Bu gün 20-ci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Məmməd Arazın doğum günüdür.
1933-cü il oktyabr ayının 14-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olan M. Araz ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Bir müddət kənd müəllimi kimi çalışdıqdan sonra Bakıya köçüb. Müxtəlif ədəbi orqanlarda, o cümlədən "Ədəbiyyat və incəsənət" qəzetində, "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında işləyib.
Gənclik illərindən şeirlər yazan M. Arazın 'Sevgi nəğməsi" adlı ilk kitabı 1959-cu ildə çap olunub. 40 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin müxtəlif vaxtlarda onlarla kitabı işıq üzü görüb. Onun milli duyğuları dilə gətirən poeziyası yüksək bədii məziyyətlərinə və sənətkarlıq qüdrətinə görə seçilib.
Səməd Vurğun ədəbi məktəbinin B. Vahabzadə, H. Arif, N. Xəzri, N. Həsənzadə kimi görkəmli nümayəndələrindən biri hesab olunan M. Arazın milli ruhlu poeziyası, özündən sonrakı ədəbi nəsillərə də təsirsiz ötüşməyib və haqqında çoxlu şeirlər, poetik nümunələr yazılıb.
O, müstəqil Azərbaycanın ilk Xalq şairi adını alan və "Istiqlal" ordeni ilə təltif olunan tanınmış sənətkarlarından biri olub.
2004-cü ildə dünyasını dəyişən böyük şairin məzarı Fəxri Xiyabandadır.
Azərbaycan Yüksəliş Partiyası ölməz şair Məmməd Arazın xatirəsini ehtiramla yad edir.