Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatda qeyd edilən razılaşmaların bu günlərdə pozulduğu müşahidə edilir.
Qazet.az xatırladır ki, bəyanatın ilk bəndində 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasının elan olunduğu, bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikasının hazırda tutduqları mövqelərdə qalacaqları qeyd olunub.
Lakin bir müddət sonra elə ilk bəndin pozulduğunun şahidi oluruq. Əvvəlcə bu müddəanın tələblərini yalnız Ermənistan tərəfi pozurdusa, artıq Rusiya sülhməramlı fəaliyyəti adı altında fəaliyyətsizliyi ilə ərazidə baş verən proseslərə nəinki göz yumur, hətta erməniləri necə lazımdır, himayə edir.
Digər tərəfdən, dost libasına bürünən, Azərbaycanı özünə qardaş hesab edən, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran faktoru.
Hər zaman Ermənistana qanunsuz olaraq silah-sursat daşıyan və bunu mütəmadi olaraq inkar edən İrana bu dəfə Azərbaycan tərəfi xəbərdarlıq notası verdi.
Bu dəfə baş verənləri inkar etmək mümkün olmadı. Faktlar qarşısında susmağı üstün tutan İran bundan sonra Azərbaycanla hansı səviyyədə əlaqələr quracaq? Və ya buna üzü olacaqmı?
Qafqazda yaranan yeni reallıq bir çoxlarına sərf etmir. Bu, məlum məsələdir. Halbuki regiondakı yeni reallıq sülhə, inkişafa, rifaha yönəlib axı! Görünən odur ki, kimlərsə sülh istəmir, bu, onların reallığına uyğun gəlmir.
Yeni reallıqla barışmayan qonşularımız aranı qatmaq üçün hər yola əl atırlar. Bunlar aysberqin görünən tərəfidir. Təbii ki, görünməyən tərəflərdə çirkin əməllərin törədilməsi də istisna edilmir.
“QARDAŞ” İRANIN İKİÜZLÜ SİYASƏTİ
Azərbaycan Yüksəliş (AY) Partiyasının sədri, siyasətçi, politoloq Anar Əsədli Qazet.az-a açıqlamasında bildirib ki, İran Rusiyanın diqtəsi ilə hərəkət edir.
Siyasətçinin dedikləri baş verən proseslərdə də əksini tapır.
“Bundan öncə İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsi ilə bağlı məlumatlar yayılmışdı. Bu günlərdə isə İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlarla bağlı qarşı tərəfə nota təqdim olunub. Lakin bu, İranla bağlı ilk hal deyil. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərində verdiyi açıqlamada Rusiyanın Qazaxıstan, Türkmənistan və İran səması üzərindən Ermənistana hərbi yük daşıdığını bəyan etmişdi. Bu, Tehrana ciddi mesaj idi. Bundan sonra İran üzərindən Ermənistana hərbi yük daşınması ilə əlaqədar xəbərlər yayılmadı".
"İran rəsmiləri Azərbaycan Ordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladılar. Daha sonra başda İranın keçmiş prezidenti Həsən Ruhani olmaqla İranın Azərbaycandakı səfirinə qədər qonşu ölkənin rəsmiləri verdikləri açıqlamalarda İlham Əliyevi Qarabağda qələbə münasibətilə təbrik etdilər”, - deyə A.Əsədli əlavə edib.
Bu təbrik qınaq obyekti olmamağa yönəlib. İran hər zaman Azərbaycanın inkişafına, suverenliyinə dildə sevinsə də, əməlində bunun əksini göstərib. Milyonlarla azərbaycanlının yaşadığı indiki İranın bu addımı isə onların “pəncərələrindən” baxıldıqda başa düşülən hesab edilə bilər.
Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlərsə, Rusiya münaqişənin həll olunmasında vasitəçilik missiyasını üzərinə götürübsə, biz Tehranın və Moskvanın buna uyğun siyasət yürütmələrini gözləməkdə haqlıyıq.
“İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir. Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir, şimal-cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır. Tehran bu əməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir.
Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsinin Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılanması, Azərbaycan Ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından rəğbətlə izlənilməsi İranın bizə qarşı apardığı təbliğatının çöküşü idi. Lakin İran Azərbaycanın bütün hallarda ona qarşı dost mövqeyi göstərdiyini, Zəngəzur dəhlizinin açılmasının İranla Azərbaycan arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsinə səbəb olacağını bəyan etdiyini unutmamalıdır”, - A.Əsədli əlavə edib.
Rusiyanın çoxbucaqlı oyunu
Partiya sədrinə görə, yük daşınması ilə bağlı sonuncu məsələdə isə İranın Rusiyanın diktəsi ilə hərəkət etdiyi aydındır: "Rusiya bölgədə hər vəchlə sülh meyillərini aradan qaldırmağa çalışır. Rusiyalı hərbçilər İran vasitəsilə Ermənistana daşınır. Kreml bütün gücü ilə sülh prosesini pozmağa çalışır.
Ermənistandakı 102-ci bazadan bütün imkanlar tükənib. Gürcüstanla hava sərhədləri bağlı olduğu üçün Rusiya məcbur İran ərazisindən istifadə edir. Ötən müsahibələrimdə də qeyd etdiyim kimi, burada Rusiyanın məqsədi Ermənistanı dəstəkləmək deyil. Paşinyan Rusiyadan gözlədiyi dəstəyi əldə etməyincə açıq şəkildə Qərbin dəstəyini almağa çalışır və rus sülhməramlıların bölgədəki rolunu kölgə altına salmaq istəyir".
Anar Əsədli də hesab edir ki, bu plan Rusiyanın müəyyən mənada maraqlarına uyğundur. Çünki bölgədə sabitliyin olması, tərəflər arasında sülh müqaviləsinin imzalanması sülhməramlı qüvvələrə ehtiyacı aradan qaldırır. Rusiya təxribatların davam etməsindən həm də Ermənistanın Qərbə üz tutduğuna görə faydalanmağa çalışır.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov baş verənləri Qazet.az-a şərh edərkən bildirib ki, həm İran, həm də Rusiya təcili olaraq Azərbaycanın bəyanatlarına cavab verməlidir.
“Deyəsən onlar unudurlar ki, Xankəndi Azərbaycan torpağıdır. Bir ölkənin suveren torpağında seperatçılara himayədarlıq etmək yolverilməzdir. Azərbaycan Prezidenti də, Azərbaycan dövləti də bir neçə dəfə sülhməramlılardan narazılığa eyham vurmuşdu. Bu dəfə isə açıq şəkildə cavab verildi. Müdafiə Nazirliyi Rusiya ilə bağlı bəyanat yaydı. İranla bağlı isə buradakı səfir Xarici İşlər Nazirliyinə çağırıldı və İrana nota verildi".
"Bu o deməkdir ki, İran və Rusiya Qarabağın dondurulmuş vəziyyətdə qalmasını istəyirlər. Ərazidə Azərbaycan bayrağının dalğalanmaması üçün əllərindən gələni edirlər. Əslində bu, gözlənilən idi. Onlar 30 il ərzində də seperatçıları himayə edirdilər. Bölgədə yeni müharibə qaçılmaz olacaq. Yaxın aylar ərzində hərbi əməliyyatlar gözlənilmir. Erməni seperatçılarının Azərbaycan torpaqlarında yeni postlar qurması, silahlanması onu deməyə əsas verir ki, bu, gec ya tez vəziyyəti gərginləşdirəcək faktor olacaqdır. Biz uyğun vaxtda adekvat cavab verəcəyik. Lakin bu vaxtı elə düşmənlər bilməsə, yaxşı olar”.
- Zaur Məmmədov (politoloq)
Belə davam edəcəyi təqdirdə müharibənin qaçılmaz olacağını Rusiya da çox yaxşı anlayır. Baş verən proseslərə digər baxış bucağı isə Kremlin Yerevana mesajı ilə bağlıdır.
Kreml mesaj verir ki, sərhəd xəttində topladığım qoşunlar əks fəaliyyətə də keçə bilər. Həm də Rusiya yaxşı başa düşür ki, Azərbaycan tərəfi suverenliyini təmin etməkdə iddialıdır və ərazisindən heç bir şəkildə güzəştə getməyi düşünmür. Təxribatlar isə davam etdikcə Azərbaycan Ordusunun antiterror əməliyyatı icra etmə ehtimalı artmış olur. Həm Rusiyaya, həm də İrana verilən notaların məzmunu Azərbaycan tərəfinin sülhməramlıların üzərinə götürüb yerinə yetirə bilmədiyi missiyasını tezliklə güc yolu ilə icra edəcəyinə işarədir.
Qafqazda “qurdun səsi”
Kimin kimə mesaj verməsindən, hansı oyunların qurulmasından asılı olmayaraq proseslərin Azərbaycan torpaqlarında baş verməsi faktı mövcuddur. İrana nota verilməsi, Rusiyaya ciddi xəbərdarlıq edilməsi Qafqazda “qurdun səsi”nin mövcudluğu deməkdir. Qurdun səsi Türkün səsidir.
Azərbaycan Respublikasının Ali Baş Komandanı və rəşadətli Azərbaycan Ordusu heç vaxt icazə verməyəcək ki, müxtəlif ölkələrin bir-birilərinə çirkin mesajları beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqları üzərindən aparılsın.
Paytaxt Bakıda və regionlarımızda yeni-yeni parkların salınması üçün ərazilər mövcuddur. Bu ərazilərdə qeyd etdiyimiz ölkələrin hərbi texnikalarının nümayişi üçün isə kifayət qədər yer var. Mümkün müharibələr sadəcə bu parkların maddi-texniki bazasını gücləndirəcək.