Müxalifət dövlətin strateji sütunudur və hakimiyyət bu strateji sütunu laxlatmamalıdır
Müsahibimiz AY Partiya başqanı Anar Əsədlidir. 3000-ə yaxın üzvü olan AY Partiya yarandığı bir il ərzində fəallığı ilə diqqət çəkir. Yaşı az olsa da, iddiaları və hədəfləri böyükdür.
- Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) istədiyiniz formada fəaliyyət göstərə bilirmi?
- Azərbaycan Yüksəliş Partiyası bu yaxınlarda dövlət qeydiyyatına alınsa da, siyasi varlığını elan olunduğu ilk gündən sübut etmişdi. Ölkədə və regionda baş verən ictimai-siyasi proseslərlə bağlı partiyanın mövqeyi az qala hər gün ictimaiyyətə çatdırıldı. Ən müxtəlif siyasi, mədəni və humanitar tədbirlər həyata keçirildi. AY Partiyanın təşəbbüsü ilə cəmiyyətin çeşidli təbəqələri, o cümlədən siyasi partiya rəhbərləri, tanınmış aydınlarla görüşlər diqqət mərkəzində oldu və s. Partiya bu gün də fəallığı ilə siyasi spektrda seçilir və qısa müddət ərzində intellektual siyasi düşüncə tərzi, ciddi ictimai fəaliyyəti ilə böyük rəğbət qazanıb. AY Partiya bacardığını etməyi, özü də yüksək səviyyədə etməyi bacaran siyasi təşkilatdır.
- Bəzi müxalifət partiyaları müəyyən azadlıqların olmamasından gileylidir. Bu anlamda AY Partiya hansısa məhdudiyyətlərlə üzləşib?
- Təbii ki, müəyyən azadlıqların olmaması ilə bağlı səslənən fikirlər doğrudur. Azərbaycan cəmiyyətində demokratiyanın bərqərar olması birbaşa iqtidarın fəaliyyəti ilə əlaqəli olan bir məsələdir. Çünki demokratik dəyərlərin bərqərar olması, istənilən cəmiyyətin yaşam tərzinin ilkin göstəricisi, insan hüquq və azadlıqlarına verilən qiymət hesab olunur. AY Partiyanın fəaliyyət istiqamətlərinin içərisində demokratiyanın inkişaf etdirilməsi də önəmli yer tutur. Biz hələ ki, hər hansı bir məhdudiyyətlə qarşılaşmamışıq.
- Ölkədəki siyasi partiyaların fəaliyyətini necə qiymətləndirərdiniz?
- Hakim partiyadan başqa, digər siyasi institutların fəaliyyətini, müxalifət partiyalarını təftiş etmək bir yeni və müxalif siyasi partiyanın işi deyil. Bu, heç siyasi etikaya da uyğun deyil. Bu, xalqın işidir. Ancaq bunu açıq deməliyik ki, müxalif siyasi partiyaların fəaliyyətindən tam razı olsaydıq, yeni müxalifət partiyası yaratmazdıq. Ölkədə həm müxalifətyönlü, həm də iqtidaryönlü kifayət qədər sağ mərkəzçi partiya fəaliyyət göstərir. Lakin etiraf edək ki, həm ideoloji cəhətdən müəyyən boşluqlar, həm də yeni yetişən və sorğulama mədəniyyəti formalaşan gəncliyin sualları qarşısında bir yetərsiz siyasi duruş var. Bu baxımdan, AY Partiya həm də yeni siyasi nəslin sosial sifarişi idi.
- Özünüzə rəqib kimi hansı partiyanı görürsünüz?
- Siyasi rəqabət situasiyaya görə dəyişir. Əlbəttə, bir müxalifət partiyası olaraq, ilk növbədə, rəqibimiz Yeni Azərbaycan Partiyasıdır. Yəni AY Partiya olaraq hakimiyyətə gəlmək niyyətindəyik. Bu prizmadan hakimiyyətdəki partiya rəqibimizdir. Lakin biz ümumi müstəvidən yanaşsaq, istənilən müxalifət partiyası gələcək seçkilərdə potensial rəqibimizdir
- AY Partiyanın hədəfləri barədə bilmək istərdik.
- Azərbaycan Yüksəliş Partiyası yeni yaranan bir partiya olaraq, çağdaş siyasi texnologiyaların siyasi proseslərə transferinin tərəfdarıdır. Başlıca məqsədlərindən biri ötən əsrin 90-cı illərində yaşanan gərgin ictimai-siyasi hadisələrin və ağır sosial-iqtisadi vəziyyətin təsiri nəticəsində siyasətdən uzaq dayanan kəsimi siyasi proseslərə cəlb etmək, onların milli mənafeni özündə əks etdirən mövqeni seçməsini təmin etməkdən ibarətdir. Ölkədə və regionda, eləcə də dünyada baş verən hadisələrin mahiyyətini geniş xalq kütlələrinə hərtərəfli və tarixin dinamikası baxımından izah edib çatdırmaq, dərin elmi və intellektual dünyagörüşü təlqin etmək də gündəlik görülən işlər sırasındadır.
AY Partiya gücünə, üzvlərinin strateji zəkasına və siyasi təcrübəsinə güvənərək öz hədəf və məqsədlərini aydın təsəvvür edir. Azərbaycan hakimiyyəti mütləq və mütləq islahatlara getməlidir. Və bu islahatlar dövlətin və cəmiyyətin bütün həyati və idari spektrini əhatə etməlidir - siyasi, iqtisadi, sosial, mədəniyyət, bir sözlə, hər bir sahə tədricən və düşünülmüş, elmi əsaslara, eyni zamanda, tarixi təcrübəyə əsaslanan konsepsiya üzrə inkişaf etdirilməlidir. Ki, məmləkətimiz layiq olduğu demokratik, azad və güclü bir dövlətdə yaşadığının fərqində olsun və bununla qürur duysun. AY Partiya bu böyük prosesdə hakimiyyətə iddialı, çevik və modern bir siyasi təşkilat olaraq öz tarixi missiyasını gözəl anlayır və bu mənada öz töhfəsini verməyə hazırdır.
- Bu gün ölkədə müxalifətin fəaliyyət forması sizi məmnun edir? Çox vaxt müxalifət hakimiyyəti ona qadağalar qoymaqda ittiham edir.
- Arxasında müəyyən qədər güc və tərəfdaşı olan istənilən partiyaya şərait yaradılmalıdır ki, siyasi fəaliyyətdə təqibə və təzyiqə məruz qalıb, kənar təsirlərə meyillənilməsin. Dəfələrlə demişik ki, müxalifət dövlətin strateji sütunudur və hakimiyyət bu strateji sütunu laxlatmamalıdır.
Dövlətdən maliyyə ayrılması vacib olan bu məsələlər büdcə ilə tənzimlənməli və şəffaf olmalıdır. Bizdə indiyə qədər, daha dəqiq desək, son 1 ilə qədər tək partiya dövlət qayğısı görüb, o da məlumdur. Bu isə müxalif siyasi fəaliyyəti istər-istəməz qaranlıq yollara sövq edir. Açıq etiraf edək ki, maliyyə vəsaiti olmadan siyasi fəaliyyət mümkün deyil.
- Yalnız hakim partiya qayğı görüb demək düz olmazdı. Milli Məclisdə təmsil olunan 9 siyasi partiyaya dövlət maliyyə ayırır.
- Ölkədə demokratiyanın inkişafı, fikir azadlığının təmin olunması üçün təkcə parlamentdə təmsil olunan yox, ümumiyyətlə, qeydiyyatdan keçmiş bütün siyasi partiyalara dövlət maliyyə dəstəyi ayrılmalıdır. Deməli, dövlət partiyaları qərargah və maliyyə dəstəyi ilə təmin etməlidir. Bu, çox vacib məqamdır. Son bir ildə isə müəyyən açılımlar var və bu təqdir olunmalıdır. İstər partiyaların qeydiyyata alınması, istər ofislə təmin edilməsi və digər məsələlər müsbət məcradadır. Bütün bu məsələlər həllini tapandan və ölkənin siyasi həyatındakı mühüm məsələlərdə müxalifət partiyalarının iştirakını təmin edəndən sonra isə müxalifətin fəaliyyətini təftiş etmək olar. Eləcə də proporsional seçki sistemi bərpa olunmalıdır ki, partiyaların cəmiyyətdəki gücü və yeri müəyyənləşsin. Bu, bir prinsipial məsələdir. Mojaritar sistem isə təkbaşına demokratik seçki institutunun və siyasi institutların formalaşmasında gözlənilən nəticələri vermir. Ölkədəki bütün siyasi baxışların parlamentdə təmsil olunması labüddür və həyati əhəmiyyətlidir.
- 44 günlük müharibə zamanı bütün partiyalar ümumi razılığa gəldilər və bir hədəf uğrunda aralarında “barış paktı” imzalandı. Sizcə siyasi partiyalar başqa hansı məsələlərdə bu şəkildə birləşməlidirlər? Müharibədən sonra Ermənistanla münasibətlərdə atılan siyasi addımlar sizi qane etdi?
- 44 günlük savaş milli iradənin tələbi idi və müxalif partiyaların və ya fərqli düşünən insanların birləşməsi milli zərurət idi. Bu, Ali Baş Komandana verilən dəstək idi. Lakin bu prosesi adladıq. İndi sülh şəraiti yaranıb və bu gün birləşmənin və dəstək ifadə etmənin müxtəlif formaları ortaya çıxa bilər. Cəmiyyəti ancaq müxtəlif fikirlilik inkişafa apara bilər, lakin siyasi rəqabət siyasi etika çərçivəsində olmalıdır. Partiyamız bu baxımdan müəyyən addımlar atır. O ki qaldı, Xankəndi və bir sıra yerlərdə rusların sülhməramlı adı ilə yerləşməsinə, bu problemi dəfələrlə müzakirə etmişik. Rusiya sülhməramlıları buradan tez və ya gec çıxacaq. Saatın əqrəbi bizim xeyrimizə işləyir.
Ermənistanla münasibətə gəldikdə isə, illər öncə bu fikri səsləndirmişdim ki, Sülhə gedən yol Qələbədən keçir. Qarabağı geri alaq, sonrası onsuz da sülhə aparacaq. Cənubi Qafqazın gələcək inkişafı, əminamanlığı Azərbaycanla Ermənistanın böyük sülh müqaviləsindən keçir.
Bəli, biz qonşuyuq, qonşu ölkələr arasında münaqişələr yaşana bilər. Ancaq münaqişə sonlanmalıdır. Tarixə də baxsaq, görərik ki, hər zaman qonşuların savaşı və barışı olub.
- Yada salmaq istərdim ki, 44 günlük müharibədən öncə də iqtidar dəfələrlə dialoq çağırışları etmiş, müəyyən dialoq mümkün olmuşdu.
- Bəli, gündəmə gətirilirdi, amma nəticə yox idi. Son zamanlar bu proses daha da sürətləndirilib. Ümid edək ki, bu sürətlənmə sadəcə texniki məsələləri əhatə etməyəcək. Siyasi partiyalar hansısa ictimai yüklü müzakirələr aparılırsa, ora dəvət almalı, iştirak etməlidirlər. Bütün bunlar onların potensialını üzə çıxarmağa kömək edəcək. Adı partiya olaraq var, ofisi var, sadəcə oturublar. Bu, partiya deyil. Siyasi partiyaların fəaliyyəti nəzərə çarpmalıdır, təkliflərlə çıxış etməli, cəmiyyətin həyatında rol oynamalıdırlar. 50-100 partiya da yarana bilər. Bu partiyaların reytinqi məhz seçkilər zamanı üzə çıxır. O potensial üzə çıxınca dövlət bu reytinqə görə dəyərləndirmə aparmalıdır. Partiya var yazır ki, 60000 üzvü var. Amma bu yalançı statistikadır, bu üzvlər sadəcə sənəd üzərində var.
- Bu gün bir siyasi partiya rəhbəri olaraq, idarəetmədə nədən məmnunsunuz və nədən məmnun deyilsiniz?
- Əlbəttə, biz razı olsaydıq, yeni bir siyasi qurumun yaranmasına nə ehtiyac vardı?! Narazıyıq ki, yeni müxalifət partiyasını təsis etmişik. Ölkədəki idarəetmə sistemindən danışarkən bir deyim yada düşür: “İş varsa, qüsur da var”. Yəni 30 yaşı olan gənc bir dövlət var və cümhuriyyətin bərpasından bu günə qədər bir tərəfdən qanlı münaqişəyə sürüklənməyimiz, digər tərəfdən, ənənəsi olmayan siyasi münasibətlər sisteminin sıfırdan qurulması, təbii ki, qüsursuz mümkün deyil. Lakin məsələ bu mövcud qüsurların islah edilməsi yollarından gedirsə, vəziyyət fərqli dəyərləndirilməlidir. Məsələn, uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları rüşvətin qarşısını ala bilmir. Əksər icra başçıları həbs olunmuş həmkarının taleyindən nəticə çıxarmır. Bu, sadəcə cəzadır, amma mübarizə üsulu deyil.
Ancaq Asan Xidmət və DOST Mərkəzi yuxarıda adıçəkilən neqativ hallarla ən yaxşı mübarizə üsuludur. Vətəndaş məmurla təmas etmədən problemini çözür. Bu günlərdə rayon təhsil şöbələrinin ləğvi də bu tipli mütərəqqi addımlardandır. Düşünürəm ki, icra hakimiyyəti səlahiyyətlərinin azaldılması, məhdudlaşdırılması, bələdiyyələrin statuslarının artırılıb daha işlək vəziyyətə gətirilməsi məmur özbaşınalığı və s. neqativ hallarla ən gözəl mübarizə üsullarından ola bilər. Yeni çevik idarəedici və icraedici mexanizm və orqanların yaranması ilə çox problem aradan qalxa bilər. Gəlin, açıq etiraf edək ki, ölkə vətəndaşının həyat səviyyəsi paytaxt və rayonlarda ciddi şəkildə fərqlənir. Regionlarda iş yerlərinin az olması insan axınını paytaxta yönəldir ki, bu da kəndlərin boşaldılması kimi xoşagəlməz nəticələrə aparır. Regionlara diqqət gücləndirilməlidir. Biz partiya olaraq iqtisadi proqramımızda bunları nəzərə almışıq.
İlhamə Rəsulova
“Yeni Azərbaycan” qəzeti
https://yeniazerbaycan.com/Musahibe_e64400_az.html