Yaxud son günlərin ən məşhur "Qərb haradadır?" sualına cavab...
Ukrayna-Rusiya savaşının üçüncü günüdür və Prezident Zelenski öz postundadır, siyasi komanda tam tərkibdə iş başındadır, Ukrayna ordusu, cəmiyyəti, xalqı dövlətin müdafiəsinə səfərbər olunub. Bütün bunlar sevindiricidir. Həm də "bəzi siyasi mətləbləri daha aydın edir", - desək, yalan olmaz. Ən əsası bir önəmli məsələyə aydınlıq gətirdi. Qərbin müəyyən mənada məqsədli, planlı kimi görünən, başqaları üçün gecikmiş real dəstək addımları Ukrayna xalqını elə bil, yenidən doğdu, onu sanki ayıltdı, "mövcud olmaq istəyirsənsə, əlinə silah alıb taleyinə sahib çıxacaqsan" gerçəyi ilə qarşı-qarşıya qoydu, rus imperializmi, şovinizmi, işğalına qarşı gerçək dirəncin özünə çevirdi...
Hətta fikir verirsinizsə, Ukrayna Ordusunun taktikası da hələ çox danışılacaq, hərbi dərsliklərə belə düşəcək və bunun özü bəzi məsələlərə mövzu aça bilər. Rusiya və Belarusla çox uzun sərhədləri olan Ukrayna düşməni təhlükəlilik həddini nəzərə almaqla, bacardıqca ölkənin dərinliklərinə çəkib orada onlara, hərbi dildə desək, kisə hazırlayıb, mübaribələrin ən ağırı olan küçə və partizan döyüşləri sayəsində məhv etməklə məşğuldur. Proseslər bu şəkildə davam etsə, Vladimir Putinin əmri əsasında işğalçılıq məqsədilə Ukraynanın suveren ərazilərinə soxulan Rusiya Ordusu bir həftə içində çox böyük canlı qüvvə itkisi vərəcək. Mənə indi maraqlıdır ki, bundan sonra "Qərb haradadır?", "Zelenskini tək qoydular", "Qərb qorxaqdır" kimi tezislər ortaya atıb, baş verənləri fərqli istiqamətlərə çəkən insanlar nə deyəcəklər?!
Sizi əmin edirəm ki, Qərb koalisiyon qüvvələri şəklində ağızdolusu danışılan hansısa dəstəyi vermiş olsa idi, daha dəqiq desək, UKRAYNALILARIN əvəzinə rusların qarşısına çıxsaydı, biz bu gün döyüş meydanında tamamən başqa, pərən-pərən düşmüş bir toplum görə bilərdik, Ukrayna xalqı bəlkə də bu şəkildə mobilizasiya olunmayacaqdı, çünki düşmənə qarşı nifrət, hiddət oxşar vəziyyətlərdə birinci şərtdir.
Qərb elə işin başından Kievin müdafiəsini özü boynuna götürsəydi, bu zaman Ukrayna isteblişmenti, siyasi elitası dayandığı cinahdan asılı olmayaraq, bu möhkəmlikdə monolit mövqe ortaya qoymayacaqdı, birlik, həmrəylik nümayiş etdirməyəcəkdi, nəticədə rusların elə ilk blits-kriq hücumunda mərkəzdənqaçma meylləri artacaq, Putin istədiyinə 48 saat ərzində nail olacaqdı. Təsəvvür edin ki, Prezident Zelenski ilə müəyyən narazılıqları, intriqaları olan milyarder eks-prezident Petro Poroşenko, Kliçko qardaşları belə, silaha sarılıb ölkənin müdafiəsində iştirak edirlər. Sözün mövzusu Vətəndirsə, şəxsi intriqalar arxa plana keçə bilib Ukraynada. Bu mənada o qənatə gəlmək olur ki, ABŞ və Avropadakı müttəfiqləri də, hər nə qədər də riskli olsa da, təmkin nümayiş etdirib, prosesləri son ana qədər izləməyi, gözləməyi, Ukrayna xalqının, cəmiyyətinin ölkəyə soxulan Rusiya ordusuna qarşı alacağı mövqeni, tövrü sınağa çəkmək xətti tutdu. Xüsusilə II Dünya Müharibəsində buraxılan yanlışları etməmək üçün, əlində nüvə bombası olan və nə edəcəyi bəlli olmayan Putin administrasiyası ilə mubarizədə Qərbin səhv etməkdən ehtiyat etdiyini hər addımdan sezmək mümkündür. Proseslərin indiki gedişatı göstərdi ki, Qərb bir az gözləməklə yanılmayıb. İndən belə Ukraynaya dəstəyin daha açıq forma alacağına şübhə etmirik. Burada həlledici məqam kimi, NATO üzvü qardaş Türkiyə isteblişmentinin də Qərbi real əməli fəaliyyətə başlamağa, Ukraynanı tək qoymamağa qətiyyətli çağırışlarını xüsusi qeyd edək.
Əksəriyyət, bir az da haqlı olsalar da belə, insan itkiləri amilini qabardıb strateji düşünməkdə korluq çəkən kəsim işin başından durmadan Qərbin qorxaq olduğunu, lazımi qədər qətiyyət göstərmədiyini, guya Ukraynanı qaza gətirib Zelenskini meydanda tək buraxdığını yazır, tirajlayırdı, indi də durmadan yazır. Ancaq görünən bu ki, hadisələri qabaqlamaq olmazmış və prosesləri hər zaman strateji ağıl udur, emosional yanaşmalar yox.
Mən başından düşünürəm ki, Qərb tərəfdən lap əvvəldən Ukraynaya yetəri qədər hərbi-siyasi, humanitar, tibbi yardımların ardı-arası kəsilmir. Bunu son iki-üç aydır, xəbərlərdən oxuyuruq. Hətta NATO zabitlərinin son illər Ukrayna Ordusuna ardı-arası kəsilməyən gəliş-gedişi, mütəmadi təlimlər, hərbi-siyasi tədris son vaxtlar daha da intensivləşmişdi. Şübhə yox ki, Birləşmiş Qərbin daha ciddi, real dəstəyinin gecikməsinin psixoloji, mental məqsədləri olub.
Qərb gözlədi ki, UKRAYNA XALQI GERÇƏK DİRƏNİŞİN, MİLLİ DAYANIŞMANIN ÖZÜNƏ ÇEVRİLSİN, MİLLİ RUH, MİLLİ KİMLİK MEYDANA ÇIXSIN...
Qərb gözlədi ki, UKRAYNA XALQI uşağından böyüyünə qədər Vətəni düşməndən qorumaq, onun müstəqilliyi, ərazi-bütövlüyü, azadlığı uğrunda canından keçmək hissi nədir onu yaşasın ki, sonradan əldə etdiklərini qoruyub saxlamağın qədrini bilsin. Necə deyərlər, "Azadlıq verilmir, alınır! Can bahasına, qan bahasına!"
İndi gəlin, başqa tərəfdən baxaq məsələyə. Qərb və Türkiyə arzulanan dəstəyi işin başından təşkil etsəydi, Ukrayna xalqı bütün baş verənlərə kifayət qədər arxayın, loyal münasibət sərgiləyəcək, bununla da Qərbin də, Ukrayna cəmiyyətinin də nail olmaq istədikləri hədəflərə nail olmaq mümkün olmayacaqdı, çünki indi də görürük ki, Ukraynanın bütün ərazilərində Kremlə satqınlıq edən minlərlə diversant qrupları, xainlər var. Ukraynalılar üç gündür, onları tutub, zərərsizləşdirib qurtara bilmirlər.
Qərb Ukrayna xalqının hamılıqla, razı qalanından narazı qalanına qədər seçilmiş Prezident Vlodimir Zelenskinin ətrafında bir yumruq kimi birləşməsi çarəsizliyini, zərurətini yaratdı həm də. Elə bir situasiya ortaya çıxdı ki, ukraynalılar bir xalq olaraq olum-qalım dilemması qarşısında seçim etməli oldular.
Əbəs deyil ki, dünən Zelenski ilə telefon əlaqəsi quran ABŞ Prezidenti Co Baydenin ilk cümləsi məhz savaş meydanında öz Vətənləri, bəşəri dəyərlər uğrunda fədakarlıq və qəhrəmanlıq göstərən Ukrayna xalqını övməklə, tərifləməklə başlayıb. Bayden həm də əlavə edib ki, Putin Rusiyası beynəlxalq hüququ tapdalayıb planetimizə təhdid yaratmağa davam edərkən, hər kəs görür ki, biz dialoqun, diplomatik təşəbbüslərin tərəfdarıyıq, hüquqa, demokratiyaya sadiqiq.
Bəli, məhz Xalqlar imperializmə, diktaturaya, avtoritarizmə qarşı özləri meydandan olanda, məğlubedilməz olurlar! Kimsə məni qınamasın, birləşmiş Qərb əvvəldən də Ukraynanın yanında olub. Sadəcə bütün dünya, xüsusilə ABŞ hər kəsə aydın etmiş oldu ki, fundamental azadlıqlar, bəşəri dəyərlər, demokratiya, ölkənin ərazi bütövlüyu, suverenliyi uğrunda xalqlar real planda dirəniş göstərməyə başladıqları andan etibarən, mütərəqqi Dünya onlara arzuladıqları dəstəyi gecikdirmi. Bu gün şahidi olduqlarımız da bunu sübut edir.
Bütün baş verənlərin fonunda bir də Prezident Vlodimir Zelenski faktoru var: adam haqqında deyilən bütün lağlağı, yumorik epitetləri ortaya qoyduğu strateji ağıl, dövlətçilik təfəkkürü, birləşdirici xüsusiyyətə malik olma, təmkin, soyuqqanlılıq, cəsarət, mərdlik, vətənsevərlik, xalqa məhəbbəti ilə darmadağın etdi. Adam peşə etibarilə yumorist aktyordur, ancaq bəzilərindən fərqli olaraq ARTİSTLİK etmədi, gerçək bir LİDER kimi adını dünya siyasət tarixinə qızıl hərflərlə yazdırdı. Ən son açıqlaması isə şahanə idi: Zelenski ABŞ hökumətinin onu başqa bir ölkəyə evakuasiya etmək təklifini rədd edərək elə belə də cavab verib: "MÜBARİZƏ BURADADIR!"
Rəşad Bakuvi
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini