“Britaniya baş naziri Boris Consonun Kiyev səfəri ilə paralel olaraq Pakistan baş naziri İmran xanın istefası bir daha göstərir ki, Rusiya Ukrayna müharibəsinin əsasında heç də Putin Zelenski anlaşılmazlığı durmurdu. O siyasi düyün bir qığılcım idi, bu baxımdan da London və Vaşinqton yeni dünya düzəni planlarına uyğun olaraq bu qığılcımdan istifadə etdilər. Müharibənin sonu da onlar istədiyi vaxt və onların planına uyğun olaraq bitəcək”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
O bildirib ki, İmran xanın istefası bu planları daha açıq ortaya qoydu.
“Bu planla bağlı son günlər daha çox vurğuladığımız tezis odur ki, Rusiyada Putinin hakimiyyətinə son qoymaq üçün mütləq məğlub ordu obrazı yaradılmalıdır. Bunun üçün də bu müharibə uzanacaq və döyüş meydanında Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək. Baxın, son günlərdə iki qərb rəsmisinin açıqlaması diqqət çəkir.
Pentaqon sözçüsü Con Kirbi deyir ki, “biz Putinin və onun ordusunun Ukraynada məğlub olmasını görmək istəyirik və bu səbəbdən Amerikanın Ukraynaya əlavə hərbi yardımları davam edəcək”.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Borrel isə yazır ki, “bu savaş döyüş meydanında qazanılacaq. Bütün bunlar dediklərimizin bariz sübutudur. Artıq Putinin dalana dirəndiyi və rejimin məhvi qaçınılmazdır” – deyə Anar Əsədli əlavə edib.