Aramsız yağan yağışlar nəticəsində qardaş ölkənin Qara dəniz bölgəsinin bir sıra şəhərlərində və yaşayış yerlərində sel daşqınları baş verib. Yaşanan təbii fəlakətdən daha çox Bartın, Sinop, Kastamonu və Karabük şəhərləri ziyan görüb. Nəticədə həmin şəhərlərdə yaşayış iflic vəziyyətinə düşüb. Küçələrdən axan sel nəticəsində yollar çöküb, evlər və hasarlar dağılıb. İnsanlar evsiz-eşiksiz qalıb. Fəlakətin miqyasından bir sıra yaşayış məntəqələrindən insanlar təxliyə olunub. Bu işdə hətta helikopterlərdən də istifadə olunub. Çox təəssüf ki, böyük miqyasda baş verən fəlakət nəticəsində xeyli sayda insan tələfatı da baş verib. Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması üçün Türkiyə dövlətinin bütün strukturları səfərbər olunub.
Azərbaycan Yüksəliş Partiyasının rəhbərliyi və üzvləri qardaş ölkədə baş verən təbii fəlakət nəticəsində yaşananlardan kədərləndiyi bildirir, həyatını qeyb edənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Və inanır ki, ən qısa müddətdə böyük maddi və mənəvi itkilərlə müşayiət olunan sel daşqınlarının vurduğu ziyanın nəticələri aradan qaldırılacaq.