Ukrayna-Rusiya savaşı hələ də dünyanın diqqət mərkəzindədir. Hər gün Ukraynada baş verən hadisələr gündəmin əsas mövzusu olmaqda davam edir. Bu müharibənin həm də Rusiyanın taleyini həll edəcəyi düşünülür. Müharibə davam etdikcə Rusiyanın Ukraynadakı savaşda itirdiyi canlı qüvvə və texnika Kremldə həyəcan təbili çalır. Cənubi Qafqazın siyasi gücü olan, onun taleyini hər zaman həll etməyə çalışan Rusiyanın bu itkilərin fonunda Ukraynada başlatdığı savaşın sonu hər kəsi artıq düşündürən bir məsələ halına gəlib. Sanki dalana dayanan Rusiya hakimiyyəti ətrafa qarşı çirkin niyyətlərini davam etdirir, ölkələri, xüsusi ilə Moldova və Gürcüstanı təhdid edir.
Savaşın nə qədər davam edəcəyi, nəticələri hamı üçün maraqlıdır. Həm də Ukrayna ilə savaşa və Avropa dövlətlərinin ona qoyduğu sanksiyalara başı qarışan Rusiyanın Qarabağ münaqişəsindən yayınması Azərbaycan- Ermənistan münasibətində, Qarabağ münaqişəsinin həllində hansı yeni mərhələ açacağı da sual yaradır. Digər məsələ isə Rusiya qazına möhtac Avropa ölkələrinin müharibənin uzanacağı təqdirdə Rusiya ilə münasibətlərini yenidən bərpa edilib-edilməyəcəyidir.
Qaynarinfo.az bu və digər məsələləri Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli ilə müzakirə edib.
İŞĞALI PROBLEM HƏLLİ KİMİ GÖRMƏK FAŞİZM PSİXOLOGİYASIDIR
- Dünyanın diqqəti Ukrayna – Rusiya savaşına fokuslaşıb. Hər iki tərəfin imkanları tükənmək üzrədir. Savaş nə qədər davam edə bilər və hansı sonluqla başa çatacağını düşünürsünüz? Kreml heç olmasa Donbas və Krımı öz nəzarətinə keçirə biləcəkmi?
- Öncə qeyd edək ki, bir ölkənin ərazisinin işğalı üçün savaş etmək bəşər üçün istənilən halda qorxunc və arzuedilməzdir. İşğalı problem həlli kimi görmək faşizm psixologiyasıdır. Lakin təəsüf ki, ölkələr çox vaxt aralarındakı problemi çözə bilmədikdə savaşı seçirlər. Rusiyanın Ukraynaya hücumu o qədər ağlasığılmaz axmaqlıq idi ki, bu savaşın olacağına inam az idi. Bu müharibənin başlamasından 2 ay yarım keçir. Düşünmürəm ki, bu qısa müddətdə tərəflər tükənə bilər. Bu, məntiqli deyil. İkincisi, tərəfləri də eyni tərəziyə qoya bilmərik. Düzdür, savaş Ukrayna ərazisində gedir, lakin savaşa lazım olan maddi və hərbi dəstək ölkəyə qeyri-məhdud şəkildə Qərb ölkələri tərəfindən təmin edilir. Yəni Ukraynanın hansı gücü tükənir? İnsan itkisinə gəlincə deyəcəyim fikri qəddarlıq kimi qəbul etməyin, amma fakt odur ki, hər iki ölkə çox milyonluq insan resursuna sahibdir. Yəni savaş bir neçə il belə davam edə bilər. Əgər söhbət resurslardan gedirsə. O ki, qaldı Rusiyaya, bəli, Qərb bütün gücü ilə Rusiyanı çökdürmək istəyir. Amma bu, 2 aya baş tuta bilməz. Ona görə də düşünürəm ki, tərəflərin gücü tükənib demək real deyil. Savaş davam edəcək. Donbas və Kırım məsələsindən danışsaq, açığı savaşın sonunu hesablamaq çətindir. Baxır tərəflər harada dur deyəcəklər. Çünki bir daha qeyd edirəm, Qərbin məqsədi Rusiyanı çökdürməkdi. Əgər Rusiya əlində olanla kifayətlənib savaşı durdursa, Donbası deyil, amma Krımı saxlaya bilər. Amma savaş davam edərsə, hamısını itirəcək. Hətta Rusiyanın özünün bütövlüyü sual altında qala bilər.
AVROPA ÜÇÜN İKİNCİ HİTLER YOLVERİLMƏZDİR
- Son 30 ildə ilk dəfədir ki, Qərb Rusiyaya qarşı birləşib. Lakin savaş qış aylarına qədər davam edərsə, bəzi Avropa ölkələri Moskva ilə münasibətlərini normallaşdırmaq məcburiyyətində qalacaqlar, ən azı qaz amilinə görə. Rusiyanın vaxt udması bu amil ilə bağlı ola bilərmi?
- Rusiyaya qarşı savaş açmaq Avropa ölkələrinin iqtisadi maraqlarına əvvəlcədən də uyğun deyildi. Çünki onlar Rusiyadan qorxmurdu. Yəni Rusiya Cənubi Qafqazda Qarabağa girir, Suriyaya girir, post-sovet ölkələri nəzarət altında saxlayır, amma Avropaya girməz, deyə düşünürdülər. Ukrayna savaşı Putin Rusiyasının necə ağılsız və qorxunc olduğunu Avropaya bir daha göstərdi. Ona görə qış aylarında Avropa Rusiyayla əlaqələr yaradacaq demək, ağlabatan deyil. İkinci Hitler Avropa üçün yolverilməzdir. Rusiya bu müharibədə qazına güvəndi, amma yanlış hesabladı. Putinin hesabı fiaskoya uğradı. Bu gün başda ABŞ olmaqla Qərb alternativ enerji mənbələri arayır. Bundan əlavə, Rusiya müharibə aparan ölkədir və ona hər gün milyonlarla, milyardlarla dollar vəsait lazımdır. Rusiya bu vəsaiti əsasən qaz satışından əldə edir. İri həcmli xərclərlə paralel satış kanallarını da bağlamaq Rusiyanı çökdürər. Buna görə də hesab edirəm ki, rəsmi Moskva Avropaya qaz ixracını tam olaraq kəsmək iqtidarında deyil.
ƏTRAFDA DEMOKRATİK CƏMİYYƏTLƏR ARTDIQCA RUS AYISI BOĞULUR
- Rusiya siyasi dairələri növbəti hədəf kimi Moldova və Gürcüstanın adını çəkirlər. Niyə məhz Moldova və Gürcüstan?
- Postsoveti öz ərazisi sayan Rusiyanın hədəfi növbəti ölkələrdi. Yəni Orta Asiyanı, Ermənistanı özününkü sayır. Bizlə isə hesabları başqadı. Rusiyanın Moldova və Gürcüstanla münaqişəsi əslində on illərdir davam edir. Bu münaqişə də bir gün tamamilə bitməlidir. Münaqişənin səbəbi isə Rusiyanın imperialist yanaşmasından doğan işğalçılıq siyasətidir. Ümumiyyətlə, Putin Rusiyasının ən böyük istəyi sadəcə əraziləri işğal etmək deyil, postsovet ölkələrindəki cəmiyyətlərdə siyasi hakimiyyətləri, siyasi institutları, insanların siyasi təfəkkürünü işğal etməkdi. Demokratik cəmiyyətlər Rusiyanın ətrafında çoxaldıqca rus ayısının nəfəsi daralır, boğulur. Heç bir hüquq tanımır, ərazi bütövlüyünə sayğı göstərmək anlayışına sahib deyillər. Putinin məşhur bir videosu var, balaca uşaqla aralarında Rusiyanın sərhədləri ilə bağlı dialoq gedir və orada uşağa deyir ki, Rusiyanın sərhədləri yoxdur. Yəni bu təfəkkür hər yerə savaş açar. Bununla belə, qeyd edim ki, Moldova və Gürcüstan ən azı Ukrayna qədər Rusiya siyasi idarəetmə sistemi üçün təhlükəli hesab olunur. Gürcüstanda Qərblə inteqrasiya əsasında bir çox şey dəyişib. Moldovada isə demokratik seçki keçirildi və ardından xeyli təmizləmə aparıldı. Yəni Rusiyanın bu ölkələrdəki resursları tükənmək üzrədir. Buna görə də Ukrayna senarisini bu ölkələrdə də tətbiq edə bilər.
- Ermənistanda Paşinyan əleyhinə mitinqlər Nikolun devrilməsi ilə başa çatarsa, Azərbaycan yeni erməni hakimiyyəti ilə hər şeyə yenidən başlamalıdır?
- Paşinyanın devrilməsi aktual deyil. Yəni Paşinyan keçən il müharibəni uduzmuş bir siyasi lider olaraq seçkiyə getdi və bilirdi ki, udacaq. Ona görə də əminliklə danışır. Ermənistan cəmiyyəti bu gün böyük səs çoxluğu ilə Paşinyanın arxasındadır. Amma tutaq ki, Paşinyanı Kreml devirdi. Yerinə gələnin gücü nə qədərdi? Yeni gələn kəslər, deyək ki, Kremlin çocuqlarıdı, bəs onlar hansı resursa və gücə sahibdirlər? Onların ata-babaları bu gün çöküşə gedir, bunlar savaşa başlasa, anında uduzacaq. Onda ermənilər bu insanları ayağından asar. Vaxt itkisi ola bilər, amma reallığı dəyişmək çətindir. Ermənistan bu sazişi imzalamaq zorundadır.
İNDİ ERMƏNİSTAN ÜÇÜN TARİXİ FÜRSƏT YARANIB
- Rusiya zəiflədikcə, bölgədən əlini çəkməli olacaq. ABŞ-ın bölgədə möhkəmlənməsi ermənilərin əlini gücləndirə bilərmi?
- Rusiyanı bölgədə saxlayan amillərdən biri də Amerikanın güclənməsini istəməyən ölkələrin Kremllə anlaşması idi. Rusiyanın atdığı qorxunc addımlar ona qarşı birləşməni şərt etdi. O ki, qaldı Amerika gücləndikcə ermənilərin əlinin güclənməsinə, güclənib nə edəcəklər? Qarabağ ermənilər üçün bitmiş etapdı. Erməni cəmiyyəti bunu qəbul etməlidir və hesab edirəm ki, İrəvandakı qərarvericilər bunu qəbul edib. Bilirsiniz, Qarabağ problemi beynəlxalq proyekt idi. Bu proyekt ətrafında böyük dövlətlər Cənubi Qafqaz üzrə maraq mübadiləsi edirdilər. Yəni işğal faktoru aşağı, yuxarı hər birinə sərf edirdi. Bu vəziyyət dəyişdi və erməni kartı ləğv edildi. İndi Ermənistan üçün tarixi fürsət yaranıb, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmək və bu yolla Rusiyanın boyunduruğundan çıxmaq. 44 günlük savaş Azərbaycan ordusunu yenidən diriltdi, bizə birinci savaşın ağır məğlubiyyətindən sonra biçdikləri məğlub obrazını yırtıb atdıq və indi qalibik, qürurluyuq. Bilirsiniz, insan faktoru önəmli amildir, Ermənistan nə qədər güclənəcək ki, bizə qalib gəlsin? Bu gediş dövlət kimi onların sonunu gətirə bilər. Hazırki dönəm II Dünya müharibəsindən sonra ən təhlükəli dönəmdir, indi xəritələr dəyişir, güc mərkəzlərinin yerdəyişimi baş verir. Hesab edirəm ki, İrəvanda bunu anlayırlar. Azərbaycan siyasi hakimiyyətinin Zəngəzurla, İrəvanla, Göyçə gölü ilə əlaqədar səsləndirdiyi fikirlərin nəyə hesablandığını yəqin ki, başa düşürlər. Ermənistan reallığı qəbul edib əməkdaşlıq etməsə, Azərbaycan indi Ermənistan ərazisi kimi qəbul edilən tarixi torpaqlarına iddiasını ciddiləşdirə bilər. Dediyim kimi, geosiyasi arenada bunun reallaşdırılması üçün zəmin mövcuddur. Bu Böyük Briyaniyanın Xüsusi xidmət orqanlarının tərzidir. Onların adətən gördüyü işlərin izi bilinməz.
- 44 günlük savaşda Bakıya siyasi dəstək verən əsas güc mərkəzlərindən biri London oldu. Lakin nədənsə bu barədə az danışılır. Səbəbi nədir?
- Az danışılmır, yetərincə danışılır. Hər ölkənin maraqları nə qədər icazə verirsə, o qədər danışılır. Böyük Britaniya ilə münasibətlərimiz hər zaman yüksək olub. İstər hakimiyyət, istər müxalifət hər zaman böyük hörmətlə davranırlar. Hə, sizinlə o baxımdan razıyam ki, Böyük Britaniya bu məsələ ilə əlaqədar, demək olar ki, görünmədi, Londonun izlərini siyasi institutlar, analitiklər görə bildi. Bu tərz Mi6-nın - Böyük Britaniyanın xüsusi xidmət orqanının tərzidir. Hazırda böyük dövlətlərin kəşfiyyat xidmətləri demək olar ki, şou göstərməklə məşğuldur, lakin Mi6 belə deyil. Londonun qlobal strategiyası əsasən bu qurum tərəfindən hazırlanılır.
- 44 günlük savaşın nəticələri ölkədə yeni reallıq yaratdı. Hakimiyyətə qarşı müxalifətin istifadə edə biləcəyi hansısa amil mövcuddurmu?
- Amillər hər zaman var. Bəli zəfər tarixi hadisə idi. Lakin sosial problemlərdən tutmuş rus məktəblərinə qədər, söz azadlığının məhdudlaşmasından tutmuş rüşvətxorluq, korrupsiyaya qədər həlli vacib məsələlər var. Məsələn, bu tarixi qələbə bir sıra problemin həlli üçün implus olmalı idi. Təəssüf ki, bu reallaşmadı. Problemlər hələ də qalmaqdadır. Bəli, problemlər var və biz də varıq. Müxalifət olaraq problemləri üzə çıxarmağa davam edəcəyik. Bacardığımız qədər həllinə çalışacağıq.
https://qaynarinfo.az/az/anar-esedli-ile-gundeme-baxis-qerb-butun-gucu-ile-rusiyani-coekdurmek-isteyir-muesahibe-1