıq aşiqi prezident Rahmon Nəbiyev Rusiya xüsusi xidmət orqanlarının əməliyyatları ilə öldürüldülər. Azərbaycanda demokratik seçki ilə hakimiyyətə gəlmiş dövlət başçısı Əbülfəz Elçibəy Rusiyanın ssenarisini həyata keçirən Sürət Hüseynovun əli ilə tutduğu postdan uzaqlaşdırıldı.
Kim bilir, "KQB" generalı Putinin əli ilə xüsusi elekron idarəli silahla məhv edilməsəydi, general Cövhər Dudayev Çeçenistanın qazandığı kövrək müstəqilliyini möhkəmləndirəcəkdi.
Bəli, qonşu ölkələrdə demokratiya dalğaları boğulduqca, demokratik dərslərin daşıyıcıları olan avanqard liderlər öldürülərək sıradan çıxarıldıqca, regionda fikir azadlığı, insan haqları və şəffaf seçki ideyalarımız xəyal olaraq qalacaq.
Rusiyada demokratik qüvvələrin lideri olan, getdikcə milyonların kumirinə çevrilən Boris Nemtsov elə Kremlin yaxınlığındaca öldürüldü.
Sağlığında tez-tez Putinin onu öldürtəcəyini deyirdi. MDB ölkələrindəki demokratik düşüncə sahibləri heç səslərini də çıxarmadılar.
Fikrimcə, nə qədər plüralizmi, insan azadlığını və hüquqlarını reallığa çevirməyə çalışsaq da, qonşu dövlətlərdəki demokratiya "yanğınları"nın tüstüsü bizi də boğacaq.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı