Bu gün Azərbaycan İstiqlalının bayraqdarı olan Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rəis Rəsulzadənin 75 yaşı tamam olur.
1946-cı ildə sürgündə - uzaq Qazaxıstanda dünyaya göz açan Rəis Rəsulzadənin taleyi və ömür yolu ağrı-acılardan, böyük əziyyətlərdən keçib. Mənsub olduğu böyük bir nəslin digər təmsilçiləri kimi R. Rəsulzadə də həyatın bütün çətinliklərinə mərdliklə sinə gərib və bu gün Azərbaycan cəmiyyəti onu ləyaqətli insan, qürurlu şəxsiyyət və görkəmli rəssam kimi tanıyır.
Respublikanın əməkdar rəssamı olan Rəis Rəsulzadənin yaratdığı əsərlər dünyanın bir çox sərgilərində nümayiş olunub. Uzun illərdir Azərbaycan Dövlət Pedaqoji Universitetində rəssamlıq sənətindən dərs keçir. Rəis Rəsulzadə öz sadəliyi, səmimiyyəti, dürüstlüyü ilə hər kəsin böyük rəğbətini qazanmış bir ziyalıdır.
Azərbaycan Yüksəliş Partiyası tanınmış və gözəl rəssam, parlaq şəxsiyyət olan Rəis Rəsulzadəni 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sağlam ömür və yaradıcılıq uğurları arzulayır.