Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi və silahdaşı, Azərbaycan Milli Mərkəzinin rəhbəri Məhəmməd Kəngərlinin anım günüdür.
1914-cü ildə Şuşada anadan olan Məhəmməd Kəngərli hələ 14 yaşında ikən Müsavat Partiyasının Gənc Azər təşkilatına üzv yazılıb, sovet işğalına məruz qalmış Azərbaycanın müstəqilliyi uğrunda gizli fəaliyyət göstərib. SSRİ-Finlandiya müharibəsində, II Dünya savaşında iştirak edib. Krımda yaralı halda almanlara əsir düşüb, Berlində müalicə aldıqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub.
1946-cı ildə Rəsulzadənin göstərişi ilə yaradılan, əsas hədəflərindən biri əsir düşmüş azərbaycanlıların SSRİ-ə qayıtmalarının qarşısını almaq olan Azərbaycan Demokrat Birliyinə rəhbərlik edib.
Məhəmməd Kəngərli 1952-ci ildə Türkiyəyə gələrək, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində fəaliyyət göstərib. İki il Azərbaycan Kültür Dərnəyinə rəhbərlik etdikdən sonra Türkiyənin Sağlıq və Sosial Yardım Nazirliyinin Xəstəxanalarında baş həkim, sağlıq müdiri, Türkiyənin Bonndakı səfirliyində müşavir olub, 1963-cü ildə Kipr hadisələri zamanı oraya gedərək, Qızıl Aypara xəstəxanasını qurub.
Sonradan Türkiyədə Anıtlar Dərnəyinin rəhbəri olub, Ankarada nəşr edilən "Azərbaycan" jurnalında milli mübarizə ilə bağlı çoxlu sayda məqaləsi dərc edilib.
O, 2006-cı il avqustun 17-də Ankarada dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası Məhəmmər Kəngərlini böyük ehtiram və sayğı ilə yad edir.