1 sentyabr müstəqil Özbəkistan Respublikasının yarandığı gündür.
Qədim tarixə və böyük mədəniyyətə sahib olan Özbəkistan dövləti 1991-ci ilin bu günündə öz müstəqilliyini elan edib. Orta Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistan Şərq və müsəlman aləminə bəxş etdiyi böyük tarixi və mədəni töhfələri ilə məşhurdur. Bunların içərisində dünyanın ən qüdrətli hökmdarlarından biri olan Əmir Teymurun, böyük alim Uluqbəyin, dahi şair Əlişir Nəvainin və başqalarının adlarını çəkmək olar. Türk Dünyasının ayrılmaz parçası olan Özbəkistanı ölkəmizlə tarixən möhkəm tellər bağlayıb. Xüsusil ədəbiyyat və mədəniyyət sahəsində əlaqələr eyni millətin mənsubu olan xalqlarımızın mənəvi və əxlaqi dünyagörüşünün doğmalığından xəbər verir.
Azərbaycan Yüksəliş Partiyası dövlət müstəqilliyinin 30 illiyi münasibətilə qardaş Özbəkistan Respublikasının mehriban insanlarını təbrik edir, qüdrətli və firavan Özbəkistanın qurulması yolunda uğurlar arzulayır.