"Bir canımızmı var? Allah nə yazıbsa, o da olacaq. Şərəfli yolu seçin. Doğru yolu seçin. Bu 3-ündən biri olaq: ya qalib, ya qazi, ya da şəhid olaq. Azərbaycan əsgərində başqa heç bir seçim ola bilməz!"
Polkovnik Babək Səmidlinin əsgərlərinin qarşısındakı çıxışı idi bu. Həm qalib, həm də şəhid olan komandirin tarixə çevrilən çıxışı...
Bu gün Vətən Müharibəsindəki zəfərimizdə əvəzsiz xidməti olan Babək Səmidlinin doğum günüdür. Babək Mətləb oğlu Səmidli 1974-cü ildə Göyçay rayonunda dünyaya göz açıb. Cəmşid Naxçıvanski adına hərbi liseyini bitirən Babək Türkiyə Quru Qoşunları Məktəbinə daxil olmuş, Türkiyə silahlı qüvvələrinin tərkibində təcrübə keçib.
25 yaşında Azərbaycan Silahlı Qüvvələrində tağım komandiri kimi fəaliyyətə başlayıb, Ali Hərbi Məktəbdə tağım və bölük komandiri kimi çalışıb. Tovuzda tağım komandirin müavini və hərbi polisin tərkibindəki xüsusi təyinatlıların komandiri vəzifələrində işləmiş, daha sonra xidmətini müxtəlif hərbi hissələrdə davam etdirib. 1-ci ordu korpusunda əməliyyat bölmə rəisi, sonra isə eyni yerdə korpus komandirinin müavini vəzifələrinə təyin olunub. 2016-cı ildə Talış kəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edən Babək Səmidli "Hərbi Xidmətlərə Görə" medalı ilə təltif olunub.
Onun Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə böyük əməyi olub. 39-a yaxın yaralını döyüş meydanından çıxarıb. O, 23 dekabr 2020-ci ildə Vətən Müharibəsində şəhid olanların nəşini döyüşlər gedən zonadan götürərkən minaya düşərək şəhid olub.
Aprel döyüşlərinin qazisi, Vətən Müharibəsinin şəhidi olan Babək Səmidli, Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən "Zəfər" medalı ilə təltif olunub.
Azərbaycan Yüksəliş Partiyası adı qürur və şərəflə anılan ölməz komandirimizin əziz xatirəsini ehtiramla yad edir. Ruhu şad olsun!