Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasına hazırda infrastrukturun bərpa olunduğu Qarabağda işləmək imkanlarını nəzərdən keçirməyi təklif edib. O, infrastrukturun və magistral yolların bərpası ilə bağlı intensiv işlər görülməsinə diqqət çəkərək, bu perspektivli əraziyə daha yaxından nəzər salmağı istəyib. Maraqlıdır, görəsən, Rusiya tərəfdən bu məsələnin birdən-birə qaldırılması hansı zərurətdən yaranıb?
Mövzu ilə bağlı konkret.az-a açıqlamasında Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli xatırladıb ki, “2020-ci ilin noyabrında və 2021-ci ilin yanvar ayında Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağdakı bütün nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün üçtərəfli mexanizm barədə razılığa gəliblər. Və bu il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının Moskva görüşündə üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu yaradılıb. Lakin aylar keçməsinə baxmayaraq, qarşı tərəfdən bununla bağlı heç bir addım atılmayıb”.
A.Əsədlinin fikrincə, Rusiya tərəfdən bu məsələnin birdən-birə qaldırılmasına əslində bir neçə məqamdan yanaşmaq olar: “İlkin ehtimalım Rusiyanın ləkələnmiş sülhməramlı mövqeyini bərpa etməsi təşəbbüsüdür. Öncəki müsahibələrimdə də vurğuladığım kimi, Paşinyanın yenidən hakimiyyətə gəlməsi, Putinin bəzi rusiyayönlü kadrların hökumətdə yer alması ilə bağlı sifarişinin yerinə yetirilməməsi, Co Baydenin Ermənistanın baş nazirinə təbrik məktubunda “Vaşinqton 2020-ci ildə Dağlıq Qarabağ konflikti üzündən təhlükəsizlik sferasında Ermənistana yaranan mürəkkəb təhdidləri başa düşür” fikrini ifadə etməsi kontekstində deyə bilərik ki, Rusiya artıq məsələlərin Azərbaycanın xeyrinə həll olunmasından yanadır. Həmçinin, ötən gün İlham Əliyevin CNN türk kanalına müsahibəsi zamanı Moskvanı üçtərəfli bəyanatın müddəalarının icra olunmamasında günahlandırması və ondan öncə Azərbaycan XİN tərəfindən Rusiyaya nota verilməsi Lavrovu belə bir təkliflə çıxış etməyə vadar edib.
Digər tərəfdən, kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin açılması Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaq. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün Moskva Tbilisi ilə arasındakı siyasi problem üzündən, Ermənistana yük daşımalarında quru yoldan istifadə edə bilmir – yol Gürcüstan ərazisindən keçir. Bu baxımdan ola bilsin ki, Rusiya artıq ona qarşı qoyulan sanksiyalara tab gətirə bilmədiyi üçün bu addımı atmağa qərar verib”.
AY Partiya Başqanı qeyd edib ki, məsələdə Çinin Rusiyaya təzyiq imkanları da müzakirə oluna bilər: “Çinin Egey dənizindən Sakit okeanadək Avrasiyanı birləşdirən, Əfqanıstan və Pakistandan da keçəcək “Bir kəmər, bir yol” layihəsi Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi ilə kölgə altına düşə bilər. Bu baxımdan Çinin layihənin icrasına təkan verməsi üçün Rusiyaya təzyiq etməsi amili ehtimal oluna bilər”.
“Digər ehtimalım Rusiyanın sırf rus qoşunlarının yerləşdiyi ərazilərdən – Xankəndi, Xocavənd, Xocalıdan Ermənistana dağılmış infrastrukturun və kommunikasiya xətlərinin bərpası ilə bağlı da müraciət etmiş ola bilməsidir”, – deyən A.Əsədli bu ehtimalı gücləndirən faktor kimi təklifi irəli sürən Rusiyanın diplomatiya rəhbəri Lavrovun nazir olduğu müddətdə daim ermənipərəst mövqe nümayiş etdirməsi, “Kələntəryan” soyadına xidmət etməsini diqqətə çatdırıb və son olaraq əminliklə bildirib ki, “Lavrovun niyyətindən asılı olmayaraq, istənilən halda nəqliyyat-kommunikasiya xətləri bərpa ediləcək. İ.Əliyevin də dediyi kimi, Ermənistan razı olsa da, olmasa da bu baş tutacaq.